Aprel savaşı: Ermənistan niyə məğlub oldu? – Erməni general hərbi sirləri açdı

Ermənistanın sabiq müdafiə naziri, general Seyran Ohanyan 2016-cı il aprel müharibəsinin araşdırılması üçün qurulmuş komissiyanın fəaliyyətinə dəstək verəcək.

Aprel savaşı: Ermənistan niyə məğlub oldu? – Erməni general hərbi sirləri açdı
https://peyk.az

Peyk.az xəbər verir ki, keçmiş nazir bu barədə parlamentin spikeri Ararat Mirzoyanla görüşdən sonra açıqlama verib.

Lakin o, komissiya üzvlərinin əksəriyyətinin orduda xidmət keçmədiklərini qeyd edib, Ermənistanın aprel döyüşlərindəki Azərbaycana məğlubiyyətini araşdırmaq üçün müvəqqəti parlament komissiyası yaratmaq ideyasını tənqid edib:

“Bir vaxtlar Müdafiə Nazirliyində aprel döyüşləri ilə bağlı dərin təhlil apardıq. Bu kimi məsələlərin orada araşdırılması lazımdır. Bunu indi kim edəcək? Bu komissiya üzvlərinin yarıdan çoxu heç orduda da xidmət etməyib”.

Hakim “Mənim Addımım” partiyasının deputatı, komissiya üzvü Andranik Köçəryan Seyran Ohanyanın parlamentə çağırlmasını Baş nazir Nikol Paşiyananın təşəbbüsü ilə yaradılan komissiyanın işinin həlledici mərhələyə qədəm qoyması ilə izah edib.

Seyran Ohanyan isə 2016-cı ilin aprel hadisələri ilə bağlı bütün məlumatları komissiyaya verdiyini söyləyib: “Bu, komissiya üzvlərinə təqdim etdiyim gizli məlumatlarla əlaqədardır”.

O, məxfi məlumatları mediaya açıqlamaq niyyətində olmadığını bildirib. Bununla yanaşı, Ohanyan siyasətçiləri və jurnalistləri aprel döyüşlərində sui-qəsdçilər axtarmamağa çağırıb.

Əlavə edək ki, Seyran Ohanyan 2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında döyüşlər baş verərkən, bu ölkənin müdafiə naziri olub. Həmin döyüşlərdə Ermənistan ordusunun ağır itkilər verərək geri çəkilməsi, hələ də işğalçı ölkədə müzakirə mövzusudur.