İcaze.e-gov.az portalında qüvvədə olan icazələrin sayı bilindi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icaze.e-gov.az portalında qüvvədə olan icazələrin sayı barədə məlumat yayıb.

İcaze.e-gov.az portalında qüvvədə olan icazələrin sayı bilindi

Agentlikdən bildirilib ki, Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib.

Belə ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilib.

Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 9218 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 159871 icazə qüvvədə olub.