"HƏFTAR HÜCUMLARINA DAVAM EDƏRSƏ, LAYİQ OLDUĞU DƏRSİ VERƏCƏYİK” - Ərdoğan qiyamçı marşala xəbərdarlıq etdi

Prezident Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisində (TBMM) Qrup yığıncağında etdiyi çıxışda atəşkəs mətnini imzalamadan Moskvadan qaçan liviyalı qiyamçı marşal Həftara xəbərdarlıq edib.

https://peyk.az

"Türkiyə müdaxilə etməsəydi hazırda qiyamçı Həftar bütün ölkəni ələ keçirmiş, Liviya xalqının hamısı zülmün pəncəsinə düşmüş olacaq idi", - deyə Ərdoğan bildirib.

“Yanvarın 13-də Moskvada atəşkəsin yazılı sənəd kimi təqdim olunması üçün keçirilən danışıqlar zamanı Tripoli hökuməti barışıq mövqeyi nümayiş etdirdi. Bu münasibətə baxmayaraq, Həftar mətni imzalamaqdan imtina etdi. Əvvəlcə "bəli" dedi, sonra təəssüf ki, Moskvadan ayrıldı, Moskvadan qaçdı və imzalamadı. Ancaq nümayəndə heyətimiz oradakı dürüst mövqeyini göstərərək imza atdı və indi hər şey bizim əlimizdədir. Biz öz vəzifəmizi yerinə yetirdik, bundan sonrakı proses Rusiya prezidenti Vladimir Putin və komandasına aiddir. Dediklərimizi heç vaxt inkar etmərik” - Ərdoğan vurğulayıb.

Prezident Ərdoğan deyib ki, Həftarın ortaya qoyduğu şərtlərin həqiqi üzü ortaya çıxır. "Əvvəlki razılaşmalarla əlaqədar mövqeyinin yaxşı olmadığını çox yaxşı bilirik. Atəşkəsdən imtina etməsi bizi heç də təəccübləndirmədi. Ancaq bu dəfə keçmişdən fərqli olaraq işin içində Türkiyə var. Dünən Moskvada aparılan danışıqlar qiyamçı Həftarın əsl simasını göstərdi. Bu da müsbət haldır".

Yaxın günlərdə qiyamçı Həftar ilə ölkənin qanuni hökuməti arasında ediləcək seçimləri diqqətlə izləyəcəklərini ifadə edən Ərdoğan, “Ölkənin qanuni hökumətinə və Liviyadakı qardaşlarımıza hücum etməyə davam ediləcəyi təqdirdə, qiyamçı Həftara layiq olduğu dərsi verməkdən əsla geri addım atmayacağıq” - deyə xəbərdarlıq edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da qiyamçı Həftarın Liviyada əldə olunan atəşkəs razılaşmasını imzalamamaqda davam edəcəyi təqdirdə Berlin prosesinin bir mənasının olmayacağını bildirib.

Çavuşoğlu "Türkiyə olaraq prezidentimizin liderliyində Liviyada bir atəşkəs və sülh üçün üzərimizə düşəni etdik, bundan sonra da bunu davam etdirəcəyik. Amma hazırda görürük ki, kim sülh kim döyüş, kim Liviyada birlik, bərabərlik istəyir, kim istəmir ortaya çıxdı" deyib.