Azərbaycanda koronavirusla bağlı 1 milyard manat ayrıldı

Azərbaycanda koronavirusla bağlı 1 milyard manat ayrıldı
https://peyk.az

Azərbaycan Prezidenti İlham Əliyev "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncam imzaladı.

Peyk.az xəbər verir ki, Sərəncam ilə, 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 (bir) milyard manat ayrılıb.

Sərəncamda deyilir:

2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın:

3. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki:

3.1. on beş gün müddətində:

3.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etsin;

3.1.2. pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.2. bu Sərəncamın 3.1.1-ci yarımbəndində göstərilən meyarlar üzrə, mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin.

4. Azərbaycan Respublikasında fəaliyyət göstərən pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Azərbaycan Respublikası Maliyyə nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.

5. Bu Sərəncamın 4-cü hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki, iyirmi beş gün müddətində:

5.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan aşağıdakı sahə və subyektlərə dövlət dəstəyinin göstərilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

5.1.1. iqtisadi fəaliyyət sahələrinə;

5.1.2. sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə;

5.2. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin.

6. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.

7. Bu Sərəncamın 6-cı hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki:

7.1. aşağıdakılarla bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

7.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi;

7.1.2. yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi;

7.1.3. bu Sərəncamın 6-cı hissəsində qeyd olunan problemlərlə əlaqədar ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi;

7.2. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin.

8. Pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.

9. Bu Sərəncamın 8-ci hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki, iki ay müddətində:

9.1. pandemiyanın Azərbaycan Respublikasının bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirsin;

9.2. aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

9.2.1. Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün həyata keçirilməli əlavə tədbirlər;

9.2.2. ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlər;

9.3. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin.

10. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

10.1. bu Sərəncamın 2-ci, 4-cü, 6-cı və 8-ci hissələri ilə yaradılan işçi qrupların rəhbərlərinin təklifləri əsasında hər bir işçi qrupun tərkibini iki gün müddətində təsdiq etsin;

10.2. bu Sərəncamın 2-ci, 4-cü, 6-cı və 8-ci hissələri ilə yaradılan işçi qruplardan daxil olan məlumatların mütəmadi müzakirəsini təşkil etsin, həmin işçi qrupların fəaliyyətini əlaqələndirsin, verilmiş təklifləri ümumiləşdirərək vahid tədbirlər planını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

10.3. bu Sərəncamın 1-ci hissəsinə əsasən ayrılacaq vəsaitin mənbəyi barədə təkliflərini on gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

10.4. həmin vəsaitin bu Sərəncamın 10.2-ci bəndində nəzərdə tutulan tədbirlər planında müəyyən olunacaq tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsini təmin etsin;

10.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

11. Bu Sərəncamın 2-ci, 4-cü, 6-cı və 8-ci hissələri ilə yaradılan işçi qrupların rəhbərlərinə tapşırılsın ki, rəhbərlik etdikləri işçi qrupların tərkibi barədə təkliflərini bir gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

12. Müəyyən edilsin ki, bu Sərəncamın 2-ci, 4-cü, 6-cı və 8-ci hissələri ilə yaradılan işçi qrupların tərkibinə dövlət orqanlarının (qurumlarının) və özəl qurumların nümayəndələri daxil edilə bilər.

13. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 10.3-cü bəndinə əsasən müəyyən olunacaq mənbə hesabına bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılsın, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə və özəl hüquqi şəxslərə tövsiyə olunsun ki, bu Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə bu Sərəncamla yaradılmış işçi qruplara zəruri kömək göstərilməsini təmin etsinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2020-ci il.