Böyük FIRTINA YAXINLAŞIR: "Mehmetcik" 80 minlə hücuma keçir və ABŞ ordusu... - SENSASİON İDDİA

Böyük FIRTINA YAXINLAŞIR:
https://www.peyk.az

Türkiyə Fəratın şərqində bir əməliyyat keçirərsə, ABŞ hərbçilərini çəkmək məcburiyyətində qalacaq.

Publika.az xəbər verir ki, bu haqda “Wall Street Journal” nəşrinə danışan amerikalı səlahiyyətlilər bildiriblər.

Xəbərdə Türkiyənin genişmiqyaslı bir əməliyyat üçün bütün hazırlıqları tamamladığı, ABŞ-ın təktərəfli addımlardan narahat olduğu qeyd edilir.

“Türkiyə bölgəyə çoxlu sayda zirehli texnika yeritdi. Türkiyə bölgəyə kiçik və ya böyük bir güc yeridə bilər. Türkiyə ilə YPG arasındakı qarşıdurma ABŞ-ın çəkilməsini sürətləndirər. Böyük bir fırtına qarşısında çıxmaqdan başqa bir çarə qalmaya bilər”, - səlahiyyətlilər deyiblər.

Bildirilir ki, Türkiyə əməliyyatdan 48 saat əvvəl xəbərdarlıq etməsə, ABŞ lazımi addımları ata bilməz və hərbçilər təhlükə qarşısında qala bilərlər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsiz zonanın yaradılması üçün ABŞ-a sentyabrın sonuna kimi vaxt vermişdi.

“ABŞ terror təşkilatı üçün təhlükəsiz zona yaratmağa çalışır. Sentyabr ayı bitmədən təhlükəsiz bölgə yaradılmazsa, öz yolumuzla gedəcəyik. Anlaşılan odur ki, müttəfiqimiz bizim üçün deyil, terror təşkilatı üçün təhlükəsiz zona yaratmaq istəyir. Belə bir anlayışı rədd edirik. Heç kim günahsız insanları terror təşkilatlarının və ya qəddar rejim qüvvələrinin təhdidi altında yaşamağa məcbur edə bilməz. Nə Fərat çayının şərqində, nə də İdlibdə belə bir insanlıqdan kənar vəziyyətə yol verməyəcəyik”, - prezident sentyabrın 8-də Malatyada kütləvi açılış mərasimində bildirmişdi.

Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldıracaq təhlükəsiz zonanın qurulmayacağı halda, “B planı” olaraq hərbi variantının masada olduğu ifadə edilir. Bu çərçivədə, bütün hazırlıqlarını tamamlayan Türkiyə Silahlı Qüvvələri (TSK) sərhəd xəttində gözləyir. Təxminən 80 min “Mehmetçik” mümkün bir hərbi əməliyyat üçün əmr gözləyir.

Ərdoğanın “Röyters” agentliyinə ötən gün verdiyi müsahibəsində səsləndirdiyi fikirlər də bu konteksdə diqqət çəkir.

“Təəssüf ki, təhlükəsiz bölgə anlayışı gözləntilərimizə cavab vermir. Səbrimiz daşarsa, başımızın çarəsinə baxmaq məcburiyyətində qalacağıq”, - Ərdoğan sentyabrın sonunda hərbi variantın real olduğunu növbəti dəfə dilə gətirib.

Ekspertlərin xəbərdarlığı isə Türkiyə ordusunun Amerika əsgəri ilə mümkün toqquşması ilə bağlıdır. Hərbi əməliyyatın ABŞ-la koordinasiya edilmədən keçirilməsinin belə bir toqquşma ehtimalını artırdığı bildirilir.