Home Redaktor Seçimi İrana qarşı sanksiyalar və Cənubi Qafqaz: Enerji probleminin “müjdə”si verilir

İrana qarşı sanksiyalar və Cənubi Qafqaz: Enerji probleminin “müjdə”si verilir

219
0
peyk.az
peyk.az

Azərbaycan kifayət qədər mürəkkəb mövqedə yerləşməsinə baxmayaraq, İranla birgə hasilatın pay bölgüsü üzrə neft və qaz yataqlarında işlər aparmağı planlaşdırır.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi irimiqyaslı sanksiyaların davamı İslam Respublikasının Cənubi Qafqazda yerləşən qonşuları – Azərbaycan, Gürcüstan və Ermənistan üçün iqtisadi qeyri-müəyyənlik yaradır.

Vaşinqtonun İranın neft ixracını sıfıra endirmək məqsədi bu üç Cənubi Qafqaz ölkəsinə birbaşa təsir göstərməyəcək. Çünki onların heç biri İrandan xam neft idxal etmir. Bununla belə, həmin üç dövlət İran təbii qazından bu və ya başqa dərəcədə asılıdır. İrana qarşı tətbiq olunan sanksiyaların dəqiq miqyası bəlli olana qədər hər üç dövlətin İranın təbii qazından asılılığı davam edəcək.

Bu yaxınlarda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton (John Bolton) bu üç dövlətə səfər edərək, İranın təcridini gücləndirmək üçün onlardan dəstək almağa cəhd etdi. Lakin Boltonun bu səfəri Vaşinqtonun istədiyi nəticəni vermədi. Noyabrın 5-də isə ABŞ qonşu Türkiyə də daxil olmaqla, 8 ölkəyə qarşı münasibətini yumşaltdı. Lakin Cənubi Qafqaz ölkələrindən heç biri Vaşinqtonun sərt siyasətindən yayına bilmədi.

Həm xam neft, həm də təbii qazın böyük ixracatçısı kimi Azərbaycan bəzi hallarda İran təbii qazının idxalçısı olduğundan, çox mürəkkəb vəziyyətdədir. Azərbaycan İranla uzun quru və dəniz sərhədlərinə malikdir. Bundan əlavə, Azərbaycan İranla bu ilin mart ayında saziş imzalayaraq, Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənilməsinə dair razılığa gəlib.

Ancaq neft və qaz yataqlarının birgə işlənilməsinin davam edəcəyi gözlənilmir. Lakin iki ölkə arasında həyata keçirilən bir neçə layihənin icrasında ciddi məsafə qət olunub və Vaşinqton həmin layihələrin dayandırılmasına təsir edə bilməz.

Azərbaycanın əsas qaz yatağı olan “Şahdəniz” Böyük Britaniyanın neft nəhəngi olan BP-nin rəhbərlik etdiyi konsorsium tərəfindən işlənilir. İran Milli Neft Şirkəti həmin konsorsiumda 10 faiz paya malikdir.

Hazırda “Şahdəniz” Avropa İttifaqının (Aİ) dəstək verdiyi “Cənub qaz dəhlizi”ni uzunmüddətli qazla təmin edəcək yeganə mənbədir. “Cənub Qaz Dəhlizi”nin əsas məqsədi Avropa ölkələrini Rusiyanın enerji asılılığından xilas etməkdir.

Bu ilin avqust ayında Vaşinqton “Şahdəniz” və “Cənub Qaz Dəhlizi”nə dair aydın mövqeyini ortaya qoydu. Həmin vaxt ABŞ Maliyyə Nazirliyi İranla bağlı sanksiyalara baxmayaraq, “Şahdəniz” layihəsinin işlənilməsi üçün ciddi anlaşmaya razılıq verib. Birləşmiş Ştatlar administrasiyası “Şahdəniz” qazının tikiləcək “Cənubi Qaz Dəhlizi” vasitəsilə Türkiyə ərazisindən keçərək, Avropa ölkələrinə nəql olunmasını yüksək qiymətləndirir.

ABŞ Maliyyə Nazirliyinin razılaşdığı bu sənədin əsas mahiyyəti odur ki, BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Cənub Qaz Dəhlizi”nin üç səhmdarı adıçəkilən qaz layihəsinə görə sanksiyalara məruz qalmayacaq.

