“Avroviziya” təmsilçimiz canlı yayımda müsabiqə mahnısını oxuyub səhnə performansı haqqında danışdı - VİDEO

Koronavirus pandemiyası səbəbi ilə bu il “Avroviziya” beynəlxalq mahnı yarışmasının keçirilməsi təxirə salınsa da, müsabiqənin təşkilatçıları ötən gecə tamaşaçılara sözügədən layihənin konsert formatını təqdim ediblər.   Oxu.Az xəbər verir ki, “İctimai Televiziya”da canlı yayımlanan musiqili şouda Azərbaycan təmsilçisi Samirə Əfəndi “YouTube”...

“Avroviziya” təmsilçimiz canlı yayımda müsabiqə mahnısını oxuyub səhnə performansı haqqında danışdı - VİDEO

Koronavirus pandemiyası səbəbi ilə bu il “Avroviziya” beynəlxalq mahnı yarışmasının keçirilməsi təxirə salınsa da, müsabiqənin təşkilatçıları ötən gecə tamaşaçılara sözügədən layihənin konsert formatını təqdim ediblər.  

Oxu.Azxəbər verir ki, “İctimai Televiziya”da canlı yayımlanan musiqili şouda Azərbaycan təmsilçisi Samirə Əfəndi “YouTube” videoplatformasının məşhur siması, eləcə də layihənin onlayın aparıcısı 25 yaşlı “beauty” (gözəllik) bloqeri Nikki de Yagerlə həmsöhbət olub.  

Təmsilçimiz “Kleopatra” mahnısından söz açıb: “Mahnım güclü qadın haqqındadır. Bu mahnı insanlara bir mesajdır ki, həyatda heç bir üzüntülərə baxmayaraq, məqsədinizə doğru gedin. Gözəl sabahın açılacağına mütləq inanın. Ən doğrusunu qəbinizdəki səs sizə deyəcək. O səsə inanıb, onu dinləmək lazımdır”.  

Daha sonra Samirə səsi canlı yayıma düşən tutuquşulara görə üzrxahlıq edərək, bu kəlmələri dilə gətirib: “Burdakı tutuquşuların səsinə görə sizdən üzr istəyirəm (gülür). İnanıram ki, bizim dialoqumuz əsnasında onların səsləri mane olmayacaq. Onların adları məşhur cizgi filmindən yaxşı tanıdığımız Çip və Deyldir. Əfsuslar olsun ki, onları sizə göstərə bilməyəcəyəm, çünki çox uzaqdadırlar”.  

Daha sonra Nikki təmsilçimizin “Avroviziya” səhnə tərtibatı, geyimi və perfomansının necə olacağından bəs etməyini istəyib.  

“Bizim çoxlu düşüncələrimiz və planlarımız var idi. Sadəcə karantin elan olduqdan sonra hər şey dayandı. Tam dəqiq necə olacağını əfsuslar olsun ki, deyə bilməyəcəyəm. Çünki o ərəfəyə gəlib çatmadıq. Amma dəqiq onu deyə bilərəm ki, klipdəki bəzi elementlər səhnədə də olacaqdı. Açıb demək istəmirəm, bu hansı elementlər idi. Çünki düşünürük ki, bu il istifadə etmədiyimiz həmin o elementləru gələn il səhnədə nəhayət ki, ərsəyə gətirə biləcəyik. Amma çoxlu qızıl elementləri olacaq. Axı qadına yaraşan elə qızıllardır”, - deyə ifaçı qeyd edib.  

Samirə müsahibəsində gələn il oxuyacağı mahnısından da bəhs edib: “Fərqi yoxdur, hansı tərzdə mahnı oxuyacağam. Bu, dinamik musiqi də ola bilər, həzin ballada da. Əsas odur ki, insanlara öz mesajımı çatdıra bilim və qəlblərə toxunum”.  

Onlayın müsahibənin sonuna yaxın Nikki de Yager Samirə Əfəndidən “Kleopatra” mahnısını akapella oxumağını istəyib. Samirə isə həzin səsi ilə bəstəni canlı yayımda akapella şəklində səsləndirib. Nikkinin 12 xalını hansı ölkəyə verərdin sualına Əfəndi “Malta” cavabı verib. 

Rəşad Əliyev