Britaniyada nə baş verir?

Çərşənbə axşamı Britaniya parlamenti tətildən qayıtdı. Bu o deməkdir ki, Britaniya siyasətində ölkənin ən yeni tarixində misli-bərabəri olmayan savaş başlayır.

Britaniyada nə baş verir?
https://www.peyk.az

Çərşənbə axşamı Britaniya parlamenti tətildən qayıtdı. Bu o deməkdir ki, Britaniya siyasətində ölkənin ən yeni tarixində misli-bərabəri olmayan savaş başlayır.

Ola bilsin, yaxın bir neçə gün ərzində Britaniyanın və böyük hesabla həm də Avropanın nəinki yaxın dövr, həm də sonrakı bir neçə il üçün taleyi həll olunacaq.

Britaniya tarixində siyasi böhranlar çox olub, amma bir neçə məsələnin bu şəkildə toqquşması ilk dəfədir: ölkə taleyüklü qərar qəbul etməlidir, amma bacarmır; parlament hökuməti bu qərarı vermək hüququndan məhrum etmək istəyir və bunun üçün gecələr də və hətta istirahət günləri də çalışmağa hazırdır; bununla belə, Baş nazir parlamentdə səs çoxluğuna malik deyil; hakim partiya bir-biriylə vuruşan fraksiyalara parçalanıb; parlamentin işinin dayandırılması qərarının qanuniliyilə bağlı iddialara üç məhkəmə baxır; üstəgəl, arxa planda Şotlandiyanın müstəqilliyilə bağlı referendum perspektivi və İrlandiyada yeni toqquşmalar təhlükəsi görünür.

Bütün bunlar Britaniyanın Avropa İttifaqından bu dəfə oktyabrın 31-nə təyin edilmiş çıxışıyla əlaqəlidir.

Bu savaşda parlament çoxluğu qalib gəlsə, "Brexit", böyük ehtimal, təxirə salınacaq və Britaniyada növbədənkənar seçkilər keçiriləcək. Avropa İttifaqına üzvlüklə bağlı yeni referendum da təyin oluna bilər.

Boris Johnson qalib gəlsə, yəqin ki, Britaniya 31 oktyabrda Avropa İttifaqını tərk edəcək.

Davakar parlament

Baş nazir, avroskeptik Boris Johnson nəyin bahasına olursa-olsun, oktyabrın 31-də Britaniyanı Avropa İttifaqında çıxarmaq niyyətindədir - bu, Aİ ilə bütün əlaqələri kəsmək bahasına başa gəlsə belə.

Baş nazir iddia edir ki, Avropa İttifaqıyla yumşaq "boşanma" tərəfdarıdır, amma onun və Aİ liderlərinin mövqeləri Johnson-un opponentlərində belə bir fikir yaradıb ki, baş nazir ölkəni məhz sərt "Brexit"ə doğru sürükləyir.

Həftə ərzində parlament Baş nazirə bunu birbaşa qadağan edəcək qanun qəbul etmək niyyətindədir. Bununu üçün çərşənbə axşamı İcmalar Palatası hökuməti gündəlik müəyyənləşdirmək hüququndan məhrum etməlidir - özü-özülyündə bu da çox nadir hadisədir.

Müxtəlif fraksiyalardan olan deputatların hazırladığı qanun layihəsində deyilir ki, Aİ-nin oktyabrın ortalarında keçiriləcək sammitinə qədər tərəflər "boşanmanın" şərtləriylə bağlı razılığa gələ bilməsələr, Baş nazir Aİ-dən "Brexit"i 3 aylığa - 2020-ci ilin yanvar ayının 31-nə kimi təxirə salmağı xahiş etməyə borcludur.

Layihədə həmçinin qeyd edilir ki, Aİ başqa tarix təklif etsə və parlament fərqli qərar verməsə, Baş nazir bununla razılaşmağa borcludur.

