Birinci ledini geyindirən məşhur dizayner: “Mənə zəng edib dedilər ki...” - FOTO

Birinci ledini geyindirən məşhur dizayner: “Mənə zəng edib dedilər ki...” - FOTO
https://www.peyk.az

Aktrisa Fahriye Evceninin gəlinliyini, eyni zamanda Türkiyənin birinci ledisi Əminə Ərdoğan, aktrisa Bergüzar Korel, Bengü, Amina Gülşe, Tülin Şahin, müğənni Seda Sayan və bir çox səhnə ulduzları üçün libaslar hazırlayan türkiyəli dizayner Raşit Bağzıbağlı bu yaxınlarda Bakının qonağı olub.

5-ci dəfə Bakıya gəldiyini deyən dizayner Publika.az-a müsahibə verib.

- Raşit bəy, sizi Bakıda görmək nə gözəl təsadüf.

- Təşəkkür edirəm. Bu, mənim Bakıya 5-ci gəlişimdir. Azərbaycanlı xanımlar mənə tez-tez müraciət edirdi, onların təklifi və təşviqi ilə burada da mağaza açmağa qərar verdim.

- Bakıya 5-ci gəlişinizdirsə, deməli, onların geyim tərzini də qiymətləndirməyə fürsətiniz olub. Xanımlarımız düzgün geyinə bilirmi?

- Birmənalı cavab verə bilmirəm, təbii ki, yaxşı geyinənlər qədər zövqsüzləri də var. Bu, bəzən imkanlarla düz mütənasibdir. O cümlədən yaxşı imkanları olan insanların da pis geyinməsi istisna deyil. Hər halda bu vaxta qədər şəhərinizdə çox bərbad geyinən birini görməmişəm. Əksinə xanımlarınız zövqlüdür. Türkiyədə nədənsə elə bir təəssürat var ki, Azərbaycanda xanımların hamısı dəbdəbəli geyinir. Bakıya gələndə gördüm ki, belə deyil, çox sadə və şıq geyinə bilən insanlar var.

- Modaya marağınız necə doğuldu?

- Atam - Dərviş Bağzıbağlı Türkiyənin tanınmış modelyerlərindən biridir, o, kişilər üçün geyim hazırlayır. Əvvəllər heç istəmirdi ki, modaya meylimi salım. Moda dünyasında şəxsi biznesini qurmaq böyük səbir tələb edir, əlbisə hazırlamaq işin əyləncəli və maraqlı tərəfi olsa da, onu bazara çıxarmaq, daim yenilik axtarışında olmaq, imzanı tanıtmaq və məşhurları razı salmaq yorucu işdir. Atam həmişə deyirdi ki, bu sektor ağırdır, ən yaxşı libasın ömrü yalnız altı ay çəkir. Moda sektorunun dəbdəbəli parıltısı, məşhurların şöhrət və eqosu bir çoxlarını qorxuya salır. Yəqin ki, sadaladığım bu amillərdən dolayı atam istəmirdi ki, moda aləminə baş vurum.

Moda uşaqlıq arzum olub, 12 yaşında qərar vermişəm ki, dizaynerliklə məşğul olacam. Zamanla atamı razı saldım, arzularımdan vaz keçmədim. Daha sonralar atam bu seçimi dəstəklədi. Təbii ki, göstərdiyim əzm və səylərin ona da ciddi təsiri olmuşdu.

Ümumiyyətlə, karyeramda atamın rolu böyükdür, o, parça üzrə mütəxəssisdir. Yeri gəlmişkən, “Bağzıbağlı” markasının yaradıcısı babam olum, 1957-ci ildə öz parça biznesini qurub. Moda dəryasının sirlərini onlardan mənimsəmişəm, hələ də öyrənməyə davam edirəm. Həm çox tərifləyirlər, həm də çox tənqid edirlər.

- Babanızdan miras qalan moda evini bu günə qədər necə qoruyub saxlaya bilmisiniz?

- Dərviş Bağzıbağlının oğlu olmaq məsuliyyətdir. Bu soyadla birlikdə üzərimə götürdüyüm məsuliyyətin fərqindəyəm. İkisi də bu səviyyəyə yeri dırnaqları ilə qazaraq gəlib. Atam çox əməksevər və çalışqan bir adamdır. Əslində çalışqan demək yetərsiz qalır. Çalışarkən yorulmaq, acmaq və susamaq bilmir. Bayram-seyran demədən çalışır. Çünki bayramlarda daha çox sifariş olur. İşləmək onun üçün ibadət kimidir. Öz prinsiplərinə və doğrularına çox sadiqdir. Ailəsinə çox bağlıdır. Çox intizamlı, sərt və çətin bir insandır.

Markanı müəyyən bir yerə gətirib çıxarmaq üçün əziyyət çəkirsən, sonra marka özü sənə işləyir. Həqiqətən də belədir, bu yerə gəlib çıxmaq üçün atam da, mən də, bacım da çox çalışdıq. İndi elə bir həddəyik ki, tələblər çoxalıb, odur ki, ikiqat işləyirik.

