Ermənilər İsmət Qayıbovu necə aldatdı? - Polkovnik ŞOK DETALLARI AÇIQLADI

1988-1989-cu illərdə Şuşa rayon polis idarəsinin rəisi, 1989-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış, ehtiyyatda olan polkovnik Sadir Məmmədovun müsahibəsini təqdim edirik:

Ermənilər İsmət Qayıbovu necə aldatdı? - Polkovnik ŞOK DETALLARI AÇIQLADI

 

- Sadir bəy, siz Qarabağda separatçı erməni hərəkatının başladığı ilk günlərdən Xankəndinə - hadisələrin ən qaynar nöqtəsinə göndərilmisiniz. Şahidi olduğunuz hadisələr çoxdur. Necə oldu ki, ilk vaxtlar əhəmiyyət vermədiyimiz olaylar cəmi 3-4 il sonra Azərbaycan torpaqlarının işğalı ilə nəticələndi? Hansı səhvlərə yol verdik?

- Tarixə nəzər salsaq görərik ki, hər 30-40 ildən bir ermənilər torpaq iddiaları qaldırıblar. Tarix boyu onların “Böyük Ermənistan” yaratmaq arzusu olub. Bu arzu Daşnaksütyun partiyasının proqramında da yer alıb. Onlar XX əsrin əvvəllərindən başlayaraq, bu arzularını reallaşdırmaq yönündə addımlar atırlar. Elə erməni dövlətinin özü də Azərbaycan torpaqlarında (Zəngəzur mahalı) qurulub. Daha sonra 20-ci illərdə Andranikin, Şamuyanın rəhbərliyi ilə Bakıda qırğınlar törətdilər. Bunlar hamısı Azərbaycandan torpaq qoparmaq üçün edilirdi. Onlar özlərini aborigen hesab edirdilər. Amma belə deyildi. Çünki 1947-53-cü illərdə Stalinin dekreti oldu. Qərbi Azərbaycandan 160 min əhalini, 40 min azərbaycanlı ailənin Kür-Araz boyu köçürülməsi başlandı. Onda onlar xeyli torpaqlara yiyələndilər. Yəni hər 30-40 ildən bir ermənilər bu prosesi davam etdiriblər. 1968-ci ildə olan hadisələr də bu fikrimin bariz sübutudur. Bu barədə geniş danışmaq olar.

1988-ci il 11 fevralda mitinqlər başladı. O vaxt mən Özbəkistandan yeni gəlmişdim və Daxili İşlər Nazirliyində işləyirdim. Məni Xankəndiyə göndərdilər. 11 fevral mitinqlərində 300-500 erməni əllərində transparan- şüarlar səsləndirirdilər. İlk vaxtlar ermənilər mitinqlərdə belə bir hiyləgər şüarlar səsləndirirdilər: “Biz azərbaycanlılarla dostuq, qardaşıq, amma Ermənistana birləşmək istəyirik...” O zaman dərhal mərkəzə məlumat verdik. Bundan sonra Daxili işlər naziri, nazirin müavini, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Xankəndinə gəldi. Artıq ermənilər həmin vaxt Azərbaycan xalqını qızışdırmağa başlamışdılar. Sadə ermənilər könüllü olaraq, mitinq etmək istəmirdilər. Onları bunu etməyə məcbur edən güclər var idi. Qarabağ vilayətinin mərkəzində  “Lenin” meydanında mitinq keçirən ermənilərə qəsdən yemək paylayırdılar ki, mitinqləri tərk etməsinlər, vilayətin başqa rayonlarındakı kəndlərdə olan erməniləri avtobuslarla mitinqlərə gəlməyə məcbur edirdilər. Erməni ekstremistlərinin mitinqləri təşkil etməsinə DQMV-nin yerli hakimiyyəti və Moskvadan - Mixail Qorbaçov tərəfindən birbaşa dəstək göstərilirdi. Hətta Kremldən mitinqə gələnlərə toxunmamaq haqda göstəriş verilmişdi.

