Əhaliyə ŞAD XƏBƏR: əməkhaqqları və təqaüdlər yenə artırılacaq, qiymətlər.

Əhaliyə ŞAD XƏBƏR: əməkhaqqları və təqaüdlər yenə artırılacaq, qiymətlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mikayıl Cabbarovu İqtisadiyyat naziri kimi qəbul edərkən iqtisadiyyatın inkişafının qarşısında duran məsələləri qabartdı və ölkədə bazar iqtisadiyyatının formalaşması, kölgə iqtisadiyyatı ilə mübarizə, inhisarçılığa son, qeyri-neft sektorunun inkişafı ilə bağlı xüsusi tapşırıqlar verdi.

Bu məsələlərlə bağlı sualları Sosial və İqtisadi İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov AzTV-nin efirində cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

- Kölgə iqtisadiyyatı ilə necə mübarizə aparılmalıdır?

- İslahatlarda məqsəd ondan ibarətdir ki, büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının artmasına nail olmaq mümkün olsun. Qeyri-neft sektorunun payının artırılması kölgə iqtisadiyyatının minimumlaşdırılması ilə birbaşa bağlıdır. Məsələn, kino sənayesinə ayrılan büdcənin həcmində kəskin artımlar var. Bu artım tempinin qorunub saxlanması üçün birmənalı şəkildə büdcə gəlirlərində qeyri-neft sektorunun vergili daxil olmasına ehtiyac var. Bu baxımdan, islahatların və ölkə Prezidentinin tapşırıqlarının məzmunu ondan ibartədir ki, kölgə iqtisadiyyatı minimumlaşdırılsın və büdcəyə daha çox vəsaitin neftdən kənar sektorlardan cəlb edilməsinə imkan verilsin. Nəticə etibarilə, növbəti illərdə də həm sosial, həm digər istiqamətlərdə artım tempini qoruyub saxlamaq mümkün olsun. Bildiyiniz kimi, 2020-ci ilin dövlət büdcəsi artıq Maliyyə Nazirliyi tərəfindən təqdim olunub. Büdcə gəlirlərindən sosial istiqamətə ayrılan vəsaitin həcmi 34 faizə yaxın artacaq. Təhsil, səhiyyə istiqamətlərinə ayrılan vəsaitlərin həcmində də 30 faizdən çox artımlar var. Praktiki olaraq, bu istiqamətlərə ayrılan vəsaitin həcminin artması büdcəyə daxil olan vəsaitin həcminin artması ilə bağlıdır. 2020-ci ildə büdcədən ayrılan vəsaitlərin 38,5 faizi birbaşa sosial istiqamətə yönəldiləcək. Eyni zamanda, qeyd etmək lazımdır ki, büdcə paketində qeyd olunduğu kimi, 2020-ci ildə də əmək haqqı və təqaüdlərin artırılması ilə bağlı qərar qəbul ediləcək. Bu baxımdan, kölgə iqtisadiyyatı minimumlaşdıqca, monopoliya və məmurların iqtisadiyyata müdaxiləsi azaldqıca biz büdcəyə daha çox vəsaitin daxil olması və bu kontekstdən yeni sosial paketlərin təqdim olunmasını müşahidə edəcəyik.

- Azərbaycanda investisiya cəlb etmək üçün münasib şərait var. Burada hansı məqamlara toxunmaq istərdiniz?

- Ölkəyə sərmayənin cəlb edilməsi vacib amildir. Azərbaycana xarici sərmayənin cəlb edilməsi ilə bağlı infrastrukturun formalaşması prosesi tamamlanıb. İnfrastrukturun formalaşması, nəticə etibarilə, yalnız Bakıda deyil, regionlarda da xarici sərmayənin cəlb edilməsi baxımından imkanlar yaradıb. Bu infrastrukturun dəyərə çevrilməsinə ehtiyac var. Son görüşlərdə də əsas danışıqlar ondan ibarətdir ki, infrastruktur dəyərə çevrilsin. Xarici investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətlər genişlənsin. Əslində sual oluna bilər: nə üçün Cənab Prezident tərəfindən xarici investisiyanın cəlb edilməsi prioritet elan olunub? Çünki xarici investisiya özü ilə texnologiya və innovasiya gətirir. Məsələn, neft sektoruna diqqət yetirsək, bu sektorun bu gün Azərbaycanda praktiki olaraq müasir texnologiyanı tətbiq edir. Müasir texnologiyanın tətbiq edilməsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, 1994-cü ildən etibarən BP şirkəti neftə investisiya qoydu, texnologiyanı gətirdi və ötən vaxtda artıq texnoloji vərdişlər yeni şirkətlərə, o cümlədən, dövlət neft şirkətinə transfer olundu. Əgər biz 90-cı illərin ortalarında və ya sonlarında BP tərəfindən aparılan işlərə cəlb edilən, xüsusilə, mühəndislərin 90 faizinin xarici olduğunu qeyd edirdiksə, artıq bu gün azərbaycanlı işçilərinin sayı 95 faizdən çoxdur. Yəni texnologiyanın transferi prosesi investisiyanın cəlb edilməsi baxımından qeyri-neft sektoru üçün əhəmiyyətlidir. Bu sektorda həm investisiya mühitinin yaxşılaşması, həm infrastrukturun inkişaf etdirilməsi ölkə Prezidenti tərəfindən son görüşlərdə və müşavirədə verilən tapşırıqlar və onlara uyğun olaraq aparılan struktur və kadr islahatları qeyri-neft sektoruna, bölgələrə sərmayənin cəlb edilməsi üçün yeni imkanlar yaradır.

