Aşqabaddan sonra telefon danışığında Putindən Paşinyana “heykəl və sülh prosesini ləngitməkdə təklənirsən” mesajı.

MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən sammitindən bir gün sonra Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana telefonla zəng edib. Tərəflər arasında müzakirə zamanı bir sıra məsələlərə toxunulub.

Aşqabaddan sonra telefon danışığında Putindən Paşinyana “heykəl və sülh prosesini ləngitməkdə təklənirsən” mesajı.
peyk.az

Telefon danışığının məzmunu barədə geniş məlumat yoxdur. Ermənistan hökuməti dövlət başçılarının danışığı barədə ümumi məlumat yayıb. Bildirilib ki, tərəflər telefon danışığında Suriyanın şimalındakı vəziyyəti müzakirə edib, regional əhəmiyyətli bir sıra mövzulara toxunublar. Nikol Paşinyan "Facebook" səhifəsində yazıb ki, o, Aşqabadda MDB Dövlət Başçısları Şurasının iclasında Rusiya Prezidenti Vladimir Putinə Suriyanın erməni icmasının təhlükəsizliyi ilə bağlı müraciət edib: “Rusiya Federasiyasının Prezidentinə tez reaksiya verdiyinə görə minnətdaram”.

Ancaq müəyyən ekspertlərin sözügedən tdelefon danışığında müzakirə edilən məsələlər barədə mülahizələri fərqlidir. Belə ehtimal edilir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində sərgilədiyi pozucu mövqe, səsləndirdiyi reallıqdan uzaq yanaşmalar sülh danışıqları prosesini ləngidir. O cümlədən, faşist Njdenin heykəlinin İrəvanda hələ də qalması MDB dövlət başçıları tərəfindən qəbul edilmir. Güman olunur ki, Putin sözügedən məsələlərlə bağlı Paşinyanın MDB dövlətləri arasında təkləndiyini onun diqqətinə çatdırıb.

O baxımdan sözügedən ehtimalları ekspertlər necə dəyərləndirirlər?

  • “Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yubadan pozucu xarakterli açıqlamaları MDB dövlətlərini qane etmir”

Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirov sözügedən versiyanı istisna etmədi. Onun fikrincə, bu kontekstdə Putinin Paşinyanı xəbərdar etməsi ehtimalı böyükdür: “O baxımdan, prinsip etibarilə, bu ehtimalları reallıq kimi qəbul etmək olar. Çünki məhz Aşqabaddakı görüşdən bir gün sonra bu telefon danışığının reallaşması təsadüfə oxşamır. Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, onların xatirəsinin əbədiləşdirilməsi kimi məsələlərə yenidən baxılması MDB dövlətlərini narahat edir. O baxımdan bu məsələlərin həlli ilə bağlı mövqe ortaya qoyula bilər. Rusiya Prezidentinin bu məsələdə prinsipial mövqe ortaya qoyması istisna deyil. Çünki İkinci Dünya Müharibəsində ən böyük itkilərə rus xalqı məruz qalıb. O cümlədən, digər ittifaq ölkələri də bir sıra itkilərlə üzləşib. Azərbaycan o dövrdə müharibəyə 600 min nəfərdən çox əsgər göndərib və onların yarıdan çoxu geri qayıtmayıb. Azərbaycan nefti qələbənin əldə edilməsində misilsiz rol oynayıb. Fransada marşal Peten almanlara xidmət göstərib, amma heç bir halda Fransa dövləti ona heykəl qoymayıb. O zaman nəyə görə Ermənistan dövləti faşistlərin əlaltısı olan Njdeyə heykəl qoyur? Bununla yanaşı, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yubadan pozucu xarakterli açıqlamaları MDB dövlətlərini qane etmir. Paşinyan açıq-aşkar işğala haqq qazandırır və işğal olunmuş əraziləri Ermənistana birləşdirmək istəyir. O baxımdan ehtimal edilir ki, məhz bu məsələlər telefon danışığında müzakirə mövzusu olub. MDB dövlətlərinin sözügedən məsələlərdə mövqeyi Paşinyanın diqqətinə çatdırılıb”.