- Bəs, 1988-ci il fevralın 22-də azərbaycanlıların Əsgəran-Xankəndi istiqamətindəki xalq yürüşünə reaksiya necə oldu?

- Ermənilərin mitinqlərinə birinci dəfə reaksiya verən Ağdam camaatı oldu. Ağdamlılar 22 fevralda bu mitinqlərə qarşı Xankəndinə tərəf yürüş təşkil etdilər. Əsgəran rayonuna çatanda iki nəfər azərbaycanlı – Hacıyev Əli və Quliyev Bəxtiyarı vurdular. Beləliklə Qarabağ bu proseslərdə ilk şəhidini verdi. Sonra onları vuran ermənini (Cəbi) mən tutub Ağdam rayonunda müstəntiq olan Maydanyuk Karl Konstantinoviçə təhvil verdim. İstintaq zamanı o, Əli Hacıyevi Əsgəranın pivə zavodunun yaxınlığında qoşalülə ov tüfəngi ilə qətlə yetirdiyini etiraf etdi. Bundan sonra erməni qatili Rusiyaya, səhv etmirəmsə, Rostova etap etdilər. İki aydan sonra məlum oldu ki, Cəbini həbsdən buraxıblar.  Rus müstəntiq Maydanyuka sual etdim ki, o erməni qatili hansı əsasla azad etdiniz, axı o, cinayətkardı. SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi çox “məntiqli” bir izahat verdi: “Əgər Cəbi o azərbaycanlını qətlə yetirməsəydi, hər iki tərəfdən kütləvi qırğının qarşısını almaq və yaxınlıqdakı uşaq bağçasının təhlükəsizliyini təmin etmək mümkünsüz olardı...”. Proseslər buradan qızışdı, mitinqlər davam etdi. Sonrası da məlumdur...

- Bəs 1989-cu ildə Ermənistandan Qarabağa gələn içərisi terrorçu və silah-sursatla dolu vertolyot sizin iştirakınızla Cıdır Düzünə enməyə necə məcbur edilib? Bu hadisə necə baş vermişdi?

