İnanmıram ki, çeçenlər Türkiyəyə xəyanət eləsin – Diqqətçəkən açıqlama

İnanmıram ki, çeçenlər Türkiyəyə xəyanət eləsin – Diqqətçəkən açıqlama

Rusiyanın Suriya-Türkiyə sərhəddində 30 kilometrlik zonada xüsusi tapşırıqları yerinə yetirmək üçün Çeçenistandan Suriyaya göndərdiyi hərbi polis dəstələrinin seçilməsində Türkiyənin də istəyinə əməl edilib. Hətta polislər içərisində çeçenlərin seçilməsi deyərdim ki, ən uğurlu variantdır. Çünki inanmıram ki, çeçenlər Türkiyəyə xəyanət eləsin.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin fikrincə, çeçenlərin seçilməsində Türkiyənin mövqeyi həlledici rol oynayıb: “Çeçenlərin Türkiyə ilə münasibətlərdə hansısa xoşagəlməz addımlara yol verəcəyini düşünmürəm”.
O bildirib ki, Soçi görüşündə Putinlə Ərdoğanın razılaşmasına görə, Suriya ərazisində Suriyanın icazəsi olan dövlətlər hərbi əməliyyatlar apara və buradakı prosesləri tənzimləyə bilər: “Bu, ABŞ və onun başçılıq elədiyi koalisiya tərəfindən qəbul edilmir. Çünki onlar xüsusilə İŞİD-in əzilməsində az rol oynamadı. Soçi razılaşmasından sonra təşəbbüs Türkiyə ilə Rusiyanın əlinə keçir, hətta perspektivdə Ərdoğanla Bəşər Əsədin barışması, Türkiyə-Suriya anlaşması məsələsinə də gündəmə gələ bilər”.

Politoloq qeyd edib ki, Rusiyanın Suriyada yerləşməsi ilə gələcəkdə Yaxın Şərqin digər ölkələrinə də nüfuz edəcəyi ilə bağlı qorxulu rəylər yaradır: “Bu nöqteyi-nəzərdən Türkiyənin Rusiya ilə müqavilə bağlaması və prosesə Əsədi qoşmaq niyyətləri Qərbi proseslərdən kənarda qoya bilər. Nəticədə ABŞ və digər Qərb dövlətləri ciddi uğursuzluğa üzləşə bilər. ABŞ qərara alıb ki, Suriyanın neft çıxan rayonlarına “Abrams” tipli tanklar və bu tanklara xidmət edən quru qoşunlarını göndərsin. Zənnimcə, Rusiya-Türkiyə münasibətlərinin Soçi müqaviləsi üzərində qurulmasından sonra Suriya uğrunda mübarizə kəskinləşib”