"Avropaya sığınan “mühacirlər” erməni lobbisinin əlində Azərbaycana qarşı “silah”a çevriliblər" — Deputat

"Avropaya sığınan “mühacirlər” erməni lobbisinin əlində Azərbaycana qarşı “silah”a çevriliblər" — Deputat
https://peyk.az

“Son 15 il ərzində böyük uğurlar, nailiyyətlər qazanan və bütün istiqamətlər üzrə inkişaf edən Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu isə Azərbaycanı sevməyən qüvvələri ciddi narahat edir. Odur ki, həmin qüvvələr  öz əlaltıları vasitəsi ilə Azərbaycanın bu uğurlarına imza atmasında birbaşa rolu olan ölkə başçısı və birinci Vitse-prezidentə qarşı ən müxtəlif çirkin variantlardan istifadə edərək heç bir mənəviyyata sığmayan, həqiqətdənuzaq arqumentlərlə böhtan və təhqir kampaniyasını həyata keçirirlər. Mən adını azərbaycanlı qoyub, anti-azərbaycan qüvvələrin və düşmənlərin təsiri altına  düşərək öz Vətəninə və onun inkişafında, tərəqqisində müstəsna rola malik olan insanlara qarşı belə çirkin əməlləri qətiyyətlə pisləyirəm”.

 Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Mirkazım Kazımov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan cənab Prezident İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü və uğurlu  siyasət  nəticəsində qlobal maliyyə-iqtisadi böhran, humanitar fəlakətlər fonunda ölkəmiz günü-gündən inkişaf edir, beynəlxalq arenada söz sahibinə çevrilir:

“Əlbəttə ki, ölkəmizin beynəlxalq uğurları antiazərbaycançı qüvvələri, daxili sabitlik isə "5-ci kolon”u hər zaman narahat edib. Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə qlobal tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər. Onlar Azərbaycanın adının “qara siyahılar”da, qərəzli “hesabatlar”da çəkilməsi üçün “min oyundan çıxırlar.

Həmin qüvvələr  bununla paralel olaraq  Avropada məskunlaşan  “mühacirlər”dən istifadə edərək  Azərbaycan rəhbərliyinin şəxsiyyətinin nüfuzuna ciddi xələl gətirən, insanlığa sığmayan yalan,böhtan dolu iftiralar atırlar və bunu sosial media vasitəsi ilə yayırlar. Onu da qeyd edim ki, bu işdə Avropadakı erməni lobbisi daha aktiv rol oynayır. Avropaya sığınan bu “mühacirlər” erməni lobbisinin əlində  Azərbaycana qarşı “silah”a çevriliblər. Erməni lobbisi Avropadakı azərbaycanlı mühacirlərdən istifadə etməklə  Azərbaycan dövlət  başçısı və Birinci vitse-prezidentə qarşı mənəvi, siyasi terror həyata keçirir”.

Deputat əlavə edib ki, sosial media vasitəsi ilə həyata keçirilən bu böhtan, iftira kampaniyası cəmiyyətdə ciddi narazıçılığa  və ikrah hissinə səbəb olur.

“Çünki onların həyata keçirdiyi böhtan, iftira kampaniyası sivil mübarizə metodundan çox-çox uzaq, eyni zamanda milli-mənəvi, dini və insani dəyərlərə sığmayan bir hərəkətdir. Odur ki, milli mənəvi, əxlaqi  dəyərlərimizdən uzaq olan bu cür halların belə dava etməsi cəmiyyətdə hiddət doğurur.
Ona görə də bu insanlara çağırış edərək demək istərdim ki,  kimlərin və hansı oyun tələsinə düşdüyünüzü anlayıb bu yoldan tezliklə geri çəkilin. Yoxsa gec olacaq və sonrakı peşmançılıq da fayda verməyəcək. Əks təqdirdə başqalarının əlində alətə çevrildiyiniz anti-Azərbaycan mərkəzlərin, erməni lobbisinin oyunlarının qurbanına çevrilmiş olacaqsınız”- M.Kazımov deyib.

Deputat onu da bildirib ki, Azərbaycan demokratik bir ölkə olaraq, söz və fikir azadlığı, sivil mübarizə metodu üçün bütün imkanlar yaradılıb: “Yaradılan bu imkanlardan yararlanmayıb,  xarici ölkələrin qucağına sığınan və Azərbaycanın düşmənlərinin əlində alət olan bu “mühacir”lərin məqsədi istənilən variantdan istifadə edib bölgədə “sabitlik adası” olan Azərbaycanda ictimai-sabitliyi pozub, inkişaf, tərəqqini dayandırıb, xaosa sürükləməklə ermənilərin məkrli planlarını reallaşdırmaqdır”.