Bakıda əmanətlərin sığortalanması ilə bağlı islahatların siyasi müzakirələri keçirilib

Bakıda əmanətlərin sığortalanması ilə bağlı islahatların siyasi müzakirələri keçirilib
https://www.peyk.az

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı həyata keçirilən islahatların siyasi müzakirələri aparılıb.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, seminarın keçirilməsində  məqsəd əmanətlərin sığortalanmasının səmərəli həyata keçirilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə və prinsiplər barədə fikir mübadiləsinin aparılmasıdır.

Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. Bütövlükdə əmanətlərin tam sığortalanması mexanizmi 7,5 mln. tələbli və müddətli hesablara malik insanı əhatə edir. Əmanətlərin tam sığortalanması və manatın sabitliyi şəraitində bu ilin yanvarında əhalinin əmanətləri 8 057,9 mln. manat olduğu halda, avqustun 1-də bu məbləğ daha 6,5% artaraq 8 580 mln. manata çatıb. Bu ilin yanvar-iyul aylarında əhalinin manatla tələb olunanadək əmanətləri 52,1%, manatla müddətli əmanətləri 11,6% artıb. Əhalinin xarici valyutada  tələb olunanadək əmanətləri 10,3% artıb, xarici valyutada müddətli əmanətləri isə 11,3% azalıb: “Göründüyü kimi, əhalinin manata və banklara etimadı artmaqda davam edir. Eyni zamanda qeyri-maliyyə təşkilatlarının da depozitləri ilin əvvəlindən xarici valyutaya nisbətən manatla daha yüksək templə artır. Ümumilikdə, vergi-gömrük islahatları, nağdsız dövriyyənin artırılması, kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi və əmanətlərin sığortalanması sahəsində islahatlar bir-birini tamamlayır. Likvidlik dövriyyəsinin maliyyə-bank sektoruna cəlb edilməsi bu sahədə dayanıqlığın və iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının artmasına şərait yaradır. Bundan sonra da əmanətlərin sığortalanması sahəsində islahatlar ilk növbədə əhalinin maraqlarını təmin edəcək, rəqəmsal maliyyə və idarəetmə texnologiyalarının inkişaf etdirilməsi ilə maliyyə-bank sektorunu daha da gücləndirəcək”.

 

Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Azərbaycan hökumətinin maliyyə sabitliyini bərpası və ölkənin maliyyə təhlükəsizliyi sahəsində gördüyü tədbirləri, o cümlədən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun potensialının gücləndirilməsi sahəsində səylərini yüksək qiymətləndirdi. Bununla bərabər, əmanətlərin sığortalanması sisteminin (DIS) beynəlxalq ən yaxşı təcrübəyə uyğunlaşdırılması üçün daha çox islahat tələb olunması və bu məqsədlə Dünya Bankının bu vacib məsələdə Azərbaycanı dəstəkləməyə hazır olduğunu bildirib.

Tədbir zamanı Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi  ölkədə Əmanətlərin Sığortalanması Sisteminin İnkişafı üzrə təqdimat edib. Təqdimatda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti eləcə də əmanətlərin sığortalanması sahəsində institusional məsələlər, tam sığortalanma,  risk-əsaslı sığorta haqqı sistemi, ləğv etmə istiqaməti üzrə fəaliyyət barəsində məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Dünya Bankının mütəxəssisi Anjela Priqojina Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyanın (IADI) əsas prinsiplərinə riayət etməsi, Djurdjika Oqnyenoviç isə əmanətlərin tam sığortalanması sistemi sahəsində beynəlxalq təcrübə və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi imkanları barədə təqdimatlar ediblər. 

Təqdimatların ardınca sual-cavab formatında davam edən seminar zamanı Dünya Bankı Qrupu və Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun mütəxəssisləri Azərbaycanda və digər müvafiq ölkələrdə əmanətlərin sığortalanması sistemlərinin islahatı sahəsində təcrübə və çıxarılan dərsləri müzakirə ediblər. Bundan başqa Azərbaycanın  əmanətlərin sığortalanması sisteminin islahatının həyata keçirilməsi üzrə tövsiyələr təqdim edilib.