- Moskva vilayətdə idarəçiliyi artıq öz üzərinə götürmüşdü. Həmin vaxtda məni ezamiyyətdə olsam da, Şuşa Polis şöbəsinə rəis təyin etmişdilər. 1989-cu ildə isə artıq xüsusi idarə yaratdılar, Arkod Voloski gəldi. O, birbaşa Moskva ilə işləyirdi. O vaxt Volski məni tərxis etdirmək istəyirdi. Çünki 1989-cu il noyabrın 3-də Şuşa rayonu milis şöbəsinin şəxsi heyəti və sovet hərbçilərinin birgə iştirakıyla rayonun 5 kəndində (Qaladərəsi, Kirov, Yeğsaoğ, Daşaltı, Onverst) pasport rejiminin yoxlanılması adı altında gizli əməliyyat-axtarış tədbirləri hazırladıq. Səhər tezdən alatoranlıqda gözlənilmədən həmin kəndləri mühasirəyə aldıq. Əsas gücü Qaladərəsi və Kirov ətrafına toplamışdıq. Mən özüm də orada idim. Çünki erməni yaraqlıları əsasən orada cəmlənirdi. Onlar adətən vertolyotla Ermənistanın Qafan şəhərindən Qaladərəsinə uçub gəlir, silah-sursat, ərzaq gətirir, oradan isə digər kəndlərə yayılırdılar. Dəqiq  məlumat almışdıq ki, noyabrın 3-də yenə vertolyot gələcək. Ermənilərin isə bu əməliyyatı keçirəcəyimizdən xəbəri yox idi. Hamıya daş-qayaya, ağaclara sığınaraq görsənməmək əmrini verdim. Vertolyot havada iki dairə vuraraq, Qaladərəsinin yanında yerə endi. Vertalyot yerə düşən kimi hərbçi və milislər onu mühasirəyə alaraq içindəki silahlı terrorçuları yaxaladılar. Məlum oldu ki, vertolyotda 4 pilot və 24 yaraqlı var. Hamısını tərksilah edərək müavinim, sonradan Şuşanın milis rəisi olan Vahid Bayramovu pilotların yanına əyləşdirib Şuşaya- Cıdır Düzünə  doğru uçmağı əmr etdim. Vahid Bayramovun dediyinə görə, yolda erməni pilotlar Ermənistana uçmağa cəhd ediblər, lakin o, buna imkan verməyib. Xülasə, erməni vertolyotunu içindəki 28 dığa ilə birlikdə Cıdır Düzünə endirdik. Biz isə komendant və digər hərbçi və milislərlə birlikdə maşınlara oturub Şuşaya gəldik. Terrorçular vertolyotda özləri ilə un və şəkər tozu kisələrində xeyli silah-sursat, qumbara gətirmişdilər. Məlum oldu ki, Qafandan gələn ermənilərin hamısı Ermənistanda qeydiyyatda olan vətəndaşlardır. Həmin 28 nəfəri və digər yaraqlıları milis şöbəsinə yolladıq. Sonra həbs edilmiş erməni terrorçularının hamısını istintaq üçün  Şuşa türməsinə yığdıq. Bundan xəbər tutan Dağlıq Qarabağ üzrə Xüsusi İdarənin rəisi Arkadi Volski və Dağlıq Qarabağ Daxili İşlər İdarəsinin rəisi Robert Tumanyants, hətta məni öncədən tanıyan SSRİ  Daxili İşlər naziri Barannikov mənə zəng edib məhbusların Xankəndinə yollanılmasını tələb edirdilər. Onlara cavab verdim ki, tutulanlar cinayətkardır,Şuşa rayonu ərazisində cinayət törədiblər və öz layiqli cəzalarını almalıdırlar. Volski, Tumanyants məndən onların tabeliyində olan şəxs kimi Xankəndinə getməyimi tələb edirdilər. Onlara cavab verirdim ki, nə vaxt siz Bakıya gedib hesabat versəniz, onda mən də Xankəndinə gələrəm. Yaxşı ki, Barannikovla münasibətlərim yaxşı idi, əks halda məni işdən çıxararaq həbs etdirərdilər.

- Bəs azərbaycanlıların deportasiya prosesi necə başladı? Hadisələrin gedişini necə xatırlayırsınız?

- ... Volski bir sutkada Xankəndidən 12 000 azərbaycanlını deportasiya etdirdi. Azərbaycanlıların köçürülməsini baş verə biləcək böyük toqquşma ilə əlaqələndirdilər. Bağçalara artıq azərbaycanlı uşaqlar gedə bilmirdi. Artıq proseslər azərbaycanlıların köçürülməsi şəklində davam edirdi. Xankəndindən azərbaycanlılar çıxarıldı. Bu proseslər sonda Azərbaycanın torpaqlarını itirməsi ilə nəticələndi.

Azərbaycanlılara qarşı Arkadi Volski sırf düşmənçilik mövqeyində idi. O da birbaşa Moskvaya tabe idi, Vəzirovun, Kamran Bağırovun göstərişlərinə tabe olmurdu. Ermənilər tərəfdən isə 366-cı motoatıcı alay, saqqallılar, xaricdən gətirilən ermənilər azərbaycanlılara qarşı qırğınlar törədirdilər. Azərbaycan tərəfdən könüllü dəstələr vuruşurdu. O dəstələr isə bir-birini qəbul edə bilmirdilər.

- Torpaqların işğal olunmasının qarşısını ala bilməməyimizin bu vəziyyətlə əlaqəsi var idimi?

