Günəş sisteminin növbəti qonağı: SWAN kometi

25 mart 2020-ci ildə Avropa Kosmik Agentliyi (ESA) və NASA tərəfindən idarə olunan Günəş Heliosferik Rəsədxanasının (SOHO) kosmik gəmisində yerləşən […]

Günəş sisteminin növbəti qonağı: SWAN kometi

25 mart 2020-ci ildə Avropa Kosmik Agentliyi (ESA) və NASA tərəfindən idarə olunan Günəş Heliosferik Rəsədxanasının (SOHO) kosmik gəmisində yerləşən SWAN (Solar Wind Anisotropies instrument) kamerası vasitəsilə çəkilmiş şəkillər müşahidəçilərin diqqətini cəlb edib.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından Peyk.az-a verilən məlumata görə, Avstraliyalı həvəskar astronom Maykl Mattiazzo həmin şəkillər əsasında Aprel ayının 11-də bir quyruqlu obyekti kəşf edib. Bu quyruqlu ulduz SWAN kometi adlandırılıb və C/2020 F8 (SWAN) kimi kataloqlara salınıb.

Əslində SOHO-un SWAN kamerasının təyinatı kometləri qeyd etmək deyildir. Bu kamera, sadəcə olaraq Günəş sistemində olan hidrogenin tədqiqatı üçün uyğunlaşdırılmışdır. Məzh elə quyruqlu ulduzların əsas xüsusiyyətlərindən olan su-buz komponentindən əmələ gələn müəyyən miqdarda hidrogenin köməyi ilə kamera bu kometi qeyd edib. SWAN kometi Yerdən 1.1 astronomik vahid uzaqlıqda yerləşir. Bu kometi müşahidə etmək üçün cənub yarınkürəsi daha münasibdir. Komet may ayının ortalarına yaxın açıq gözlə də müşahidə oluna bilinəcək.

Hesablamalara görə, SWAN kometi, bu gün – may ayının 12-si Yerə ən yaxın məsafədən keçəcək (84 milyon km.) 27 May 2020-ci il tarixində isə komet periheliona çatacaq, yəni Günəşə ən yaxın məsafədən (64.4 milyon km) keçəcək.

Astronomlar fərz edir ki, komet bu aralar partlayış modunda olmalıdır. Bu müşahidəçilərə onu açıq gözlə görməyə şans yaradacaq. Bu yanma nəticəsində kometin parlaqlığı 3.5 ulduz ölçüsü pik həddinə çata bilər. Belə olduğu təqdirdə hətta Şimal yarımkürəsindən də o, rahat müşahidə oluna bilər.

Hal-hazırda komet astronomların proqnozlarına əsasən, öz parlağlığını 8-dən 5-ə qədər artırıb. Bu isə imkan verir ki, yardımçı vasitə olmadan o, gecə təmiz və qaranlıq səmada adi gözlə müşahidə olunsun. Bəzi müşahidəçilər artıq açıq gözlə izləyib və maraqlı şəkillərini də çəkiblər.

Qeyd edək ki, kometlərin xüsusiyyətlərindən də biri onların hərəkətlərinin proqnozlaşdıra bilinməməsidir. Nə qədər ki, həvəskarlar üçün fürsət var, gərək bu “qonağı” müşahidə etməyə çalışsınlar. Kometi müşahidə etmək istəyənlər onun hazırkı mövqeyində axtara bilərlər. Daha dəqiq komet 15 May 2020-də Triangulum (üçbucaq bürcü) bürcündə olacaq. 19, 20, 21 may gecələri SWAN kometi Alqol adlı ulduza yaxın olacaq.

Proqnozlara əsasən iyulun əvvələrində bu səma cismi özünün ən parlaq həddinə çatacaq.

www.peyk.az