Gərək zəhərlənək sonra araşdırılsın? - Restoranlarda qidanın keyfiyyəti əvvəlcədən yoxlanmalıdır

Gərək zəhərlənək sonra araşdırılsın? - Restoranlarda qidanın keyfiyyəti əvvəlcədən yoxlanmalıdır
Toylarda zəhərlənmələrin bir səbəbi də saxta içkilər imiş.  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçirilib.
 
Tədbir nəticəsində müəyyən olunub ki, "Beluqa Tahir" ləqəbi ilə tanınan Tahir Həziyevin başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə Rusiya istehsal olan "Beluqa", "Stoliçnaya", "Nemiroff", "Russkiy Standard" araqlarının, "Jack Daniels", "Chivas" viskilərinin, "Omega", "Patron" tekilalarının və sair spirtli içkilərin saxtalarını hazırlayaraq üzərinə saxta aksiz markalar vurmaqla müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edirmiş.
 
Qeyd edilir ki, dəstə üzvləri külli miqdarda gəlir əldə etmək üçün əsli satış bazarında baha qiymətə olan spirtli içkilərin saxta nümunələrini hazırlayıblar.
Araşdırma zamanı mütəşəkkil şəbəkənin üzvləri tərəfindən hazırlanan saxta içkilərin toy mərasimlərində istifadə edilməsi üçün bəzi şadlıq evlərinə satıldığı da müəyyən edilib. Həmin şadlıq evləri sahibərinin də müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Aşkar edilən saxta spirtli içkilərdən götürülən nümunələr ekspertizaya təqdim edilib və əldə olunan rəyə əsasən bu məhsulların toksikoloji normalara cavab vermədiyi və qeyd olunan içkilərin istehlakının insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olduğu müəyyən edilib.
 
 

"Toylarda masaya düzülmüş yeməklərin çoxu əl dəyilməmiş qalır. Ertəsi gün yenə toy məclisi varsa, həmin yeməklər təkrar masaya gətirilir"

 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ümumiyyətlə, xidmət sahəsində xaotik vəziyyət olduğunu dedi: 
 
"Saxta, insan sağlamlığı üçün təhlükəli olan spirtli içkilər hazırlayan dəstə üzvləri ifşa edilib və onlar barəsində cinayət işi başlanıb. Bu, sevindiricidir. Şübhə etmirəm ki, onlar gərəkən cəzanı alacaqlar. Amma ümumilikdə baxsaq, ictimai iaşə sektoru, həmçinin şadlıq sarayları ilə bağlı vəziyyət olduqca bərbaddır. Restoran sahibləri ilə sifarişçi arasında müqavilə imzalanmasını biz illərdir deyirik. «İstehlakçı hüquqları haqqında» qanunda da, Mülki Məcəllədə də həmin şərtlər göstərilib. Qida standartları da neçə il öncə hazırlanıb və qəbul edilib. Çox da gözəl sənəddir. Amma nə olsun? Ona riayət edən kimdir?!
 
İstehlakçı ilə heç kim müqavilə bağlamır. Bizə şikayət edən istehlakçıların hüquqlarını da lazımi şəkildə qoruya bilmirik, çünki heç bir sənəd təqdim edə bilmirlər. Nə qədər ki, tələb təklifi üstələyir, vəziyyət dəyişməcəyək. Toylarda masaya düzülmüş yeməklərin çoxu əl dəyilməmiş qalır. Ertəsi gün yenə toy məclisi varsa, həmin yeməklər təkrar masaya gətirilir. Əlbəttə, zəhərlənmə olacaq. Çünki bu qidalar heç bir qurum tərəfindən yoxlanmır. Yalnız zəhərlənmə baş verdikdə qidalardan nümunələr alınır. Niyə gözləməliyik ki, kimsə zəhərlənsin, sonra qidanın keyfiyyətli olub-olmadığı yoxlansın? İnsanlara təqdim edilən qidalar masaya gəlməmiş yoxlanmalıdır. Belədə bədbəxt hadisələrin qarşısını almaq daha asan olacaq".