- Bəli. Torpaqların itirilməsi Azərbaycanın daxilində çaxnaşmalar olan dövrə təsadüf edir. Ermənilər hər zaman hiyləgər addımlar atıb. Biz Qarabağda ölüm-dirim mübarizəsi aparanda Bakıda hakimiyyət davası gedirdi. Aktivistlər hamısı vəzifə istəyirdi. Torpaqlar isə əldən gedirdi. Milli birlik, qüvvələri birləşdirmək mümkün olmurdu. Bütün iş polisin üzərinə düşürdü. Könüllü dəstələri birləşdirən lider yox idi. Xalq hərəkatını hakimiyyət davasına çevirmişdilər. Bugünkü kimi birlik, nizam-intizam olsaydı, torpaqlar işğal olunmayacaqdı. Ermənilər sadəcə Azərbaycanda yaranmış qarışıqlıqdan istifadə etdi.

- 1990-cı illərdə proseslər hansı məcrada davam etdi? Ermənilərə qarşı hansı addımlar atıldı?

- 1990-cı ildə Təşkilat Komitəsi yaradıldı. Viktor Polyaniçko təşkilat komitəsinin sədri təyin olundu. O, həm də Azərbaycan KP MK-nın ikinci katibi idi. Polyaniçko gələndən sonra, yəni 1990-cı ilin fevralından vəziyyət stabilləşməyə doğru getdi. Təşkilat Komitəsi hərbçiləri ələ aldı, sonra bütün rayonların rəhbər işçiləri müşavirələr keçirməyə başladı. Əgər erməni tərəfdə bir güllə atılsa, dərhal reaksiya verilirdi. Həmin vaxt Şuşa Polis rəisi vəzifəsindən azad edilərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin Polis rəisinin birinci müavini təyin edildim. Bu vaxt gedən proseslərdə azərbaycanlıların qorunmasında sabiq Daxili İşlər naziri Məhəmməd Əsədovun böyük rolu var idi. O, “AMON”u yaratdı. Daha sonra Dağlıq Qarabağda mənim təklifim əsasında 32 polis bölməsi yaradıldı. Düzdü, həmin vaxt polislərdən də silahlar alınmışdı, ancaq “Makarov” tapançasından istifadə edilə bilərdi. Amma ermənilər durmadan silahlanırdı, Rusiyadan onlara dəstək verilirdi. Təşkilat Komitəsi yaradılana qədər Xocalı aeroportuna elə günlər olub ki, İrəvandan bir gündə 33-34 təyyarə gəlirdi. Ancaq sonradan bu prosesin qarşısı alındı. Artıq bu reyslər həftədə iki dəfəyə qədər azaldıldı. 1991-ci ilin ilkl aylarında bu prosesin qarşısı alındı. Amma buna baxmayaraq,ermənilər getdikcə fəallaşır, hətta yollarda fürsət düşən kimi azərbaycanlıları girov götürürdülər. Bu proseslər çox ağrılıdır. 

- Bakıdan sizə niyə dəstək verilmirdi?

- Məhəmməd Əsədovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin hesabına kəndlər, rayonlar işğaldan qorunurdu. Ancaq orada bir epizod maraqlıdır. Qəfildən Dağlıq Qarabağ vilayəti partiya komitəsinin birinci katibi Gevorkov Boris Sarkisoviç vəzifəsindən azad olundu və onun yerinə dərhal Henrix Paqosyan gətirildi. O, Daşnaksütyun partiyasının üzvü idi. O vaxt mitinqləri polis mühafizə edirdi ki, sabitlik pozulmasın. Henrix Poqosyan Bakıya qarşı belə bir alçaq gediş etdi- dedi ki, siz azərbaycanlı milisləri buradan yığışdırın, özüm erməni camaatını sakitləşdirəcəm. Azərbaycan rəhbərliyi də bununla razılaşdı. Nəticədə bizim milislər Xankəndi və digər bölgələrdən çıxandan sonra ermənilər daha da qızışdı və Ermənistandan da mitinqlərə axın başladı. Bundan sonra erməni quldurları azərbaycanlılara qarşı saysız-hesabsız cinayətlər törətdilər... Bunların siyahısı var arxivdə. 1991-ci ilin may ayında Paqosyan yenə bir bicliyə əl atdı. Onu Vilayət İcra Komitəsinə sədr təyin etdilər, Polyaniçkonu isə Bakıya çağırdılar və yerinə Zülfü Hacıyevi təyin etdilər. Bu proseslərdən sonra qəribə göstərişə əsasən Təşkilat Komitəsinin binası Xankəndindən Ağdama köçürüldü. Bu zaman ermənilər bizim bayrağımızı binanın üstündən endirdilər.  