- Raşit Bağzıbağlı markasının fəlsəfəsi özündə nələri birləşdirir?

- Sadəcə müəyyən bir qrup qadına xidmət etmək istəmirəm. Əlbəttə ki, bir cizgim və öz yolum var, təxəyyülümdəki qadın obrazı zərif, incə və romantikdir. Düşünürəm ki, qadın öz zərifliyi və məlahəti ilə getdiyi məkanda diqqət çəkməlidir. Onun əsas silahı libasıdır. Qadın bədəni həm cəlbedici, həm də əlçatmaz təsir bağışlamalıdır! Eyni zamanda sadə və şıq görünməkdən zövq alan qadınları geyindirirəm.

Böyük bədən ölçülü xanımlar da diqqətdən kənar qalmır. Məsələn, məzuniyyətə gedən qız da, o qızın nənəsi də məndən geyinə bilər. Yaş məhdudiyyəti yoxdur.

- Bəs eleqantlığın əsas açarı nədir?

- Səliqəli tikiş, qüsursuz biçim və keyfiyyətli parça. Əslində zərifliyi sənin siman, əda və hərəkətlərin müəyyən edir. Bu isə daxildən gələn hissdir, ürəkdə zəriflik və incəlik yoxdursa, bunu paltarlardan gözləmək əbəsdir. Bir əlbisə ilə zərif görünmək mümkün deyil, bu illüziyadan başqa bir şey olmaz. Bu, bir az da insanın şəxsiyyəti və mənəvi keyfiyyətləri ilə əlaqəlidir.

- Qadına ən çox nəyi yaraşdırırsınız?

- Şifon əlbisə. Artıq qadın və kişi geyimi bir-birinə çox qarışıb, amma şifon kişilərin geyinə bilmədiyi parçadır. Qadınlarda şifon ziyafət libaslarına heyranam.

Saç və makiyajı unutmaq olmaz. Qadını geyimdən çox uğursuz makiyaj və səliqəsiz saç yaşlı göstərir. Məsələn, gənc qız vintaj donu gözəl bir ayaqqabı və çanta ilə birləşdirib maraqlı obraz yarada bilər. Amma saç və makiyaj pisdirsə, səni heç bir şey xilas etməyəcək.

- Əgər əvvəllər hər ölkənin özünəməxsus milli geyimləri var idisə, bu gün dəb artıq beynəlxalq mərhələyə çatıb. Dəbin ümumiləşməsinə necə baxırsız?

- Bəli, nə yazıq ki, milli geyimlər sıradan çıxıb. Sosial şəbəkələrin təsiri ilə dəb artıq universal olub, heç bir ölkənin dəbi bir-birindən fərqlənmir. Moda bir tək Braziliyada fərqlənir.

- İlk sifarişinizi necə xatırlayırsınız?

- Bir xanım üçün straplez gəlinlik hazırlamışdım. Xanımın sinəsi böyük idi deyə yaxşı alınmamışdı. Bu, səhv bir seçim idi. Nə etmək olar, 20 yaşım vardı, qadın bədənini hələ yaxşı tanımırdım, ona nəyin yaraşıb-yaraşmadığını bilmirdim. Hər halda qız özü çox məmnun qalmışdı, xoşbəxt idi. Təbii ki, indi belə xətalara yol vermirəm.

- Artıq 10 ildən çoxdur ki, kutyur geyimlər hazırlayırsınız. Qadın ruhuna bələd ola bilmisiniz?

- Qadın ruhundan anlamasam, bu işlə məşğul olmazdım. Qadınlar çox fərqli səbəblər üçün bəzənib-düzənir. Ya sevgilisi, ya özünü yaxşı hiss etmək, ya da başqa bir qadını qısqandırmaq üçün geyinir. Əminə Ərdoğan, Tuba Büyüküstün, Bergüzar Korel, Fahriye Evcen kimi xanımlarla çalışmışam. Deyirlər ki, çox sevimliyəm, nazları məni yormur, çox incitmirlər. Bəzən çox şıltaq xanımlarla işləməli olsam da, onlara baş qoşmuram, mütləq ki, ortaq bir dil tapırıq.

- Fahriye Evcendən söz düşmüşkən, gəlinliyindən danışaq.

- Fahriye xanımla çoxdan tanışıq, gəlinlikdən əvvəl onun üçün daha bir neçə ziyafət libası hazırlamışdım. Zəng edib dedilər ki, eskizlərimi çox bəyənir, mənimlə işləmək istəyir. Beləliklə yollarımız kəsişdi, daha sonra gəlinliyini tikmək qismət oldu. Gəlinliyi özü də çox bəyənmişdi, indiyə qədər bu paltar haqqında danışılır. Bu da bizim uğurumuzdur.

- Xanımlara verə biləcəyiniz ən dəyərli tövsiyə nə olardı?

- Modanı bu qədər ciddi qəbul etməyin, əylənin, həyatın başqa ləzzətlərini kəşf edin. Və insanların geyimləriniz haqqınızda nə düşündüyünü bu qədər önəmsəməyin. Sosial şəbəkələr qadınlarda güvənsizlik aşılayıb, onlara belə mesaj vermək istərdim: Nə istəyirsiniz onu da geyinin!

