Dünya ölkələri Çinin, Çin isə Azərbaycanın imkanlarından faydalanmağa can atır…

Dünyanın ən böyük ixracatçı ölkəsi olan Çinin son dövrlərdə Azərbaycan üzərindən yükdaşımalara daha çox diqqət yetirməsi müşahidə olunur. Belə görünür ki, ölkəmizin coğrafi mövqeyi və burada qurulan nəqliyyat infrastrukturu Azərbaycan üzərindən daşınan Çin yüklərinin həcmini əhəmiyyətli dərəcədə artıracaq. Bu arada isə məlum olub ki, yükləri Azərbaycan üzərindən dünya bazarlarına çıxaran Çin şəhərlərinin sayı da artır. Belə ki, Çinin Xian şəhərindən də gələn yüklər artıq Azərbaycan üzərindən keçəcək.

Dünya ölkələri Çinin, Çin isə Azərbaycanın imkanlarından faydalanmağa can atır…
peyk.az

Bu şəhərdən Çexiyanın  paytaxtı Praqaya Transəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə 42 konteyner daşıyacaq qatar Bakı-Tiflis-Qars yolu ilə, daha sonra da Bosfor boğazı altından keçən “Marmaray” xətti vasitəsilə Avropaya gedəcək ilk yük qatarı olacaq. Bununla bağlı olaraq  noyabrın 5-də İstanbulda qarşılanma mərasimi keçiriləcək qatar “China Railway Express”ə məxsusdur.

Qeyd edək ki, aprel ayında Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq İqtisadi forumu zamanı Transəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Assosiasiyasına daxil olan “ADY Container LLC” ilə Çinin “Xian Continental Bridge International Logistics” şirkəti arasında imzalanan müqaviləyə əsasən, tərəflər cari ilin sonunadək 30 konteyner qatarı yola salmağı öhdəsinə götürüb.

Pekin burada onu da nəzərə alır ki, Çindən gələn malların Avropaya daşınması üçün Azərbaycanda mükəmməl infrastruktur yaradılıb. Ölkəmizin Qazaxıstanın Aktau limanından yükləri daşımaq üçün 260 gəmidən ibarət güclü donanması var. Bu yüklərin boşaldılması və yola salınması üçün isə Ələtdə beynəlxalq əhəmiyyətli liman tikilib. Limandan yüklərin Avropa ölkələrinə daşınması üçün Bakı-Tiflis-Qars fəaliyyət göstərir. Eyni zamanda, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edir. Məhz bütün bunlar Çinin, digər layihələrlə müqayisədə, Azərbaycana, xüsusən də Bakı-Tiflis-Qarsa daha çox diqqət ayırmasına rəvac verir. Burada onu da vurğulayaq ki, Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu yaratması ilə mühüm nəqliyyat mərkəzinə çevrilməklə bərabər, “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığı da genişləndirir. Xüsusən də  “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi geniş şəkildə təşviq edir. Hesablamalara əsasən isə, 2020-ci ilə qədər Şərq-Qərb istiqamətində Çin tərəfdən Qərbə göndərilən yüklər 5 dəfə artaraq 1,3 milyon konteynerə çatacaq. Bunun 300 mini məhz Qafqaz marşrutu ilə daşınacaq. Azərbaycan və Qazaxıstandan keçməklə Avropadan Mərkəzi Asiya ölkələrinə və Çinə və əks istiqamətdə yük axını iki dəfədən çox artacaq. Məhz belə vəziyyətdə Bakı-Tiflis-Qars üzərindən yükdaşımalar əhəmiyyətli dərəcədə artacaq ki, bu da tranzit yükdışmaların ölkəmizə daha çox gəlir gətirməsi deməkdir.  

Burada daha bir vacib məqam həm də Azərbaycan məhsullarının mövcud marşrutlarla daha asan şəkildə Çin bazarına çıxmasıdır. Ümumiyyətlə, Çinlə iqtisadi, eləcə də siyasi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün mühüm üstünlüklər yaradır. Məsələ burasındadır ki, müasir dünyada bütün dövlətlər Çin bazarı uğrunda mübarizə aparır. Hətta bu gün Çinlə ticarət müharibəsi aparan ABŞ da Donald Trampdan əvvəlki prezidentlərin dövründə Çin bazarında mövqeyə sahiblənmək uğrunda ciddi mübarizə aparıb. Bu dövrdə Çində onlarla ABŞ müəssisəsi açılıb. Eləcə də Avropa da çalışır ki, Çin bazarından pay götürsün. Bu baxımdan, Azərbaycanın da dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkənin bazarına xüsusi diqqət yetirməsi tamamilə təbiidir. Artıq Azərbaycanın bir çox məhsulları, xüsusən də şərab məmumlatları Çində böyük məmnuniyyətlə alınır və onların çeşidinin daha da artması gözlənilir. Ümumiyyətlə, bundan sonra Çinlə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişlənməsi gözlənir. Bu genişlənmə Azərbaycanın iqtisadiyyatı diversifikasiya etməsi üçün böyük imkanlar yaradır. Onu da qeyd edək ki, Çinlə münasibətlərin genişlənməsinə Azərbaycan üçün yalnız tranzit ölkə olaraq rolunun artması nöqteyi-nəzərindən baxmaq lazım deyil. Tranzit imkanları bu münasibətlərin yalnız bir detalı sayılır. Azərbaycan Çinlə əlaqələrdən investisiya cəlbi, müasir texnologiyaların inkişafı, yerli istehsalın qurulması baxımından yararlanmağa çalışır. Təbii ki, hadisələrin bu səpkidə inkişafına tranzit yükdaşımalar ciddi təsir göstərir.

Onu da xatırladaq ki, bir müddət əvvəl Pekində baş tutan “Bir kəmər, bir yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu zamanı Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Daha sonra Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin daha böyük həcmdə Çinə ixracına dair yeni razılıqlar əldə olunub.

Bütün bunlar göstərir ki, Çinlə Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq bir neçə aspektdən qiymətləndirilə bilər. İlk növbədə Azərbaycanın müvafiq infrastrukturunun olması və əlverişli geosiyasi mövqedə yerləşməsi ölkələrin tranzit daşımalarında əməkdaşlığını dərinləşdirir. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, Çin çox böyük bir bazardır. Azərbaycan məhsullarının bu bazarlara ixracı üçün yeni imkanlar yaranır. Məhsullarımızın Çin bazarlarına daşınması daha az xərclə başa gəlir və bu da onların rəqabət qabiliyyətini artırır. Digər tərəfdən, il ərzində Çindən Azərbaycana 1,5 milyard dollar mal və xidmətlər idxal olunur. İnfrastrukturun əlverişliliyi məhsulların Azərbaycana gətirilməsi üçün şərtləri daha da uyğun edir və xərcləri azaldır. Başqa bir məsələ investisiya məsələsidir. Azərbaycanda müvafiq infrastrukturun olması Çin investorlarının Azərbaycanda iqtisadiyyatın müəyyən sahələrinə investisiya yatırmasına və istehsalla məşğul olmasına əlverişli şərait yaradır. Bütün bunlar ölkəmizə mühüm üstünlüklər vəd edir.