Həqiqətin gözlərinə baxmaq vaxtıdır - Paşinyana açıq məktub

Pravda.ru saytında Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktub dərc olunub. Məktubda deyilir: “Hörmətli Nikol Vovayeviç, Koronavirus pandemiyasının yaratdığı ağır sınaqlarla xarakterizə olunan bu mürəkkəb dövrdə sizə müraciət edirəm. İnsanların həyatını və sağlamlığını xilas etməyə yönəlmiş karantin və ehtiyat tədbirlərinin...

Həqiqətin gözlərinə baxmaq vaxtıdır - Paşinyana açıq məktub

Pravda.ru saytında Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktub dərc olunub. Məktubda deyilir:

“Hörmətli Nikol Vovayeviç,

Koronavirus pandemiyasının yaratdığı ağır sınaqlarla xarakterizə olunan bu mürəkkəb dövrdə sizə müraciət edirəm. İnsanların həyatını və sağlamlığını xilas etməyə yönəlmiş karantin və ehtiyat tədbirlərinin qaçılmaz mənfi tərəfləri var.

Rusiya 9 May Qələbə paradını təxirə salmaq məcburiyyətində qaldı, amma bu, insanların Böyük Qələbəyə münasibətinə təsir göstərmir.

Koronavirus XXI əsrin bu yeni vəbasını aradan qaldırmaq üçün bütün bəşəriyyətin səfərbərliyinə səbəb oldu.

Bəlkə də sonuncu dəfə bu cür səfərbərlik tədbirləri və dünya birliyinin birləşməsi XX əsrin ortalarında, bütün dünya “qəhvəyi” vəba - faşist ekspansiyası ilə mübarizə aparmaq üçün ayağa qalxanda baş vermişdi. Həmin vaxt Sovet xalqı bir nəfər kimi qəhrəmanlıqla vuruşdu və XX əsrin həmin nasist vəbasını məğlub etdi. Erməni xalqı da faşizm üzərində qələbə uğrunda SSRİ-nin digər xalqları ilə çiyin-çiyinə vuruşdu. Heç kimə sirr deyil ki, Rusiya SSRİ-nin hüquqi varisi olaraq, Böyük Qələbənin və onun qəhrəmanlarının xatirəsinin bu gün də yaşadılması üçün hər cür səy göstərir. Rusiya cəmiyyəti RF Prezidenti Vladimir V.Putinin təklif etdiyi Konstitusiyaya edilən dəyişikliklərə, xüsusilə tarixi həqiqətlərin qorunmasına dair maddəyə böyük razılıqla reaksiya verdi.

Erməni və rus xalqları arasında münasibətlərin tarixi əsrlərə söykənir. Rusiya tarixin ən mürəkkəb dövrlərində dəfələrlə erməni xalqının köməyinə gəlib.

Bu gün bir çox ölkələr kimi, Ermənistan da koronavirusla mübarizədə və əhalinin dolanışığı ilə bağlı ciddi çətinliklər yaşayır. Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) strukturlarında iştirakı ölkənizə mürəkkəb bölgədə təhlükəsizliyini təmin etməyə imkan verir və bu çətin dövrdə müttəfiqlərin, ilk növbədə Rusiyanın dəstəyini və lazımi kreditləri almağa, xalqınızı fasiləsiz ərzaq və dərmanla təmin etməyə imkan yaradır.

Hörmətli cənab Baş nazir, bu çətin dövr həm beynəlxalq aləmdə, həm də dövlətlərarası münasibətlərdə hərəkət ardıcıllığı tələb edir. SSRİ xalqlarının birgə səylərlə faşist ideologiyasını və nasizmi məğlub etdiyi Böyük Vətən Müharibəsində (II Dünya müharibəsi) qələbənin 75 illiyini qeyd etmək ərəfəsindəyik. Ancaq təəssüf ki, bir sıra ölkələrdə dövlət səviyyəsində nasist cinayətkarlarını və faşizmin tərəfdaşlarını qəhrəmanlaşdırmaq cəhdləri davam edir. Tarixin təhrifi və İkinci Dünya müharibəsinin nəticələrinin təftişi gedir. Nasistlərlə əməkdaşlıq edən cinayətkarlara abidələr ucaldılır! Onlar qəhrəman və azadlıq mübarizləri kimi tanıdılır.