- Polyaniçkonu niyə Bakıya apardılar?

- O vaxt “Həlqə” deyilən tədbir keçirildi. May ayında Dağlıq Qarabağa Qurumov və Boris Nikolayeviç gəldi. O həmin vaxt Moskva vilayətinin qubernatoru idi. Polyaniçko və Nikolayeviç Əfqanıstanda 11 il birlikdə fəaliyyət göstərmişdilər. O gələndən sonra, may ayının 15-də pasport rejimi altında əməliyyat tədbiri keçirildi. Ekstremistləri tapmaq üçün keçirilən tədbiri Məhəmməd Əsədov və Polyaniçko idarə edirdi. Həmin tədbirlər zamanı mənə çox gizli tapşırıqlar verilmişdi. Orada xeyli sayda erməni tutuldu. Salatın Əsgərovanın qatili və s. 3 gündən sonra bütün Moskva ayağa qalxdı. Şəxsən Qorbaçovun göstərişi ilə həmin tədbir dayandırıldı. Dağlıq Qarabağın bütün ərazisi boyu keçirilən tədbirlərdə 700-dən çox erməni tutuldu. Onları Şuşa, Şahbulaq türməsinə yerləşdirdik, cinayətlə bağlı olan erməniləri isə Bakıya gətirdik. Bu proseslər çox uzundur.

- Ermənilərin mütəmadi olaraq azərbaycanlıları girov götürdüyünü deyirsiz. "Həlqə" əməliyyatında isə erməni terrorçularının həbs olunduğundan bəhs edirsiz. Girovların aqibəti necə oldu, ümid Moskvaya idi, yoxsa mübadilə variantı işləyirdi? 

- 14 noyabrda Vilayət Prokuronun müavini olan Şükür Rzayevi ermənilər girov götürdülər. Onun xilası üçün çox işlər görürdük. Mardakerdin prokuror köməkçisinin həyat yoldaşı və oğlu ilə Şükür bəyin dəyişdirilməsinə razılaşdıq. Noyabrın 16-da Baş Prokuror İsmət Qayıbov Ağdama gəldi və Şükür Rzayevi girovluqdan qutarmaq üçün Xankəndinə getmək istədi. Mənə israr edirdi ki, onu Xankəndinə aparım. Dedim mən səni apara bilmərəm. Həmin vaxt vəziyyət o qədər qarışıq idi ki, hər an bir hadisə ola bilərdi. Çünki ermənilər Məhəmməd Əsədova və Qayıbova qarşı çox aqressiv idi. Mən də daxil olmaqla, Əsədovun, Qayıbovun başına pul qoyulmuşdu. Qayıbov dedi ki, sən pis vəziyyətdə qalmayasan deyə kağız yazım qoyum, hər hansı hadisə baş versə səni günahlandırmasınlar. Ona görə məcburən onu vertolyotla Xocalıya apardım, oradan isə komendantın maşını ilə Xankəndinə, hərbçilər olan yerə apardım. Ermənilərlə danışıqlar zamanı İsmət Qayıbov dedi ki, azərbaycanlılar heç vaxt qadını girov saxlamaz. Biz onu sizə veririk. O, çox mərd adam idi. Mən ayağına vurdum ki, bizi aldadırlar, eləmə. Ancaq Qayıbov dediyindən dönmədi və həmin gecə hərbçilər vasitəsi ilə erməni qadın və uşağı geri verdik. Dediyim kimi də oldu, ermənilər Şükür Rzayevi bizə qaytarmadılar. İsmət Qayıbova dedim ki, onlardan kişilik gözləməyə dəyməz, bizi aldatdılar. Bu vaxt noyabr ayının 18-də mənə məlumat gəldi ki, Martuni rayonunun Qaradağlı kəndinin camaatı deportasiya olunub, hamısı Ağdamdadır. İsmət Qayıbova Ağdama getmək lazım olduğunu dedim.

