100 milyon tonluq varidat, öldürülən futbolçular, “baxanda dəhşətə gəldim”... – Səbuhi Sədəf yazır – II YAZI

100 milyon tonluq varidat, öldürülən futbolçular, “baxanda dəhşətə gəldim”... – Səbuhi Sədəf yazır – II YAZI
https://www.peyk.az

Ağdərədə yerləşirdi, amma azərbaycanlılar yaşamırdı o kənddə. Tək-tük bəlkə də vardı. Amma indi onu təsdiq edən bircə arxiv sənədi belə yoxdu. Çox aradıq, tapa bilmədik. Çünki həmin kənd işğal altındadır. Nəinki yerli kənd sovetinin arxivi, bütünlükdə kənd yandırılıb.

Biz bunu da araşdırdıq; hazırda tək-tük yaşayan var bu kənddə. Amma qocalardır, heç bir yerə köçməyə imkanı olmayanlar. Həm də Ermənistana lazımdı bu adamlar. Beynəlxalq aləmə özlərini tolerant göstərmək, qrant almaq üçün.

...Hə, 1993-cü il fevralın əvvəllərində Mehmana ermənilər tərəfindən işğal olunur. Kənd yandırılır. Amma maraqlıdır ki, işğalçılar kəndin yunan qəbiristanlığına dəymirlər. Çünki bu, onlara lazım olacaqdı. Və biz bu mövzuya qayıdacağıq.

Mehmananın ərazisi az olsa da, faydalı qazıntılarla zəngin olub. Siz bu rəqəmlərə diqqət edin, heyrət doğurur:

Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun vardı. O yataqlar indi vəhşicəsinə istismar olunur. Bundan başqa, ilkin tədqiqatlara görə, Mehmanada 40,4 milyon ton sink yatağı var. 100 milyon tondan çox mis yatağı isə deyilənə görə, türkiyəli iş adamı Mehmet Abdullaoğluna satılıb. Türk iş adamı 2004-cü ildən Mehmana ərazisindən mis çıxarmaqla məşğuldur. Maraqlıdır ki, ərazidən çıxarılan mis Rusiya Federasiyasındakı, Almaniyadan olan iş adamına satılır. 2005-ci ilin mart ayından iş adamı M. Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb.

Yunanlar və mis yataqları ilə bağlı bir maraqlı fakt. Düzdür, birbaşa Mehmanaya aid deyil, amma bu faktı yəqin ki çox az adam bilir. Alman Siemens qardaşlarının Gədəbəydəki mis mədənlərinin sahibi olmasını çoxunuz bilirsiniz. Amma onu da bilirdinizmi ki, bu mis mədənlərini Siemenslər məhz yunanlardan satın alıblar? Hələ 1848-ci ildə yunan mis mədənçiləri Mexov və Kiryakov Yelizavetpol quberniyasının Gədəbəy nahiyəsində axtarış aparırlar. Nəhayət, mislə zəngin yataqlar tapılır. 1855-ci ildə artıq ilk zavod işə düşür. Bir il ərzində 9 min puddan çox mis istehsal edilir. 1864-cü ildə bu mədənləri Valter, Otto, Karl və Valter Siemens qardaşları alırlar.

***

Mehmana işğal olunandan sonra yunanların əksəriyyəti Azərbaycanı tərk edir. Böyük bir qismi Yunanıstanın Saloniki, Drama, Kazani, Kavalla şəhərlərində məskunlaşır. Amma Bakıda yaşayanları da var. Bunu bizə Azərbaycandakı “Arqo” yunan cəmiyyətinin sədri Səidə Mehdiyeva deyir.

Səidə xanım deyir ki, hazırda onun rəhbəri olduğu cəmiyyətdə 679 nəfər qeydiyyatdadır. Amma bütün Azərbaycan üzrə yunanların, yunan izinin axtarışı bir an da olsa, ara vermir.

“İndi Azərbaycanda təmiz yunan azdır. Amma bununla belə, qan yaddaşımızı itirməmişik. Bu gün həm Bakıda, həm də regionlarda axtarışlar aparırıq. Məsələn, bu yaxınlarda Lerikin kəndlərinin birində yunan əsilli bir qadını tapdıq. Belələrinə tez-tez rast gəlirik. Zaqatalada, Xaçmazda, Gəncədə… Sumqayıtda hətta bir neçə ailə yaşayır. İndi mən deyirəm cəmiyyətimizin 679 üzvü var. Amma bu siyahı da stabil deyil, dəyişir. Çünki öləni olur, yeni gələni olur. Amma bu gün, bəli, bu qədər üzvümüz var”.

