Ermənistandakı acınacaqlı vəziyyət italyan jurnalistin gözü ilə

“Uzun çirkli yollar. Boş, məhv olunmuş sahələr. Dəmir, hətta kirəmit dam örtükləri olan kərpicdən tikilmiş evlər. Ermənistanın paytaxtından kənara çıxan kimi özünü sonsuz yoxsulluğun içində tapırsan....”.

Ermənistandakı acınacaqlı vəziyyət italyan jurnalistin gözü ilə
https://www.peyk.az
Bu sözləri italyan Katolik kilsəsi və “Caritas Roma” təşkilatının dəstəyilə maliyyələşdirilən iki layihənin icrası ilə əlaqədar olaraq Ermənistanda səfərdə olmuş İtalyan Katolik Həftəlik Qəzetləri Federasiyasının (FİSC) jurnalistlərdən biri M.Chiara Biagioni səfərindən sonra yazdığı və FİSC-in internet səhifəsində və “Sir” İnformasiya Agentliyinin internet səhifəsində yerləşdirilmiş məqaləsində qeyd edib. 
 
Jurnalist vurğulayıb ki, səkkiz milyonluq dəyəri olan sözügedən layihələr yoxsulluqdan əziyyət çəkən Ermənistanda köməyə ehtiyacı olan uşaqlar və yaşlılara yardıma yönəlib. 
 
Məqaləsində səfər zamanı Ermənistanda (Yerevanın Türkiyə ilə sərhəd olan əyalətlərindən biri olan Artaşat, habelə Gümrü şəhərində) üzləşdiyi yoxsulluğu və acınacaqlı vəziyyəti təfərrüatı ilə təsvir edən jurnalist yerli əhali ilə söhbətinə istinad edərək bu vəziyyəti, xüsusilə də ətraf bölgələrdə yaşayan ermənilərin yaşam tərzini “ağ soyqırım” adlandırıb. 
 
“Caritas Roma” təşkilatının Artaşat ofisinə gəldikdə isə jurnalist ofisin yoxsul evlərin arasında bir qədər kənarda yerləşdiyini, mütəmadi olaraq burada işləyən 20-yə yaxın könüllünün əyalətdəki yaşayış vəziyyətləri çox ağır, əşyasız və su problemləri olan evlərdə acınacaqlı vəziyyətdə yaşayan, övladları tərəfindən tərk edilmiş yaşlıları ziyarət ediklərini, onlara tibbi yardım göstərdiklərini, hər 15 gündən bir yağ, pendir, düyü, şəkər və digər ehtiyacları qarşılayacaq bağlamalarla təmin etdiklərini bildirib.
 
Jurnalist tənhalığa düçar olmuş yaşlılarla bağlı acınacaqlı vəziyyəti hazırda Ermənistanda gənclərin iqtisadi böhranla əlaqədar olaraq ölkəni tərk etməsi və valideynlərin tənhalıq içində qocalması ilə əlaqələndirib.
 
Jurnalist layihə çərçivəsində orada yoxsulluq içində yaşayan, dağılmış ailələrdən gələn 7-17 yaş arası  yetim uşaqlara dəstək üçün “Piccolo Principe” (kiçik şahzadə) mərkəzinin də fəaliyyət göstərdiyini qeyd edib.
 
Jurnalist uşaqların yoxsulluq, antisanitariya şəraitində yaşam nəticəsində yaranan xəstəliklərdən əziyyət çəkdiyini də diqqətə çatdırıb.
 
“Sizin İtaliyanın buradakı insanlar üçün necə bir yaxşılıq etdiyindən təsəvvürünüz belə yoxdur. Bu pullar həyata ehtiyacı olan insanlara ümid gətirir. Sizin üçün həmin pullar sadəcə rəqəmdir, buradakılar üçün isə həyatdır”, - bu fikirləri jurnalistlə söhbət edən erməni-katolik kilsəsinin yepiskopu Rafael Minasian deyib.
 
Jurnalist Ermənistanın qərb sərhədlərinə rus əsgərlərinin nəzarət etdiyini və onların sərhəddən giriş və çıxışı qadağan etdiyini, eyni vəziyyətin şərq sərhədlərində də mövcud olduğunu, Ermənistanın Azərbaycanla müharibə şəraitində olmasının ölkəni mütəmadi olaraq gərginlikdə saxladığını, istər qərb, istərsə də şərq sərhədlərinin bağlı olmasının malların tranzitinə, ticarətin inkişafına mane olduğunu, bu vəziyyətin də ölkəni ciddi iqtisadi böhrana gətirib çıxardığını vurğulayıb.
 
Analitiklərin fikrinə istinad edən jurnalist Azərbaycan ilə yekun bir razılığın əldə edilməyəcəyi və Türkiyə ilə münasibətlərin yaxşılaşmayacağına qədər vəziyyətin dəyişməyəcəyini bildirib.