- İqtisadi artımın demokqrafik artımı üstələməsi üçün hansı işlər görülür?

- Demoqrafik artırımın qorunub saxlanması vacibdir. Söhbət təbii artımdan gedir. Azərbaycan təbii artıma malik olan ölkələrdən biridir. BMT-nin qiymətləndirməsində də Azərbaycan regionda ən çox təbii artıma malik olan lider ölkələrdən biri kimi təqdim olunub. İqtisadi artım demoqrafik artımdan çox olmalıdır ki, biz iş yerlərinin açılması və insanların işlə təmin olunmasını müşahidə edə bilək. Statistikaya diqqət yetirsək, görərik ki, iqtisadi artım tempi təbii artım tempindən daha çoxdur. Yalnız 2019-cu il deyil, 2020 və növbəti illər üçün olan proqnoz ondan ibarətdir ki, iqtisadi artım tempi 3 faiz ətrafındadır. Bəzi illərdə 4 faizə qədər yüksələcək. Yalnız Azərbaycan hökuməti tərəfindən verilən proqnozla deyil, eyni zamanda, beynəlxalq maliyyə qurumları tərəfindən də növbəti illərdə iqtisadi artım tempinin qorunub saxlanacağı ilə bağlı məlumatlar var. İqtisadi artım tempinin qorunub saxlanması təbii artımın müdafiə olunması və saxlanması baxımından da çox vacibdir. Təbii ki, iqtisadi artım, son müşavirədə qeyd olunduğu kimi, həm də sosial təminat üçün baza formalaşdırır. Dövlət büdcəsinə daha çox vəsait daxil olanda sosial təminata daha çox vəsait artırılmasına imkan yaranır. Yeni sosial paketlərin təqdim olunması imkanı yaranır. İqtisadi artım davam etdikcə, biz büdcəyə daha çox vəsaitin daxil olması və bu kontekstdən növbəti illərdə yeni sosial paketlərin təqdimatını müşahidə edə biləcəyik.

- Dövlət başçısı inhisarçılığın qarşısının alınması ilə bağlı xüsusi tapşırıqlar verdi. İnhisarçılığın qarşısının alınması biznes mühitinin necə təsir edəcək?

- İlham Əliyev xüsusilə, qeyd etdi ki, monopoliyaya qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var. Baxmayaraq ki, monopoliyaya qarşı mübarizə aparılır, lakin bəzi sahələrdə süni qiymət artımlarının olması, qonşu ölkələrlə müqayisədə bəzi ərzaq məhsullarının baha olmasını müşahidə edirik. Dövlət başçısının tapşırığı ondan ibarətdir ki, həm xarici ticarətdə, həm daxili bazarda monopoloya yox, yalnız rəqabət olmalıdır. Azad rəqabət praktiki olaraq qiymətləri müəyyənləşdirməlidir. Bu baxımdan, inhisarçılığa qarşı mübarizə, monpoliyanın aradan qaldırılması bir tərəfdən qiymətlərin optimallaşdırılması və istehlakçılara daha uyğun, daha aşağı qiymətlərin verilməsi imkanı deməkdir. Növbəti mərhələ üçün də əsas hədəflərdən biri ondan ibarətdir ki, qiymətlər optimallaşdırılsın. Bildiyiniz kimi, ət məhsullarının satışına tətbiq edilən əlavə dəyər vergisi növbəti ildən etibarən 4 il müddətinə aradan qaldırılacaq. Bu da ət məhsullarının xərcinin azaldılmasına xidmət edəcək. İl ərzində 18 faiz azalma müşahidə olunacaq. Bu da təbii ki, qiymətlərin optimallaşdırılması və stabillik baxımından çox vacibdir. Həm vergi və digər sektordakı islahatlar, həm də monopoliyanın aradan qaldırılması, həmçinin, iqtisadiyyatın liberallaşması qeyri-neft sektorunun inkişafı baxımından vacibdir. Eyni zamanda, hər birimiz istehlakçıyıq və bizim daha optimal, daha aşağı qiymətlərə məhsul və xidmət almaq baxımından imkanlarımız genişlənəcək.