Boris Johnson gələn həftədən etibarən və oktyabrın ortalarına qədər parlamentin işini dayandırmaq qərarına gəldiyi üçün İcmalar və Lordlar palatalarının vaxtı çox azdır, buna görə də deputatlar gecələr və hətta istirahət günlərində də çalışmağa hazır olduqlarını bəyan ediblər.

Son 80 il ərzində Britaniya parlamenti cəmi 3 dəfə istirahət günlərində fəaliyyət göstərib: İkinci dünya müharibəsi başlayanda, 1950-ci illərdəki Süveyş böhranında və Folklend adaları uğrunda müharibə zamanı.

Tori üsyançıları

Parlamentdə əsas məqam Baş nazirin səs çoxluğuna malik olmamasıdır, çünki Tori fraksiyasından olan kifayət qədər böyük qrup - 20-40 arası deputat onun və sərt "Brexit"in əleyhinə səs vermək niyyətindədir.

Baş nazir üsyançıları fraksiyadan qovmaq və növbəti seçkilərdə iştirakdan məhrum etməklə hədələyib.

Amma bu, "Johnson-a qarşı üsyan"ın rəhbərlərini qorxutmayıb.

Филип ХэммондFotonun müəllifiREUTERS
Image captionTorilərin görkəmli nümayəndələrindən biri olan Filip Hammond Johnson və ətrafına savaş açmağa söz verir

"Hesab edirəm ki, bizim kifayət qədər səsimiz var. Həmkarlarımızın bir çoxu son həftə ərzində baş verənlərdən çox qəzəbləniblər. Mən milli maraqları bizə və karyeramıza qarşı təhlükədlərdən üstün tutmağın indi necə vacib olduğunu ciddi dərəcədə hiss edənlərin mühafizəkarlar arasında da olduğunu düşünürəm" - "üsyançıların" liderlərindən biri Filip Hammond çərşənbə axşamı BBC-yə verdiyi müsahibədə belə deyib. Hammond əvvəlki hökumətdə vacib postlardan biri olan maliyyə naziri vəzifəsini icra edib.

Adətən, son dərəcə təmkinli olan Hammond-un hökumətdən gələn təhdidlərə fərqli ton və ifadələrlə cavab verməsi hakim partiyadakı fraksiyalar arasında düşmənçiliyin necə kəskin olduğunu göstərir.

"Bu mənim partiyamdır! Mən 45 ildir ki, bu partiyanın üzvüyəm! Mən öz təşkilatımı təzəlikcə Mühafizəkarlar Partiyasına sızıb onu müxtəlif baxışlı insanların geniş birliyindən dar bir fraksiyaya çevirmək istəyənlərdən müdafiə etmək niyyətindəyəm. Onlar bu hökumətdə çalışırlar və ola bilsin, heç partiya üzvü də deyillər və onun gələcəyi bu adamları qətiyyən narahat etmir - mən öz partiyamı onlardan müdafiə etmək niyyətindəyəm!" - deyə, Hammond bəyan edib.

Seçki təhlükəsi

Dauninq-stritdən olan, adlarının gizli qalmasını istəyən mənbələrin verdiyi məlumata görə, cavab zərbəsi olaraq hökumət parlamentdən növbədənkar seçki tələb etməyi planlaşdırır.

Boris Johnson bazar ertəsi xalqa müraciətində bildirib ki, o özü növbədənkənar seçki istəmir və ümid edir ki, deputatlar onun Britaniyanı təyin edilmiş vaxtda Aİ-dən çıxarmasına mane olmayacaqlar.

Amma bu çıxışdan dərhal sonra yüksək rütbəli hökumət nümayəndəsi jurnalistlərə bildirib ki, əgər çərşənbə axşamı parlament hökuməti gündəlik təyin etmə hüququndan məhrum etsə, çərşənbə günü Johnson təcili surətdə növbədənkənar seçki qərarı çıxarmaq və Aİ-nin sammitindən 3 gün, "brexit"dən iki həftə yarım əvvəl - oktyabrın 14-də bu seçkiləri keçirmək təklifini irəli sürəcək.

