ELİNASINI AXTARAN Kamran Ağabalayev bütün gizlinləri öz filmində İFŞA EDƏCƏK - FOTO

Yaxın günlərdə “Ağacdələn” filminin təqdimatını keçirtməyə hazırlaşan aktyor Kamran Ağabalayev məktəbin pəncərəsindən özünü atan 8-ci sinif şagirdi Elinanın pərvanə ömürünü ekranlaşdırmağa qərar verib.

ELİNASINI AXTARAN Kamran Ağabalayev bütün gizlinləri öz filmində İFŞA EDƏCƏK - FOTO
https://www.peyk.az

Publika.az xəbər verir ki, artıq Türkiyə və Rusiyanın film bazarının diqqətini çəkən tanınmış aktyor “Ağacdələn” filmindən qazanılan hər qəpiyin "Ağacdələn. El-lina" layihəsinə xərclənəcəyini vurğulayıb. Adını ölkənin hüdudlarından kənarda tanıtdıran kino ulduzu bildirib ki, Elina Hacıyevanın faciəli ölümünə həsr ediləcək layihə üzərində işlərə artıq başlayıb.

- Kamran bəy, Elinanın başına gələn faciədə sizi ən çox nə təsirləndirdi?

- Bu hekayədə mənə ən çox təsir edən məqam o oldu ki, sənin ətrafında öz dərdini danışmağa bir kəsin qalmır və sən intiharı seçirsən. Öz acizliyinin altında məğlub olması insan ömrünün faciəsidir. Xüsusilə ömrün pərvanə çağında... Odur ki, hər kəsə səslənirəm, ey insanlar, ey valideynlər, ey dostlar, bir-birinizi dinləməyi bacarın! Ümumiyyətlə düşünürəm ki, dərdimizi deməyi xoşlasaq da, dinləməyi bacarmırıq. Maləsəf, dinləməyi bacarmadığımız üçün belə hadisələr başımıza gəlir. Halbuki, bəzən dinləmək məsləhət verməkdən daha qiymətlidir.

Bir sənətçi olaraq bu mövzunu ssenariyə çevirmək istəyi necə yarandı?

- İnsanın, ələxsus da rejissorun deməyə sözü olmalıdır. Və bu söz heç də bayağı komediyalardakı kimi səslənməməlidir.

Hərçənd ki, “Qaragöz” filmi komediyadır, burada filmin rejissoru Orxan Mərdan, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədovun deməyə sözü var idi. Onlar bunu satira ilə insanlara çatdırmaq istədi. Təəssüf ki, insanlar satiraya baxıb düşünməyi sevmir. Odur ki, filmə az baxıldı. Elməddin Cəfərovun çəkildiyi bütün filmlər 100-150 min tamaşaçı toplayıb, “Qaragöz”ə isə 30-40 min adam baxdı. Çünki “Qaragöz” düşündürürdü, məna yükü ağır idi.

Elinanın faciəsi haqqında deməyə sözüm var. Elinanı dinləmədilər, inanmıram ki, tamaşaçılar məni eşitsin. Yenə də vətəndaşlıq və Allaha olan borcumu yerinə yetirirəm. Əgər əlimdə belə imkan varsa və bu hekayəni çəkib tamaşaçılara göstərə bilirəmsə, göstərməliyəm. Hər kəsin bu dünyada bir missiyası var. Bəlkə də mənim missiyam elə budur... Kim bilir?..

- Sizcə, Elinanın başına gələnlər cəmiyyətimizi silkəyə və onları daha diqqətli olmağa səsləyə bildi? Ümumiyyətlə real hadisənin özü, yoxsa o hadisə haqqında çəkilən film daha güclü təsir qüvvəsinə malikdir? Və səbəbi?

- 15 gün, maksimum bir ay silkələnə bilirik. Bir aydan sonra hər şey unudulur. Biz çox yaxşı unutmağı bacarırıq. Bu hadisəni “Ağacdələn” filminin ikinci hissəsində dramaturgiya baxımdan gücləndirməyə çalışacağam. Hələ insanlar bilmir ki, “Ağacdələn” kimdir. İkinci hissə Ağacdələnlə Ellinanın hadisəsindən danışacaq. Bu hadisədə el olmağı bacarmaq lazımdır. Hələ ki, bacarmırıq... Amma “Ağacdələn” filminə baxandan sonra insanlara maraqlı olacaq ki, Elina dostluğu hara gətirib çıxara bilər. “Ağacdələn” 21-ci əsrin Molla Nəsrəddini olacaq!

Ssenari üzərində iş gedir, tezliklə çəkilişlərə başlayacağımızı düşünürəm. İkinci hissədə iki əsas personaj olacaq - mən və Elina – hazırda sözügedən ekran işində bu qızın obrazını təcəssüm etdirə biləcək bir aktrisa axtarıram.

- Bu filmi “Ağacdələn” filmindən qazanılan büdcənin hesabına çəkəcəyinizi demisiniz.

- “Ağacdələn” dən qazanılan hər qəpik "Ağacdələn.El-lina" filminə xərclənəcək! Buna söz verirəm! Qazanılmayacağı təqdirdə işləyib, qazanıb, çəkəcəyik! "Yox", "Alınmır", "Çətindir" kimi sözlərə mənə leksikonumda rast gəlinmir! Özümə söz vermişəm, ölkədə baş verən hadisələrə boş-boş, hərəkətsiz sosial şəbəkələrdə fikir bildirməkdənsə, bütün bu hadisələri kameranın yaddaşına köçürəcəyəm, film kimi əlbəttə... Büdcə? İşləyib, qazanıb, çəkərik!

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumat üçün bildirək ki, “Ağacdələn” oktyabrın 3-dən etibarən kinoteatrlarda nümayiş olunacaq. Baş rollarda Kamran Ağabalayev, əməkdar artist Sənubər İsgəndərli, Xalq artisti Qurban İsmayılov, aktyor Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Zariba Qurbanova və başqaları çəkilib.

Psixoloji-triller janrında çəkilən "Ağacdələn"in quruluşçu rejissoru Kamran Ağabalayevlə Vüsal Əhmədzadə, quruluşçu operator isə Orxan Məmmədovdur.