Hitleri günlərlə məzarı başında oturdan qadın

Hitleri günlərlə məzarı başında oturdan qadın

Leyla Sarabi

- Növbəsiz keçə bilərəm?

- Yalvarıram mənə yol verin.

-Anam vəfat etdi, izn verərsiniz?

İnsan daşqınında boğula-boğula dünyanın ipini itirən barmaqlar qaynar kərpic kimi çiynimə yapışdı.

Vahimə axan kişi səsi nüvə parçalarına dönüb düşdüyü yeri küllə borana bürüdü. Bu, insan hənirtisi də deyildi, sürüsündən ayrılan yalquzaq ulayırdı, ağrıdan qıvrılan şir nərildəyirdi qulağımın içində. Ən qorxuncundan, ən lal bağırtısından idi əslində, parkın ortasında anasını itirib dünyası başına tökülən körpə zarıyırdı.

Qədim türkcədə anaya ök deyərlərmiş. Yetimlərin öksüz adı da oradan doğulub. Hər ana öləndə bir öksüz doğular. Mən də bu qocanın doğumunu izləyirdim. Üzünü qucaqlayan kirpinin ağ tikanlarından daman qan gözlərimi deşirdi.

Enerjinin bal yapışqanlığına inanan adamam. Saçımın bir telinə toxunan nəfəsin də ağrısından məhv olanlardanam.

Əlacın məndə olsa idi, özümdən ağır çamadanımın içindəki yükümü aeroporta səpələyib, sənin dərdini içinə doldurardım qoca körpə. Amma ananın isti məzarına bir addım tez çatmağını təmin etməkdən real heç nə gəlmir əlimdən.

İzmirin balaca hava limanı bir cüt ciyərin havasızlığına bürünmüşdü. Hamı növbəsini bir öksüzə verməyin savabından doğan qara həzzin tamını duyurdu.

Mən bir qadının yer üzündən qeyb olmasına ad qoya biməmişəm hələ. Amma titrək hüceyrələrinə baxdıqca Hitlerin anasızlıq sindromundan utanıram.

Hitlerin sevimli yəhudisi doktor Bloxun xatirələrindən diktatorun anasızlıq sindromu haqda oxumuşdum bir vaxtlar...

"21 dekabr 1907-ci ildə Klaranın ögey qızı Angela acı xəbərlə gəldi: “Anamız gecə öldü”.

Bütün karyeram boyu Adolf kimi ölüm xəbərinin hüznündən qıvrılan ikinci insan görmədim. Klaranı sarı kilsəciyin həyətində basdırdılar. Adolf günlərlə nəm məzarın yanında tək oturub fikrə daldı. Bayram yaxınlaşırdı. Hər kəsin qəlbində Milad təlaşı, yeni ümidlər doğarkən, bu sısqa, cansız oğlanın ruhuna ana matəmi hakim kəsilmişdi.

Bir neçə gün sonra frau Hitlerin yetim qalmış övladları kabinetimə gədilər. Qızlar ürəklərinin hayqırtısını, minnət duyğusunu kəlmələrə tökərkən, Adolf susqun yerə baxırdı. Sonra mənə yaxınlaşıb əlimi tutdu. “Ölənədək sizə minnətdar olacam” dedi”.

İllər sonra diktator sevimli yəhudisini Holokost soyqırımından qurtarıb Amerikaya qaçmağına yardım edəcəkdi. Onu öz zülmündən qoruyacaqdı.

Hansı səmtə çevirsən də bir qeyb oluş qadın ömrü bu qədər yeksan etməməlidir insanı. Bəlkə də bu gündən genetik yaddaşımıza ananı bizi bu dünyaya gətirən xüsusi cihaz kimi hopdurmalıyıq. Bəlkə də küll halında surraqat analardan törəməliyik. Ki, nə fayda?! Bu sevgi qadın hüceyrələrini elə kor qoyur ki, bətninə proqramlaşdırılan yad yumurtaya da dəli kimi bağlanır.

Amma bu ələmi bir kənara tullasaq, etiraf etmək gərəkdir ki, şərq kişisi anasına on qat artıq bağlıdır. Ən qədim əyyamlarda dünyanı öz oxu ətrafında döndərən hökmdarların da ipi analarının əlində olarmış. Çöldə neçə düşmənin belin qırsa da, hektarlarla məmləkət istila etsə də, həyat xəritəsini anası çizərmiş. Çünki bu fatehlərin nəsli davam etməliydi. Bu qlobal məsələ ilə isə bilavasitə analar məşğul olmalı idi. Məsələn, sultan istəməsə də, tək qadına aşiq olsa da, anası hərəmdən ayağını kəsməyinə izn vermirdi. Kiminlə ailə quracağına, neçə arvadı olacağına, hansına daha çox sevgi verəcəyinə də ana qərar verirdi.

Quql mənə qənim olsun ki, indi danışacağım əfsanəni heç yerdə oxuyub bilməyəcəksiniz. Sən demə, sultanların, fatehlərin analarının nəfəsindən elə bir hikkə qoparmış ki, dağlara-daşlara yapışarmış. O vaxtdan bəri doğulan bütün qızlar da həmin nanohikkə zərrələrindən udurlar. Öz aləmlərində hünkarcıq oğullarının əvəzinə evliliyə, nəsil törətməyə qərar verirlər. Əfsanədə həm də deyilir ki, əsrlər sonra yer üzündə bir qız doğulacaq. Oğluna körpəlikdən seçim haqqı tanıyaraq, tanıdaraq şərqin bütün hikkəsini qara dəliyə qovacaq. Qurduğu ailənin yalnız oğluna aid olduğunu, gecələr onun əvəzinə arvadının yatağına girməyəcəyini, bir gün ürəyi nəvə istəyəndə, toyda gördüyü əqrabasının halal süd əmmiş qızını alıb sonra da südün müddətinin ötdüyünü aləmə car çəkməkdənsə, xəmir yoğurub qoğal bişirəcəyini nağıl əvəzi qulağına pıçıldayacaq. Bəlkə bizi Hitlerin anasızlıq sindromundan o qurtaracaq. Və bəlkə də bu mənəm. Bu, həm də sən ola bilərsən, ey içində potensial qayınana cücərdən hikkəli qız.