Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını qızıl medalsız başa vurublar - YENİLƏNİB-4

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını qızıl medalsız başa vurublar - YENİLƏNİB-4
https://www.peyk.az

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Elvin Mürsəliyev 1/8 final görüşünə çıxıb.

 

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 77 kq çəki dərəcəsindəki Mürsəliyevin rəqibi iranlı Məhəmmədəli Abdulhəmid Gərayi olub. 

Görüş Gərayinin qələbəsi ilə yekunlaşıb - 7:0.

Beləliklə, Azərbaycan yunan-Roma güləşçilərinin dünya çempionatını qızıl medalsız başa vuracaqları dəqiqləşib. İndi son 3 təmsilçi uduzduqları rəqiblərin finaladək irəliləmələrinə ümid etməlidir ki, bürünc medal uğrunda təsəlliverici görüşlərə qatıla bilsinlər. Burada isə onlar son təsəlliverici görüşədək irəliləyəcəkləri halda, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Hələlik yunan-Roma güləşçiləri 2 medal qazanıblar. Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala sahib olub.


11:53***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Beka Kandelaki 1/8 final görüşünə çıxıb. 

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan Kandelaki almaniyalı Eduard Popp ilə üz-üzə gəlib. Görüşün əvvəlində Kandelaki 7:0 hesabı ilə önə çıxsa da, fasiləyədək üstünlüyünü əldən verib və vaxtından əvvəl məğlubiyyətlə üzləşib - 7:17.


11:00***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Elvin Mürsəliyev ilk görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 77 kq çəki dərəcəsindəki 1/16 final qarşılaşmasında rəqib gürcüstanlı Gela Bolkvadze olub. 

Görüş Mürsəliyevin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb - 8:0. O, 1/8 finalda Məhəmmədəli Abdolhamid Gərayi ilə qarşılaşacaq.


10:05***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Beka Kandelaki mübarizəyə qələbə ilə başlayıb. 

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan Kandelaki təsnifat mərhələsində belaruslu Pavel Rudakova qalib gəlib - 4:0. O, 1/8 finalda almaniyalı Eduard Popp ilə qarşılaşacaq.

Qeyd edək ki, hələlik Azərbaycanın yunan-Roma güləşçiləri 2 medal qazanıblar. Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala sahib olub. Bu gün 77 kq çəkidə çıxış edən Elvin Müsrəliyev də çıxış edəcək.


09:29***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Taleh Məmmədov mübarizəyə məğlubiyyətlə başlayıb. 

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan Məmmədov təsnifat mərhələsinin görüşündə bolqarıstanlı İvo Angelova uduzub - 0:4.

Angelov finala yüksələ bilməsə, azərbaycanlı pəhləvan bürünc medal uğrunda təsəlliverici görüşlərə qatıla bilməyəcək.