Həmsöhbətimiz deyir ki, hazırda “Arqo”da əslən Mehmanadan olan bir neçə üzvləri var. “İndi Mehmanayla bağlı böyük bir iş görürük. Böyük və zəhmət tələb edən işdir, amma altına girmişik, sona yetirəcəyik. Çox möhtəşəm bir fotoalbom hazırlayırıq. Müxtəlif arxivlərdən, mənbələrdən Mehmana, onun sakinləri ilə bağlı fotolar tapmışıq. Bəxtimiz həm də onda gətirib ki, Mehmanadan olan üzvlərimizdən birinin atası həvəskar fotoqraf olub. Onu kənddən çəkdiyi fotolar, müxtəlif yerləri, insanları lentə köçürməsi bizim üçün qızıldan qiymətli sənədlərdir”.

Sənədlərdən danışmışkən, Səidə xanımla bir qədər geriyə qayıdırıq. Dünənki yazımızdakı bəzi məqamlara nəzər salırıq. Məsələn, 1937-ci ildə güllələnən Panfiliya Tanailidi barədə danışırıq. Səidə xanım deyir ki, onunla bağlı Akademik Milli Teatrın arxivinə müraciət ediblər. Noyabrda böyük bir tədbir keçirəcəklər.

“Ona “Azərbaycanın Ranevskayası” deyirdilər. Möhtəşəm aktrisa idi. Siz yazıda yunanların Bakıda fəaliyyət göstərən “Embros” futbol klubundan bəhs etmisiniz. Bəs bilirdinizmi, bu klubun əksər oyunçuları güllələnib? Hə, Azərbaycan yunanları yerli xalq kimi Stalin repressiyasının dəhşətli zülmünə məruz qalıblar. O vaxt Bakıdakı yunan kilsəsinin keşişinin iki oğlu bu klubda oynayırdı. Bir gecənin içində hər üçünü məhkəməsiz güllələmişdilər. 4 illik yunan məktəbi vardı, onun direktorunu da eləcə. Azərbaycanda, xüsusən də Bakıda yunan izlərinə çox rast gəlmək olar. Məsələn, birini deyim. Dənizkənarı parkdan İçərişəhərə girişdə, sol tərəfdə Bakı milyonçularına məxsus bina var. Yunanlar 20-ci əsrin əvvəllərində orda “Germes” adlı kinoteatr açmışdılar. Və ya, bir maraqlı fakt. Yunan milyonçu Kusis. Həmin İçərişəhərin abadlaşdırılmasında, yaşıllaşdırılmasında onun böyük rolu olub. Çoxdur belə faktlar. Sizi bizim cəmiyyətə dəvət edirəm. Elə heyrətamiz tarixi faktlara rast gələcəksiz ki, hər biri ayrıca yazının mövzusudur”.

***

Yenidən Mehmanaya qayıdırıq. Səidə xanım deyir ki, işğala qədər Mehmanada 60-a yaxın ailə yaşayıb.

“Ermənilər bir qədər əvvəl Mehmanadan film çəkib sosial şəbəkələrdə yayıblar. Adam dəhşətə gəlir. Təsəvvür edin, çoxu soyadlarını yunanlaşdırıb, müəyyən sənədlər düzəldib, Avropaya gedirlər. Belə total saxtakarlığın fonunda, üstəlik, kənddəki məktəbi göstərib, “yunan məktəbidir” - deyirlər. Amma həmin məktəbdə oxuyan da ermənilərdir, keçirilən dil də ermənicədir. Bir-iki qoca əleyhimizə danışdırırlar. Amma bizim Mehmanalı yunanlar deyir ki, danışdıqlarının hamısı yalandır. Bu da haqlı olaraq, bizim qəzəbimizə səbəb olur”.

Səidə xanım əslən Mehmanadan olan bir neçə şəxsin kontaktlarını verir. Bu adamlar bilirsinizmi kimdir? İndiyəcən heç bir yerdə eşitməyəcəklərinizi danışacaq onlar.