“İlk dəfə evimi elə bu gün gördüm” - Video

“İllərdir, bu günü gözləyirdim. Sevincimi hazırda ifadə edə bilmirəm”. Bu sözləri 21 iyulda mənzillə təmin olunmuş şəhid xanımı Fatma Rəhimli “Qafq

“İlk dəfə evimi elə bu gün gördüm” - Video

“İllərdir, bu günü gözləyirdim. Sevincimi hazırda ifadə edə bilmirəm”.

Bu sözləri 21 iyulda mənzillə təmin olunmuş şəhid xanımı Fatma Rəhimli“Peyk.AZ”ya açıqlamasında deyib. Ev problemi həllini tapdığı üçün xoşbəxt olduğunu ifadə edən Fatma xanım elə ilk dəfə reportaj günü evinin açarlarını alaraq otaqlara baxış keçirdiyini deyib:   “Yoldaşım şəhid olub. Bu evdə kimin zəhməti varsa, ona dərin təşəkkürümü bildirirəm. Məni və 3 qızımı çox sevindirdilər. Özümü necə ifadə edim, bilmirəm, məni çox sevindirdilər. İlk dəfə evimi gördüm. Hər şey ürəyimcədir”. 

Əmək və Əlinin Sosial müdafiəsi Nazirliyinin sosial təminat şöbəsinin müdiri Babək Hüseynov sakinlərlə birgə bir neçə mənzili gəzdikdən sonra bina və yerləşdirmə haqqında ümumi məlumat verib. Bildirib ki, nazirlik tərəfindən xüsusi kateqoriyadan olan şəhid ailələri və müharibə əlilliyi olan şəxslərin mənzil təminatı proqramı həyata keçirilir:

“Nəzər salsaq, 2018-ci ildə nəzərdə tutulandan 3 dəfə artıq olmaqla, 626 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib, 2019-cu ildə 900-dən artıq olub və 2020-ci ildə rekord nəticə kimi 1500-dən çox mənzilin verilməsi gözlənilir. 

Artıq bu günə kimi 430 ailəyə evlər verilib. Cari il ərzində veriləcək evlərdən 800-dən çoxu fərdi yaşayış sahəsi olacaq. Hazırda olduğumuz, İnqilab İsmayılov küçəsindəki binada yerləşən mənzillər 21 iyul tarixində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə şəhid ailələri və Qarabağ əlillərinə təqdim edilib. 62 mənzil var. Mənzillər şəhərin mənzərəli yerində yerləşən binadan əldə edilib. Yeni təmirdən çıxmış böyük və yaraşıqlı mənzillərdir. Bütün kommunal xidmətlərə qoşulub və günü bu gün köçüb yaşamaq üçün bütün şəraiti var”.

Şöbə müdirinin sözlərinə görə, ölkə üzrə şəhər yerlərində nazirlik tərəfindən yeni tikilmiş binalarda mənzillərin alınmasına üstünlük verilir: “Mənzillər alınan zaman açıq tender elan edilir. Onların qiymət və keyfiyyət mütənasibliyi nəzərə alınmaqla ən uyğun bilinəni alınaraq bu kateqoriyadan olan vətəndaşlara verilir. Rayon yerlərində isə fərdi yaşayış evləri tikilir və ən uyğunları seçilir. Son illərdə bu sahədə şəffaflıq qorunduğundan nəzərdə tutulduğundan dəfələrlə artıq sosial evlər verilib. Mənzillərə yerləşdirmə püşkatma yolu ilə baş verib və hər bir sakinə açarlar, müəyyən sənədlər təqdim edilib. Mətbəx mebeli quraşdırılıb”. 

Babək Hüseynov son olaraq qeyd edib ki, mənzillərin təhvil verilməsi zamanı Prezident tərəfindən müharibə səbəbindən əlilliyi olan şəxslərə 50 avtomobil verilib və proqram tam gücü ilə davam edir: “Cari ildə avtomobillə təminat 400 nəfəri əhatə edəcək ki, artıq onların 150-nə avtomobillər təqdim edilib”.

Mənzil sahibi olanlardan biri də ikinci qrup Qarabağ müharibəsi əlili Məftun İsmayılovdur. Məftun bəy öz xatirələrini bizimlə bölüşən zaman bildirib ki, Xocalı hadisəsindən sonra dözə bilməyib, universitetdə oxuduğu zaman könüllü olaraq orduya gedib: “Qarabağ əlili kimi hər zaman dəstəyi üzərimdə hiss etmişəm. 2018-ci ildə Prezidentimiz mənə avtomobil vermişdi, indi isə evlə təmin olunmuşam. Çox sevincliyəm”.