- Ermənilərin Məhəmməd Əsədovla İsmət Qayıbova nifrətinə toxundunuz. Bu məqamda, içərisində bu iki şəxsin də olduğu vertolyot qəzası yada düşür. Bildiyimə görə hadisənin şahidi olmusuz. 1991-ci ilin 20 noyabrını necə xatırlayırsız?

- 19 noyabr axşam saatlarında İsmət Qayıbov da Ağdama gəldi və dedi ki, Bakıya getməliyəm. Elə bu vaxt məlum oldu ki, sabah, yəni 20.11.1991-ci il tarixində Bakıdan nümayəndə heyəti Ağdama gələcək. Ona görə də Qayıbov Ağdamda gecələməli oldu və qeyd etdi ki, elə həmin nümayəndə heyəti ilə Bakıya qayıdacaq, girov məsələsini həll edəcək. Biz razılaşmışdıq ki, mən də onunla Bakıya gedim və dəyişdirilən erməniləri təyin olunan yerə gətirim. Ertəsi gün, yəni 20 noyabrda səhər saat 11 radələrində təyyarə Ağdamın hava limanına endi və dövlət katibi mərhum Tofiq İsmayılovun başçılıq etdiyi heyyət Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, mərhum Xuraman Abbasovanın xidməti otağına yığıldı.

Tofiq İsmayılov bütün nümayəndə heyəti və təşkilat komitəsinin üzvlərinin müşavirədə iştirak etməsini tələb etdi. O, çox əsəbi halda Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) komendatını soruşdu. O, iclasa gecikirdi. Təxminən 15-20 dəqiqədən sonra vilayətin hərbi komendantı Jinkin Nikolay Vladimiroviç, Daxili İşlər İdarəsinin rəisi Kovolyov, Vladimir Vladimiroviç, prokuror Plaviski  İqor Aleksandroviç və Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov otağa daxil oldu. Mərhum Tofiq İsmayılov çox emosional tərzdə azərbaycanlıların Qaradağlıdan necə köçürüldüyünü və qarşısının alınmamasının səbəbini soruşdu.

O, gözlənilmədən Jinkin və Kovalyovu ayağa qaldıraraq dedi ki, bütün bu cür vəziyyətin yaranmasına siz şərait yaratmısınız, sizin və digər günahkarlar haqqında ciddi tədbir görüləcəkdir. Bu minvalla müşavirə saat 13:00-a qədər davam etdi və o, qəflətən üzünü komendant Jinkinə tutaraq “mən bu gün camaatı öz evlərinə qaytarmalıyam, həmin kəndə getməliyik”- dedi. “Sizin Transportunuz varmı?”- deyə soruşdu. Jinkin “bəli, bir döyüş vertolyotum var” cavabını verdi. Həmin vertolyotun yanacaq çəni tam doldurulanda 14 nəfər tuturdu. Bir anda mərhum Tofiq İsmayılov əlini masaya vuraraq "getdik"- deyə ayağa qalxdı. Bütün nümayəndə heyəti onun arxasınca hava limanına yollandı. Artıq vertolyota minik başlandı. Mən də minmişdim. Amma Məhəmməd Əsədov pilotun etirazını nəzərə alaraq vertalyotdan düşməyimi istədi. Məni düşürtdüyünə görə pərt oldum. Çünki ən azından bölgəni yaxşı bilən biri kimi bələdçilik edə bilərdim. Artıq mən arxaya qayıdanda rəhmətlik İsmət Qayıbov qaça-qaça gəlirdi və dedi ki, Sadir, hara qayıdırsan, gəl görək. Mən Məhəmməd Əsədovun məni düşürtdüyünü dedim. O, isə "yaxşı, qal, tez qayıdacağıq və axşam Bakıya uçarıq”- dedi. Vertolyot səmaya qalxanda artıq saat 13:48 idi...

