Çörək pasportla verilir, yumurta üçün... - Türkmənistan aclıqla üz-üzə/Video

Mağazalarda boş piştaxtalar, ərzaq üçün növbələr, kolbasa üçün uzun-uzadı axtarışlar... Bu, keçmiş SSRİ barədə xatirələr deyil. Müasir Türkmənistan bu şərtlər altında yaşayır.

Teleqraf.com xəbər verir ki, qaz ehtiyatlarının həcminə görə dünyada dördüncü yerdə dayanan Türkmənistan hazırda aclıq təhlükəsi ilə üz-üzədir.

Situasiyanı ağırlaşdıran ölkədə katastrofik həddə çatan işsizlik və pulsuzluqdur. Ölkə vətəndaşları yaxşı yaşayış ümidilə kütləvi şəkildə doğma vətəni tərk edirlər.

Dünyanın ən qapalı ölkələrindən olan Türkmənistan sərt senzura və avtoritarizminə görə Şimali Koreya ilə müqayisə edilir. İnsanlar nəsə almaq üçün sübh tezdən növbəyə dururlar. Adətən 04:00-dan başlayan növbələr zamanı vətəndaşlar ən zəruri ərzaq məhsulları almağa çalışırlar.

Növbələr zamanı tez-tez intizamsızlıq yaranır və davalar düşür. Vilayətlərdə çörək pasportla satılır. Un almaq üçün isə bir ay əvvəldən növbəyə yazılmaq lazımdır.

Bu günlərdə Aşqabadda çəkilən bir videoda isə Türkmənistan vətəndaşlarının yumurta almaq üçün saat 04:00-dan etibarən uzun növbəyə düzülmələri əks olunub.

Paytaxtın “Parahat-7” mikrorayonunun “Bərəkətli” bazarının şərq qapısında lentə alınan videonu müşayiət edən qeyddə bildirilir ki, bazarın qapılar 06:00-da açılır və həmin vaxtdan etibarən yumurta satışı başlayır. Ancaq hər bir növbəyə duran şəxs 5 yeni türkmən manatı (2.42 AZN) ödəməklə 11 ədəd yumurta ala bilər. 11 ədəd yumurtanın 5 manata satılmasının satıcıların işini asanlaşdırmaq məqsədi daşıdığı da vurğulanır.