Əgər Bəşər Əsəd qəbiristanlıqda... - Ceyms Ceffri

ABŞ Suriya Konstitusiya Komitəsinin formalaşmasının taktiki gediş deyil, strateji qərar olduğuna əmin olmaq üçün Suriya hakimiyyəti və Rusiyanın sonrakı addımlarını gözləyir.

Əgər Bəşər Əsəd qəbiristanlıqda... - Ceyms Ceffri
https://www.peyk.az

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib.

“Konstitusiya Komitəsinin formalaşması ilk addımdır. Biz bu addımı çox müsbət qiymətləndirəcəyik, amma sonrakı addımları görmək lazımdır. Biz anlamalıyıq ki, bu, taktiki gedişdir, yoxsa strateji qərar?” – Ceffri brifinqdə deyib.

Onun sözlərinə görə, hərbi qələbəyə nail olmaq cəhdləri və siyasi proses bir-birini inkar edir.

“Suriyanın 40 faizi, əhalinin isə yarısı hakimiyyətin kontrolunda deyil. Strateji baxımdan ölkə tam bir fəlakətdir. Əgər Bəşər Əsəd qəbiristanlıqda bir yığın zibil üstündə oturmaq niyyətindədirsə, on yəqin ki, bu barədə heç nə edə bilmərik. Ancaq ona normal bir ölkə lazımdırsa, partnyorları normal ölkəyə oxşar bir şey istəyirlərsə, onlar siyasi proses yolu üzrə getməlidir”, - Ceffri bildirib.

Daha əvvəl Suriyanın Xarici İşlər Nazirliyinin başçısı Vəlid Müəllim bildirib ki, Konstitusiya Komitəsinin birinci iclası oktyabrın 30-da Cenevrədə keçiriləcək. Konstitusiya Komitəsi sentyabrın 23-də yaradılıb. Siyahıda 150 nəfər yer alıb. Bunlar hökumət, müxalifət və qeyri-hökumət təşkilatlarının təmsilçilərindən ibarətdir. Siyahıdakıların 20 faizi qadındır.