- Vertolyotun qəzaya uğraması xəbərini sizə kim verdi və siz hadisə yerində ola bildinizmi? Çünki hərə bir söz deyirdi...

- Günorta saat 4 radələri idi. Mən mərhum Xuraman Abbasova ilə Rayon Partiya Komitəsinin qarşısında dayanmışdıq. Xuraman xanım tez-tez soruşurdu ki, bəs vertolyot niyə gəlmir. Elə bu vaxt vilayət hərbi komendantının müavini Kuşnarik Vladimir İqnatyeviçin sürücüsü Vidadi (red-. indi ölü bazarda işləyir) məni kənara çağırdı və dedi ki, Kuşnarik ratsiya ilə hərbi hissəyə məlumat verib ki, polkovnik Sadir Məhəmmədova deyin bütün təcili yardım maşınlarını Mərzili postuna yığsın. Deyəsən, vertolyot vurulub.

Mən həmkarım mərhum Mehman Nəzər oğlu Hüseynovla Ağdam Rayon Polis şöbəsinə gələrək, Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə, Kərim adlı (hazırda xidmət edir) növbətçiyə məlumat verdim ki, ermənilər nümayəndə heyəti ilə Xocavəndə uçan vertolyotu vurublar. Mən hadisə yerinə gedirəm. Təkrar olaraq ratsiya ilə Ağsu dolamasındakı növbəti avtomobil müfəttişliyinin postuna da eyni qaydada məlumat verdim.

Mən Mehman Hüseynovla Mərzili postuna çatanda artıq qaranlıq idi. Hərbçilər ratsiya vasitəsilə məni Kuşnariklə bağladılar, o dedi ki, heç kim sağ qalmayıb, vertolyot parçalanıb, güclü alov var. Mən təkid etdim ki, mütləq hadisə yerinə baxmalıyam. Onun göstərişi ilə 2 nəfər əsgər bizim avtomobilə əyləşdi və biz avtomobilin işığı sönülü vəziyyətdə alova tərəf getdik. Artıq bir neçə yerdə parça-parça alov yanırdı. Sanki zülmət gecədə bütün dağ yanırdı. Bizi qarşılayan Kuşnarik “onsuz da vertolyota yaxın düşmək mümkün deyil və bir nəfərin da sağ qalmaq ehtimalı yoxdur”- dedi. O, hadisə yerinə dairəvi post qoymuşdu.

- Zaman-zaman müxtəlif səviyyələrdə 20 noyabr hadisəsi müzakirə predmeti olub. Hadisəyə ziddiyyətli yanaşmalar olub. Məsələn, Sevinc Osmanqızı film çəkmişdi və bu film birmənalı qarşılanmadı. 

- Düzdü. Bu filmi mən də görmüşəm. Amma filmdə hadisələr təhrif olunub. Yəni hadisə yerində olmayan adam, orada olubmuş kimi danışır. Sevinc Osmanqızı mənim danışdıqlarımı efirə verməyib. Halbuki hadisənin şahidi mən olmuşam, deməli ən doğrusunu da mən bilirəm. O film camaatı aldatdı...

Ardı var...