Bu gunFotonun müəllifiPARLİAMENT TV
Image captionBu həftə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi ilk növbədə İcmalar Palatasının spikeri Con Berkoudan asılıdır. O bəyan edib ki, parlamenti söz hüququndan məhrum etməmək üçün əlindən gələni edəcək.

Amma növbədənkənar seçki elan etmək üçün İcmalar Palatasında üçdə iki səs çoxluğu tələb olunur. Aparıcı müxalifətçilərin, ilk növbədə leyboristlərin açıqlamalarından məlum olur ki, onlar əvvəlcə Johnson-u "Brexit" üçün vaxt almağa məcbur edəcək qərarı qəbul etmək niyyətindədirlər. Baş nazir arzu edərsə, seçki məsələsi bundan sonra müzakirə oluna bilər.

Britaniya siyasətində etimad böhranından xəbər verən belə vəziyyətin əsas səbələrindən biri budur ki, deputatlar Johnson sonradan başqa cür davranacağından - parlament buraxılandan sonra öz səlahiyyətlərindən istifadə edib seçkinin tarixini 31 oktyabrdan sonrakı tarixə keçirəcəyindən və beləliklə də sərt "Brexit"in qaçılmaz olacağından ehtiyat edirlər.

Nəzəri baxımdan baş nazir parlamentdən hökumətə etimad səsverməsi tələb edə bilər - bu halda istefa və yeni seçkilər üçün İcmalar Palatasındakı səslərin ancaq yarısı lazım gələr. Amma situasiya o qədər paradoksal və hətta anekdotvaridir ki, Johnson özünə lazım olan məqamda parlamentin onu istefaya göndərəcəyinə də əmin ola bilmir.

Məhkəmələr vasitəsilə yandan zərbə

Parlament və hökumət arasındakı savaş bu həftə başqa cəbhədə də davam edəcək - parlamentin fəaliyyətini oktyabrın ortalarına qədər təxirə salmaqla bağlı qərarın qanuniliyi üç məhkəmədə araşdırılacaq.

Çərşənbə axşamı iddialardan birinə Şotlandiyanın ali vətəndaş məhkəməsi olan Edinburqdakı Sessiya Məhkəməsi baxacaq. İddiaçılar İcmalar və Lordlar palatalarının 75 üzvüdür. Qərarın çərşənbə günü veriləcəyi gözlənir.

Cümə axşamı belə bir iddia Londonun Yüksək Məhkəməsində araşdırılacaq. İddiaçılar arasında keşmiş Baş nazir, mühafizəkar Jon Major da var. Daha bir analoji iddiaya həftə ərzində Belfast Məhkəməsində baxılacaq.

Proroqasiyaya, yəni parlamentin işinin dayandırılmasına qarşı çıxmaq çox qeyri-adi və mübahisəli məsələdir.

Çünki proroqasiya formal olaraq kraliçaya məxsus hüquqdur, Britaniyada isə monarx əlçatmazdır.

Amma iddiaçılar deyirlər ki, kraliçanın qərarına yox, bu qərar üçün ona ağız açmış Baş nazirin motivlərinə etiraz edirlər.

Boris Johnsonsa hökumətin yeni proqramını hazırlamaq üçün fasilə istədiyini və bunun adi prosedur olduğunu bildirir. Amma onun opponentləri iddia edirlər ki, Baş nazir parlamenti hökumətin "Brexit" fəaliyyətinə nəzarətdən məhrum etmək üçün fasilə qərarına nail olub və bu qanunsuzdur.

Hətta hakimlərin də haqlı saydığı bu iddialar üzrə qərarların necə və harda icra olunacağı hələ ki aydın deyil.