Home Ölkə Eks-nazir qardaşı barədə dəhşətli ittiham: “Qaynar çayniki başıma atdı”

Eks-nazir qardaşı barədə dəhşətli ittiham: “Qaynar çayniki başıma atdı”

96
0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi başlayıb.

PEYK.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror çıxış edərək ittiham aktını elan edib. Təqsirləndirilən Ə.Əhmədov günahının olmadığını deyib.

Daha sonra zərərçəkən, “Sumqayıt Texnologiyalar Parkı”nın satış şöbə şöbəsinin rəisi Rəşad Tahirov ifadə verib. O deyib ki, arvadının əmisi oğlu Hörmət Əsgərovun vasitəsilə Əvəz Əhmədovla danışıb:

“Biz armatur və digər tikinti məhsullarının satışı ilə bağlı birgə biznes qurmaq haqda danışdıq və ilkin razılaşma oldu. Bir həftə sonra Əvəz mənə zəng edib dedi ki, Hörmətin mənə verəcəyi var, o da deyir pul səndədi. Mən də dedim ki, əksinə, Hörmətin mənə verəcəyi var və Əvəzə Hörmətin əvəzindən pul verməyəcəyimi bildirdim.

Axşam Hörmət zəng edib uşaq kimi ağlayırdı, dedi pulu verməsən məni öldürəcəklər. Bir qədər sonra yenə Əvəz zəng edib dedi ki, Hörmətə zamin dur, sənin sözünlə onu buraxım. Mən də dedim ki, ona biraz vaxt verin, pulu tapıb qaytarar. Daha sonra olanlarla maraqlanmadım.

İki gün sonra kafedə Hörməti gördüm, mənə 1 milyon manatdan çox borcu var idi, onu istədim. Yenə ağlamağa başladı, üz-gözünü göstərdi, Əvəzin onu döydüyünü, onun təhlükəli adam olduğunu dedi. Məndən xahiş etdi ki, Əvəzdən onun üçün yenə vaxt alım. Həmin müddət ərzində ikimizin də pulunu qaytaracaq.

Hörmət dedi onun Əvəzə 140 min dollar verəcəyi var, mənə Əvəzin ona yazdığı SMS-ləri göstərdi, orada Əvəz ikimizi də söyüb hədələmişdi. Bundan bir neçə gün sonra Əvəz tez-tez mənə zəng edib hədələyərək pulu istəyirdi, mən də telefonu birdəfəlik söndürdüm. Bir həftə sonra açanda Əvəzdən mənə belə mesaj gəlmişdi: “Namazqılan oğraş köpəkoğlu, səni tapıb pulun ikiqatını alacağam”. Telefon nömrəmi sındırıb tulladım, 3 ildi o nömrəni işlətmirəm.

Bu hadisədən bir neçə gün sonra mənə Bakı Şəhər Baş Polis İdarəsinin polkovniki Şövqi Əhmədov zəng edib idarəyə çağırdı. Orada mənə dedi ki, sən Əvəzə söz vermisən, pulu qaytar. Bir qədər sonra ora Əvəz də gəldi, ikisi də məni söyüb hədələməyə başladı. Şövqi Əhmədov dedi ki, mənim ölkədən çıxışıma “STOP” qoyub həbs etdirəcək. Mən də qorxduğum üçün onların dedikləri ilə razılaşdım. Əvəzin diktəsi ilə məcbur olub ona 140 min dollar verəcəyimə dair izahat yazdım. Pulu qaytarana kimi isə iki evimin sənədlərini Əvəzə verdim.

Bir həftə ərzində 60 min dollar düzəldib Əvəzə qaytardım. Daha sonra pul tapa bilmədiyim üçün dostlarım Habillə Dəyanətə hadisəni danışıb borc pul istədim. Habil məni də götürüb Əvəzin yanına getdi, onlar çoxdan tanış idilər. Habillə Əvəz gömrükdə bir yerdə işləmişdilər. Əvəz məndən 220 min dollar tələb edirdi, Habil ona dedi ki, burada 100-120 mindən söhbət gedir, Rəşad sənə 1 qəpik də verməyəcək.

Çünki o, səndən pul almayıb. Mənim qolumdan tutub çölə çıxartmaq istəyəndə onu sakitləşdirdim və dedim ki, belə etmək olmaz, razılığa gəlmək lazımdı. Çünki Əvəzgil haqda çox şey eşitmişdim, ailəmə görə narahat idim. Axırda 140 minə razılaşdıq. Bir ay ərzində həmin pulu düzəldib Əvəzə verdim. Ondan sonra Hörmət də Rusiyaya qaçdı”.

