Ermənilər 22 günlük körpəni anasız qoydu - Foto

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həyatını itirən Tükəzban Mirzəliyevadan geriyə Kəmalə adında 22 günlük körpəsi qalıb. Üstəlik bu körpə İ

Ermənilər 22 günlük körpəni anasız qoydu - Foto

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həyatını itirən Tükəzban Mirzəliyevadan geriyə Kəmalə adında 22 günlük körpəsi qalıb. Üstəlik bu körpə İsmayılovlar ailəsinin 5 illik həsrətindən sonra dünyaya göz açıb.

“Peyk.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 25 yaşlı Tükəzban hadisə baş verən gün atası Çərkəz Mirzəliyevlə Bərdə rayon xəstəxanasına həkim müayinəsinə gedərkən ermənilərin raket hücumunun hədəfi olub. Hadisə yerində həyatını itirən Tükəzbanla atası Çələbilər kəndində yanaşı dəfn olunublar.

Tükəzbanın həyat yoldaşı Elçin İsmayılov xanımının və qayınatasının ölüm xəbərini Tərtərdə cəbhə xəttində ikən aldığını və dərhal evə qayıtdığını bildirib.

İsmayılov əks-hücum əməliyyatları başlayan gün – 27 sentyabrda cəbhəyə yola düşdüyünü, 8 oktyabrda qızı Kəmalənin dünyaya gəlişindən sonra isə evinə qayıtğdığını deyib. Onun sözlərinə görə, həyat yoldaşını yalnız bir gün görə bilib və yenidən cəbhəyə qayıdıb.

Tükəzbanla orta məktəbdə tanış olan Elçin 2 il nişanlı qaldıqdan sonra 2015-ci ildə ailə qurublar.

“Uzun müddətdir uşağımız olmurdu, ötən il süni mayalanma üçün Azərbaycandakı bütün xəstəxanaları gəzdik. Həyat yoldaşım hamilə qaldı və qızımız dünyaya gəldi. Çox sevinmişdik. 5 ildir bu anı gözləyirdik. İndi qızımız yetim böyüyəcək. Anasını qoxusuna doymadan itirdi. Onun nə günahı var? Anasından yadigar qalan yeganə fotosudur”, - deyə Elçin İsmayılov bildirib.

Qeyd edək ki, oktyabrın 28-də Ermənistanın Bərdəyə növbəti dəfə raket hücumu nəticəsində 21 dinc sakin həlak olub, 70 nəfər yaralanıb.