Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik — İlham Əliyev

"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib.

Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik — İlham Əliyev

Prezident qeyd edib ki, yeni klinikada 575 çarpayı mövcuddur:

"Bizim digər təmir edilmiş, yaxud da yenidən tikilmiş klinikalardır və bütün klinikalar tibbi avadanlıqla təmin olunub. Son illərin istehsalı, aparıcı şirkətlərin istehsalı olan avadanlıq bizə imkan verir ki, istənilən xəstənin müalicəsini təmin edək. Ona görə, bax, bu görülmüş işlərdir və son 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Bu güclü sosial səhiyyə infrastrukturu bizə imkan verdi ki, bu vəziyyətdən də şərəflə çıxaq. Biz iki min əlavə çarpayını ona görə yaradırıq ki, bu, bir ehtiyat olsun, Allah eləməsin, bu xəstəlik daha geniş yayılsa, bizim imkanımız olsun. Lazım olarsa, əlavə 10 xəstəxana da tikərik. Yəni, bu məqsədlər üçün biz istənilən vəsaiti tapa bilərik və tapırıq".

Dövlət başçısı bildirib ki, bu dövr ərzində bir daha demək istəyirəm ki, Azərbaycan beynəlxalq arenada siyasi cəhətdən özünü güclü dövlət kimi göstərdi, iqtisadi sahədə güclü dövlət kimi göstərdi, sosial sahədə güclü dövlət kimi göstərdi:

"Göstərdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Onu da bildirməliyəm ki, bu dövr ərzində aparıcı beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardımla bağlı müraciət edib. Azərbaycanın adı bu siyahıda yoxdur. Biz heç kimdən yardım almırıq, heç kimdən yardım istəmirik, biz kredit istəmirik. Ancaq yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün kredit ala bilərik, bizə məqbul olan şərtlərlə. Ona görə bütün parametrlər üzrə Azərbaycan liderlik göstərib. Bu liderlik artıq regionumuzun çərçivələrindən çoxdan çıxıb".

Ölkə.Az