"Əsrin müqaviləsi": “Equinor” bu layihədə əvvəldən iştirak etdiyi üçün qürur duyur

https://peyk.az

Norveçin “Equinor” şirkəti Azərbaycanda neft-qaz sahəsinin inkişafına töhfə verməkdə davam edəcək.

Bunu Trend-ə şirkətin Azərbaycandakı meneceri Favad Kurayşi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi ilə bağlı “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə deyib.

O bildirib ki, “Equinor” bu layihədə əvvəldən iştirak etdiyi üçün qürur duyur:

“1994-cü ildən bu günədək davam edən kollektiv nailiyyətimiz qeyri-adidir, biz SOCAR və digər tərəfdaşlarımızla birgə Azərbaycana möhkəm sadiqliyimizi göstərmişik”.

F.Kurayşi qeyd edib ki, müqavilənin 2007-ci ildə daha 25 il müddətə uzadılması və bu il “Mərkəzi-Şərqi Azəri” layihəsinin təsdiq olunması Azərbaycanın etimadını və “Azəri-Çıraq-Günəşli”nin “Equinor” və tərəfdaşlar üçün dəyərini göstərir:

“Ötən il biz SOCAR-la “Equinor” arasında 25 illik uğurlu tərəfdaşlıqdan sonra əməkdaşlığın yeni mərhələsinə keçmişik. Biz tərəfdaşlığımızın inkişafını səbirsizliklə gözləyirik və SOCAR-la birgə layihələrimiz vasitəsilə Azərbaycanda neft-qaz sahəsinin inkişafına töhfə verməkdə davam edəcəyik”.