Doğuş masasında ölən analar: Günah həm də onların özlərindədir - AKTUAL

Doğuş masasında ölən analar: Günah həm də onların özlərindədir - AKTUAL
https://www.peyk.az
Bakıda daha bir qadın doğuş zamanı ölüb. Hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Məmmədbəyli küçəsi, ev 16, mənzil 28-də yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı "39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü" diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb.

 
Bu artıq neçənci belə xoşagəlməz hadisədir ki, baş verir. Adətən ana ölümlərinin günahını qadının yaxınları həkimlərdə, həkimlər isə pasientin özündə axtarırlar. 
 
 

Fəxranə Hüseynzadə: "Bir neçə prosedur var ki, hamiləlik müddətində o prosedurlardan keçmək lazımdır"

 
Problemlə bağlı Sherg.az-a danışan cərrah, mama-ginekoloq Fəxranə Hüseynzadə deyib ki, əslində ötən illərə nisbətən bu cür halların sayı azalıb:
 
"Xüsusən də ana ölümləri bölgələrimizdə çox idi. Lakin durum hazırda fərqlidir. Çünki artıq bölgələrimizdə də inkişaf etmiş, işini məsuliyyətlə görən yaxşı həkimlər fəaliyyət göstərir. Təbii ki, ana ölümləri baş verməməlidir. Amma təəssüf ki, bəzən bu cür bədbəxt hadisələr yaşanır”. 
 
Həkim fikrincə burda günah həkimlərdə yox, pasientlərin özlərindədir: 
 
“İlk növbədə onu deyim ki,  hamilə qadınlar vaxtlı-vatında müayinələrə gəlmirlər. Bir neçə prosedur var ki, hamiləlik müddətində o prosedurlardan keçmək lazımdır. Müxtəlif səbəblərdən qadınlar müayinə etdirmirlər, öz səhhətlərinə məsuliyyətsiz yanaşırlar. Yaxud da, elə olur ki, həkim onları  düzgün məlumatlandırmır. Bəzən olur ki, pasienlər doğuşa az vaxt müddət qalmış həkimə müraciət edirlər. Bu zaman da anada olan hansısa mövcud  tibbi problemi aradan qaldırmaq mümkün olmur. Gecikdiyinə görə, doğuşda risk yaranır.  Sonucda da təəssüf ki, problem ananın doğuş masasında ölümü ilə nəticələnir”. 
 
F.Hüseynzadə hamilə qadınlara məsləhət görür ki, lazımi prosedurlardan vaxtında keçsinlər: 
 
“Normal doğuş keçirmələri üçün analar nəinki hamiləliyin sonlarında, ümumiyyətlə doqquz ay müddətində mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar. Sağlamlıqları ilə bağlı məsuliyyətlərini dərk etməlidirlər. Analar məsuliyyətli olsalar, o zaman belə bədbəxt hadisələrin qurbanına çevrilməzlər”.