Dahi deyib keçmə - Məşhurların QƏRİBƏ VƏRDİŞLƏRİ – Bazar küncü, çürümüş alma, heyvan səsləri...

Öz kəşfləri ilə bəşəriyyətin elmi-texniki inkişafına əvəzsiz töhfələr vermiş dahi şəxsiyyətlər sadəcə, intellektləri deyil, həm də qəribə davranışları ilə fərqləniblər.

Dahi deyib keçmə - Məşhurların QƏRİBƏ VƏRDİŞLƏRİ – Bazar küncü, çürümüş alma, heyvan səsləri...

Öz kəşfləri ilə bəşəriyyətin elmi-texniki inkişafına əvəzsiz töhfələr vermiş dahi şəxsiyyətlər sadəcə, intellektləri deyil, həm də qəribə davranışları ilə fərqləniblər.

Peyk.az dünya şöhrətli şəxsiyyətlərin malik olduqları qəribə və anlaşılmaz vərdişləri haqda materialı təqdim edir.

1. Lüdviq van Bethoven – Dahi alman bəstəkarı duş qəbul etməyi çox sevər və vaxtının çoxunu buna həsr edərmiş. Duş bəstəkarın ilham mənbəyi hesab olunurdu. Ölümündən öncə son dəfə “Komediya bitdi” sözlərini deyib.

2. Nikola Tesla – Serb əsilli amerikalı ixtiraçı yatmazdan əvvəl ayaq barmaqlarını 100 dəfə sıxarmış.

3. Paul Erdos – Məhsuldar riyaziyyatçı amfetamin istifadəçisi idi. Beləliklə o, gün ərzində 20 saat işləyərək, qalan 4 saatını yatmağa və digər işlərinə həsr edərmiş. Bir dəfə dostu ilə 500 dollardan mübahisə edən Erdos bir ay amfetaminsiz qalmağa razı olur və mərci udur. Lakin bir aydan sonra “Sən riyaziyyatı bir ay dala atdın”, – deyə dostuna şikayətlənir.

4. Edqar Allan Po – Amerikalı yazıçı əsər üzərində işə başlamazdan əvvəl saatlarla oturub yemədən-içmədən ağ kağıza tamaşa edərmiş. Ölümünün səbəbi isə hələ də tam aydınlaşmayıb. Onun alkoqol və narkotik maddələrdən ifrat istifadə, vəba, quduzluq, intihar, vərəm, ürək çatışmazlığı və sair səbəblərin birindən öldüyü güman edilir.

5. Jan Lafonten – Fransalı təmsil yazıçısı ilhamlandığını heç kəsdən gizlətmirmiş. Belə ki o, küçədə ətrafdakı insanları nəzərə almadan cümlələri xüsusi intonasiya ilə ucadan söyləyirmiş. Bundan əlavə, əsərinə daxil etdiyi heyvanların səslərini də təqlid etməkdən qalmırmış.

6. Bernard Şou – Böyük Britaniya tarixində Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu sayılan irland əsilli Bernard Şou yazmadan öncə rezin çəkmələr və sona qədər düymələnmiş qara plaş geyinər, başına isə şlyapa qoyaraq, gedib bazarın bir küncündə otururmuş. Bazardakı qələbəlik onu daha məhsuldar işləməyə sövq edərmiş.

7. Aleksandr Duma (ata) – Tanınmış fransız nasir əsərlərini xüsusi dördkünc kağızlarda yazırmış. Əgər kağız bitərdisə, yazısını yarımçıq saxlayarmış.

8. Andre Mari Amper – Məşhur fransız fiziki və riyaziyyatçısı bir gün evdən çıxarkən təbaşir ilə: “Amper axşam evdə olacaq”, – deyə qeyd yazır. Lakin işdən bir az tez qayıtdığı üçün yazını oxuyub geri dönür. Çox unutqan olan Amper həyatının son çağlarında öz kimliyini belə unudurmuş.

9. Cerolamo Kardano – İtalyan filosofu Kardano elə zənn edirmiş ki, dövlətin başında dayanan əsas fiqurlar onu müntəzəm izləyirlər. Bu səbəbdən, hətta sui-qəsd şübhəsi üzündən ona təklif olunan yeməklərdən də imtina edirmiş.

10. Volfanq Motsart – Dahi Avstriya bəstəkarı maniyadan əziyyət çəkirdi. O belə düşünürdü ki, İtaliyada hər kəs təqib edir. Bu səbəbdən də, evdən bayıra çıxmırmış.

11. Henrik İbsen – Görkəmli Norveç dramaturqu sərxoş olarkən, əlinə keçən hər şeyi cırıb-atırmış. Onun “sərxoş qəhrəmanlığı” həyatının bir neçə ilini sərf etdiyi qiymətli əlyazmalarının axırına çıxıb. İbsen ayılandan sonra ağlayaraq, məhv etdiyi hissələri yenidən yazmağa başlayırmış.

12. Fridrix Şiller – Dahi qələm ustası yalnız masanın üstündə çürümüş və qurdlu alma görəndə, ilhamlanaraq yazmağa başlayırmış.

13. Emil Zolya – Məşhur fransız yazıçı roman yazarkən, özünü stula bağlayırmış.

14. Alfred De Müse – Fransız yazıçı öz şerlərini iki nəfərlik şamlar düzülmüş masada romantik ab-hava yaradaraq, yazırmış. O, xəyalında canlandırdığı qadını masada təsəvvür edərək, ilham alırmış.

15. Şarlotta Bronte – Məşhur ingilis şairə və yazıçı roman yazarkən, hər səhifəni tamamladıqdan sonra gedib kartof təmizləyirmiş, sonra yenidən əyləşib romana davam edirmiş.

16. Qüstav Flober – Ən görkəmli roman müəlliflərindən biri sayılan yazıçı əsər üzərində işləyərkən, qəhrəmanların şəkillərini qarşısına qoyaraq, onlarla xəyali söhbət qurar, ağlayıb- gülərmiş. Daha sonra nizami əsgər yerişi ilə addımlayaraq, əsərlərinə ad fikirləşirmiş.

17. Leonardo da Vinçi – Dahi şəxsiyyət rəsm çəkməyə başlamazdan öncə kətanlara öz imzasını qoyurmuş. Bu vərdişin onu ilhamlandırdığı güman edilir. Yuxu rejimi bir qədər fərqli olan da Vinçi hər dörd saatdan bir yarım saat yatırdı. Bir əli ilə şəkil çəkə, digərilə isə yazı yaza bilirdi.

18. Albert Eynşteyn – 9 yaşından sonra danışmağa başlayan dahi hər gün ən az 10 saat yatarmış. Deyilənə görə, Nisbilik nəzəriyyəsi müəllifinin bütün kəşfləri yuxuda olarkən, yaranıb. Eynşteyn üçün gündəlik gəzinti müqəddəs ritual olub. Gün ərzində ən azı 2 kilometr piyada gəzirmiş. Buna baxmayaraq, Eynşteyn siqaret asılılığından əziyyət çəkirmiş. Onun fikrincə, tütün “insanın hadisələrə sakit və obyektiv qərar verməsinə” kömək edir. Ölümündən öncə son sözləri “Vəzifəmi burada bitirirəm” olub.

Hazırladı Rufina Əlizadə

www.peyk.az