Xoşbəxt olmaq üçün qarderobu lüks markalarla doldurmağa gərək yoxdur. Zatən qarderobu ağzına qədər dolub-daşan xanımların böyük hissəsi xoşbəxt deyil. Xoşbəxtliyi moda və geyimlərdə axtarmayın.

- Öz tərzini yaratmaq üçün trend və dəb qanunlarına boyun əyməyə məcburuq?

- Yox, yuxarıda dediyim kimi, dəbi həyatın mənasına çevirməyə dəyməz. Həyat çox qısadır, ömrünüzü başqasına acıq verməklə keçirtməyin. Başqalarının da geyiminiz haqqında nə düşündüyünü çox önəmsəməyin, insan ilk növbədə özü üçün yaşamalı və geyinməlidir. Trend axtarmayın, sizə yaraşanı tapın! Onda əynindəki ən sadə paltar hər kəsə gözəl təsir bağışlayacaq.

- Son illərdə qadın geyimlərinin çılpaqlığa doğru yaxınlaşması sizcə, kişilərin qadınlara marağını azaldıb?

- Vallah nə deyim, insanların hər şeyə baxışı dəyişib. Əlçatmazlıq azaldıqca, maraq əlbəttə ki, azalacaq. Əvvəllər kişilər qadının bədən quruluşunu öz xəyalında təsəvvür edərdi. İndi hər şey açıq-aydın ortadır. Seksuallığın bu qədər populyar olması xoş deyil. Çılpaqlıq nə zərif, nə də feminen ola bilməz. Biədəblik qadın zərafətindən uzaqdır.

- İlham rüzgarlarını ahnsı qadınlardan alırsınız?

- Yoldan keçən hər hansı bir xanım. Məşhur olması vacib deyil, yetər ki, təbii və səmimi olsun. Sözsüz ki, sənət əsərləri də ruhumu lərzəyə salır. Məsələn, bir neçə gün əvvəl rəssam Fərhad Xəlilovun Heydər Əliyev Mərkəzində baş tutan sərgisində oldum, heyran qaldım. Onun əsərləri mənə inanılmaz ilham verdi. Mütləq ki, gələcək kolleksiyalarımda öz təsirini buraxacaq...

- Azərbaycanda kişilər istədiyi kimi geyinmir, dəblə ayaqlaşanlar da bəzən yaxşı qəbul edilmir. Avropa ölkələrində vəziyyət fərqlidir, sizcə niyə belədir?

- İstanbulda da belədir, biz özümüzü İtaliya, Fransa və İngiltərə ilə müqayisə edə bilmərik. Onlar illərdir ki, modanın vətəni sayılır. İtaliyaya addım atan kimi geyim-keçimə fikri verirəm, aksessuarlardan istifadə edirəm, şapka taxıram, bir sözlə, o şəhərin əhval-ruhiyyəsinə bürünürəm. Dəb o şəhərlərin xəmirində, mayasında var. Bakı əslində bürokratiyanın üstün olduğu şəhərdir. İnsanlar bu çevrədə işlədiyi üçün qara və klassik tərzdə geyinməyə məcburdur. Buna baxmayaraq, Bakıda çox şıq geyinən kişilərlə çox qarşılaşmışam.

- Qadın gözəlliyinin əsas şərti nədir?

- Əlbəttə ki, sağlamlıq. Keçən ilki dəfiləmdə 46 bədən ölçülü məşhur makiyaj ustası Alev Karslını podiuma çıxartdım və bununla da mesaj verdim ki, gözəllik və xoşbəxtlik bədənlə əlaqəli deyil. "Arıqlıq xoşbəxtlik gətirir" deyə bir şey yoxdur.

- Bəs müasir qadını necə görmək istəyirsiniz?

- Qadın və ya kişi fərq etməz, modern insan ilk növbədə özü və inkişafı üçün əlləşməlidir. Gününüzü telefonda yaşamaqla keçirməyin. Müasirlik insanın geyimində yox, beyin və düşüncələrindədir.

- Bir qədər trendlər haqqında danışaq. Bu mövsüm gəlinlik və axşam geyimlərində nələr dəbdə olacaq?

- Qəhvəyi tonlar, səksəninci illərdə istifadə edilən çiyinliklər, qalın korsetlər, kəmərlər, 70-ci illərin drapirovkaları və zümrüd yaşılı bu mövsüm çox dəbdədir.

Gəlinliklərdə isə bütün məsələ parçadan asılıdır. Krujeva və tüllər hər zamankı kimi aktual olmağa davam edəcək, amma korset modeli daha çox önə çıxacaq.

- Qazandığınız uğurları nəyə borclusunuz?

- Heç bir uğur formulum yoxdur, inanclı insanam, Allaha dua edirəm.

- Azərbaycanda hansı məşhurun tərzini xüsusilə bəyənirsiniz?

- Birinci ledinin tərzini çox bəyənirəm. Çox gözəl geyinir, çox sofistik tərzi var, geyimdən və trendlərdən anlayan xanımdır.