SSRİ xalqlarının, o cümlədən erməni xalqının faşist boyunduruğunda qurbanlar verdiyi ölkələrdə bunun baş verməsi isə ikiqat məyusedicidir. Lakin faşist cinayətkarlarının və müttəfiqlərinin tərifləndiyi Polşa, Ukrayna, Baltikyanı ölkələr bunu onlara sırınan anti-Rusiya xarici siyasəti çərçivəsində edirsə, Rusiyanın strateji müttəfiqi olan Ermənistanda oxşar proseslərin niyə baş verdiyini anlamaq mümkün deyil.

Böyük təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Ermənistanın sabiq hökumətinin səyləri nəticəsində Nürnberq Tribunalı tərəfindən mühakimə olunan Vermaxt və Üçüncü Reyxin, digər cinayətkar təşkilatların xüsusi əməliyyatlarında iştirak edən nasist tərəfdarları Drastamat Kanayan (Dro) və Qaregin Ter-Arutyunyan (Njde) kultu yaradıldı.

Bu siyasətin təhlükəsi Rusiya Xarici İşlər Nazirliyinin 6 may 2019-cu il tarixli “Nasizmin tərənnümü ilə əlaqədar vəziyyət...” hesabatında da öz əksini tapdı. Məruzədə adı çəkilən ölkələrdə nasist tərəfdaşlarını tərifləmək təcrübəsinin davam etdiyini nəzərə alaraq, Rusiya ictimaiyyətinin nümayəndələri on minlərlə imza toplayan “Dünyada faşizmin tərənnüm edilməsi problemini dövlət səviyyəsinə qaldırmaq” adlı petisiyanı dəstəklədi. Orada ictimaiyyət adından Böyük Qələbənin 75 illiyinə həsr olunmuş mərasimlərin keçirilməsi üçün faşizmin tərəfdarlarını tərifləmək cəhdlərini dəstəkləyən və ya buna mane olmayan dövlətlərin rəsmi nümayəndə heyətlərinə icazə verilməməsi tələbi var.

Hörmətli Nikol Vovayeviç!

Siz özünüzü Ermənistanın əvvəlki hakimiyyətinin yaratdığı səhvlərə və problemlərə qarşı (hansı ki, bunlardan biri də faşist silahdaşlarını tərifləmək siyasəti idi) prinsipial mübarizə mövqeyində göstərirsiniz.

Məhz buna görə, yuxarıda göstərilən ərizəni on minlərlə imza edənlərin, həmçinin atalarımızın və babalarımızın qanını axıtdığı dəyərləri qoruyanların adından sizi İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxmaq və faşizmin tərənnümü cəhdlərini qınamağa, Dro və Njdenin şərəfinə ucaldılan abidələrin sökülməsinə başlatmağa çağırıram.

Bu addım, eyni zamanda, 18 dekabr 2019-cu il tarixində Rusiya tərəfindən BMT Baş Assambleyasının 74-cü sessiyasında irəli sürülən və dünya birliyinin “qəhvəyi” vəbanın yeni cücərtiləri ilə mübarizəsi üçün əsas sənəd olan “İrqçilik, irqi ayrıseçkilik, ksenofobiya və bunlarla əlaqəli dözümsüzlüyü aradan qaldırmaq” adlı qətnaməsinə səs verən Ermənistanın beynəlxalq səviyyədə elan edilmiş mövqeyinə uyğunluğunu təsdiqləyəcək.

Ancaq hər şeydən əvvəl Böyük Qələbənin 75 illiyi ərəfəsində sizin tərəfinizdən belə bir addım nasizmin insana nifrət üzərində qurulmuş ideologiyasının bir daha oyanmaması üçün öz həyatını qurban verən milyonlarla insanın (o cümlədən erməni xalqının nümayəndələrinin) xatirəsinə bir ehtiram əlaməti olardı. Ümid edirəm ki, Qələbə Günü paradının təxirə salınması, nasist əlaltılarının abidələrinin sökülməsini reallaşdırmaq və müttəfiq Ermənistanı layiqincə, təmiz vicdanla Moskvada keçiriləcək Qələbə mərasimlərində təmsil etməyinizə imkan yaradacaq.

Heç kim və heç nə unudulmayacaq!!!