Distant təhsilin ümidinə qalan tədris proqramı: “Təhsilin keyfiyyəti xeyli aşağı düşəcək” – Elçin Əfəndi

“Bu gün distant təhsil öyrədicilik baxımından, özünü maksimum 40-50 faiz doğrulda bilər”.

Distant təhsilin ümidinə qalan tədris proqramı: “Təhsilin keyfiyyəti xeyli aşağı düşəcək” – Elçin Əfəndi

“Bu gün distant təhsil öyrədicilik baxımından, özünü maksimum 40-50 faiz doğrulda bilər”.

Koronavirus infeksiyasının yayılmasına qarşı görülən məhdudlaşdırıcı tədbirlər çərçivəsində ölkənin orta və ali məktəblərində martın 5-dən etibarən, tədrisin tamamilə dayandırılması, dərslərin hələ ki distant rejimdə davam etdirilməsi ortaya bir sıra suallar çıxarıb.

Azərbaycanda distant təhsil təcrübəsi yeni olduğu üçün şagirdlər və müəllimlər bu sistemə tam adaptasiya olmayıblar. Eyni zamanda, yaranan müəyyən texniki problemlər də distant təhsilin effektini aşağı salır. Belə bir şəraitdə ölkədə tədris ilinin nə zaman başa vurulacağı sualının aktuallığı günbəgün artır.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Peyk.az-a açıqlamasında bildirib ki, koronavirusla əlaqədar ölkənin orta və ali məktəblərində tədrisin dayandırılması gələcək üçün heç də ümidverici nəticə vəd etmir:

“Çünki belə bir vəziyyətdə təhsilin keyfiyyət göstəriciləri xeyli aşağı düşəcək. Bu il istər ali məktəblərə qəbul imtahanlarının, istər buraxılış imtahanlarının, istər ali məktəblərdə semestr imtahanlarının, istərsə də Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanların nəticələri aşağı olacaq.

Əyani təhsil əsasında dərslərin mənimsənilməsində 100 faizlik nəticə əldə edilmədiyi halda, distant təhsil sayəsində yüksək nəticə qazanılacağını gözləmək özünü aldatmaq olar.

Bu gün distant təhsil öyrədicilik baxımından, özünü maksimum 40-50 faiz doğrulda bilər. Onu da nəzərə alaq ki, distant təhsilə cəlb olunma göstəricisi ölkənin regionları üzrə heç də eyni deyil. Əgər eyni olsaydı belə, nəticə yenə də dəyişməyəcəkdi”.

Elçin Əfəndi vurğulayıb ki, tədrisdən kənarda qalan şagirdlərin buraxdıqları dərslərin bərpası hazırda distant formada həyata keçirilsə də, bu prosesin tələblərə cavab verməməsi yeni qərarların qəbuluna zəmin yaradır:

“Əgər karantin rejimi aprelin 20-dən ləğv olunarsa və dərslər yenidən başlayarsa, o zaman tədrisi şənbə günlərində də davam etdirmək olar. Həmçinin tədris ilinin müddəti iyunun sonuna kimi uzadıla bilər.

Lakin hazırkı durumda karantin rejiminin uzadılacağı ehtimalı daha çoxdur. Belə olan halda ümid tədrisdə yaranan boşluğu sadəcə, distant təhsillə doldurmağa qalır”.

Gülşən Şərif

www.peyk.az