Home Gündəm “Gözümü açanda gördüm, hər yan tüstüdür” – Dəhşətli yanğının şahidi

“Gözümü açanda gördüm, hər yan tüstüdür” – Dəhşətli yanğının şahidi

102
0

Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov, mühəndis Mahir Abdullayev, həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova və mərkəzdə müalicə alan xəstə Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

PEYK.AZ teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Rəşad İmanov ifadə verib.

O bildirib ki, 3 dəfə mərkəzdə müalicə olunub: “Sonuncu dəfə yanğından bir həftə əvvəl xəstəxanaya gəlmişdim. Palatada 3 nəfər qalırdıq. Məhəmmədi oradan tanıyırdım. Yanğın olan günü tüstüdən başqa bir şey görməmişəm. Yatmışdım, gözümü açanda gördüm ki, hər tərəf tüstüdür. Özümüzü birtəhər çölə atdıq”.

Rəşad İmanovun sözlərinə görə, yanğının baş vermə səbəbini bilmir, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayəti yoxdur.

Növbəti proses dekabrın 25-də davam edəcək.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə Müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə martın 2-də, saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

Məmməd Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham elan edilib.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq araşdırması zamanı həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova barəsində cinayət işi başlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinə görə, Afət Məmmədova mərkəzdə yanğın törətmiş Məhəmməd Məmmədovun həkimi olub.

Xatırladaq ki, mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb, onun işi məhkəməyə göndərilməyib.

Azad Ələkbərov Müdafiə Nazirliyinin hospitalında sentyabrın 28-dən 29-na keçən gecə ölüb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here