R.Tahirov məhkəmənin “niyə hadisədən 1 il sonra şikayət etdin” sualına belə cavab verib: “Əvəz Əhmədovun qardaşı Əhməd Əhmədov Naxçıvanın daxili işlər naziri vəzifəsindən çıxandan sonra şikayətlər yazmağa başladım. Çünki ondan əvvəl qorxurdum, mənə hədə-qorxu gəlmişdilər. Həmin vaxt kimə şikayət ecəcəkdim? Məni zorla pulu verməyə məcbur edən “Qorotdel”ə? Şövqi hər gün iki dəfə zəng edib məndən pulu soruşurdu, mənə də tapşırmışdı ki, hər dəfə ona məlumat verim. Mən də Əvəzə pulu verdikcə ona zəng edib deyirdim ki, filan qədər də verdim”.

Əvəz Əhmədov zərərçəkən R.Tahirova sual verərək deyib ki, Hörmət Əsgərovun ona 1 milyondan çox borcu olduğunu bildiyi halda niyə onun sözü ilə biznes qurmağa razılaşıb. R.Tahirov isə Hörmətin dələduz olduğunu bilmədiyini deyib.

Ə.Əhmədov əlavə edib ki, o Rəşada 100 min verib həftədə 8-12 min manat qazanc əldə edəcəklərinə dair biznes razılığına gəliblər. Pulu da bir müddət sonra Hörmətə verib və geri qaytarmayıb: “Hörmətdən pulumu istəyəndə yanımda Rəşada zəng etdi, Rəşad da dedi ki, “pul məndədi, verəcəyəm”.

R.Tahirov isə belə bir söz demədiyini bildirib.

Daha sonra zərərçəkən Hörmət Əsgərov ifadə verib. O ifadəsinə başlamadan öncə məhkəmədən xahiş edib ki, ona Rəşada olan 1 milyon borcu ilə bağlı suallar verilməsin, yalnız bu işlə bağlı danışmaq istədiyini bildirib. Daha sonra o bildirib ki, Əvəz Əhmədovu 1998-ci ildən tanıyır: “Ondan bir neçə dəfə pul götürüb qaytarmışdım. Sonuncu dəfə də 100 min dollar alıb Hətəmə verdim, o da yoxa çıxdı. Mən də pulu Əvəzə qaytara bilmədim. Bir neçə gün sonra Əvəz məni yanına çağırdı. Onun “ParkPlyus” restoranında görüşdük. Orada Əvəz mənim üstümə qışqırıb dedi ki, “səni mənim yanıma kim göndərib?”

Mən də heç kimin göndərmədiyini dedim, “pulumu qaytarın” deyib qaynar çayniki başıma atdı. Sonra məni yuxarı çıxartdı, orada bir otağa saldı. İçəridə başqa 4-5 nəfər də var idi. Qapı açıq qalmışdı, məni vurub döyməyə başladı. Əvəz dedi ki, pulu verməsən səni burdan buraxmayacağam. Sonra telefonumu alıb bir-bir hamıya zəng edib mənim 100 min dollar borcum olduğunu deməyə başladılar. O adamlar da mənim işçilərim filan idi. Sonra Rəşada zəng etdi, nə danışdıqlarını mən bilmədim, amma danışandan sonra məni buraxdı. Ordan çıxıb hərbi hissəyə getdim.

Mən heç vaxt Rəşada Əvəzin SMS-lərini oxutdurmamışam, həm də ona Əvəzin onu söydüyünü, hədələdiyini deməmişəm. Heç Rəşada Əvəzin məni döydüyünü də deməmişəm”.

H.Əsgərov hakimin “qapı açıq idisə, niyə çıxıb getmədin?” sualına belə cavab verib: “Həmin vaxt mən formada idim, çiynimdə 6 ulduzla kiminsə qabağından qaçmağı mənliyimə sıxışdıra bilməzdim”.

Proses dekabrın 26-da davam etdiriləcək.

İttihama görə, Ə.Əhmədov iki nəfərdən – Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Ə.Əhmədov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyində vəzifə tutub. Ə. Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələri ilə ittiham olunur.

H. Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H. Əskərov da dələduzluğa görə həbs edilib və hazırda məhkəmə prosesində konvoyun nəzarəti ilə iştirak edir. O, bu işdəki digər zərərçəkmiş Rəşad Tahirova pul “atmaqda” ittiham olunur. H. Əskərovun cinayət işi üzrə istintaq hazırda davam etdirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here