ABŞ dünya dövlətlərini İrandan neft idxalını dayandırmağa çağırdıqdan sonra Azərbaycan dünya bazarlarında neftin qiymətinin gözlənilən artımından da gəlir əldə etmək istəyir. Bu qeyri-müəyyənlik isə həmçinin neft qiymətlərinə ən çox indeksasiya edilən təbii qazın qiymətinin artmasına gətirib çıxaracaq.

Qeyd olunan məsələni Eurasia.net-ə şərh edən Xəzər enerji məsələləri üzrə təhlilçi və “Atlantika Şurası”nın əməkdaşı Con Roberts (John Roberts) bunları deyib:
“İran Körfəzində yüksələn gərginliyin nəticəsində neft qiymətlərinin artması səbəbindən və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan Azərbaycan əlavə gəlir də götürə bilər. Bütün bu proseslərə baxmayaraq, Bakının təsir etmədiyi amillər üzündən Azərbaycanın hər hansı potensial gəlir əldə edəcəyini əvvəldən söyləmək çətindir”.

Roberts əlavə edib ki, İrandan təbii qaz idxal etdiyinə görə Azərbaycan daha mürəkkəb vəziyyətlə üzləşə bilər. Azərbaycan tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının qaz ehtiyacını ödəmək üçün İrandan kiçik həcmdə təbii qaz idxal edir. Yaxın illərə qədər Türkmənistan da İran ərazisindən Azərbaycana qaz nəql edirdi. Həmin Türkmən qazı isə Azərbaycanın təbii qaz hasilatına əlavə olunaraq, Gürcüstana ixrac edilirdi. Gürcüstanın idxalçı ölkə kimi bu il Azərbaycandan 2.7 milyard kubmetr qaz almağı gözlənilir.

SOCAR-ın sözçüsü İbrahim Əhmədov “Eurasia.net”ə bildirib ki, Azərbaycan qaz hasilatını artdırdığı üçün İran vasitəsilə tranzit olunan təbii qazın idxalı dayandırılıb:
“İri həcmdə idxal olunan qazı biz yayda anbarlara vururuq. Sonra isə qış mövsümündə anbardakı həmin qazı tələbat çox olan yerlərə ixrac edirik. Hazırda anbarda 3 milyard kubmetrdən artıq qaz var, bu ilin sonunadək Rusiyadan da əlavə qaz idxal edəcəyik. Buna görə SOCAR qaz çatışmazlığı ilə üzləşməyəcək. Bu səbəbdən Gürcüstanı qazla təchiz etməkdə Azərbaycan çətinlik çəkməyəcək”.

İran və Ermənistan arasında yerləşən və Türkiyəyə çox kiçik çıxış yolu olan Naxçıvanın bu coğrafi mövqe baxımından, başqa dövlətlərlə əlaqə saxlamaq imkanı məhduddur. 2010-cu ildə Azərbaycan hökuməti Türkiyə ilə saziş imzalayaraq, Türkiyədən Naxçıvana qaz kəmərinin çəkilməsi barədə razılığa gəldi. Lakin həmin kəmər hələ də inşa olunmayıb. Ona görə də Naxçıvan İranla birbaşa svop raşılaşma əsasında oradan qaz idxal edir.

Belə barter razılaşması rəsmi Bakının ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların pozulması mənasını vermir. Əhmədov təsdiq edib ki, “SOCAR yaxın gələcəkdə İranla hər hansı ödəniş razılaşması imzalamağı planlaşdırmır”.

Əgər həqiqətdə Azərbaycanın Gürcüstana qaz ixracı davamlı olacaqsa, bu vəziyyətdə Gürcüstan özünün Qara Dəniz sahili boyunca İranın neft məhsullarını idxal məcburiyyətində qalmayacaq. Belə olan təqdirdə Gürcüstan Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalardan daha az ziyan çəkəcək.

Ermənistan üçün bir neçə çıxış yolu

Eyni sözləri Ermənistan haqqında demək qeyri-mümkündür. Coğrafi mövqeyinə görə heç bir dənizə çıxışı olmayan və siyasi təcridlə üzləşən Ermənistanın seçim imkanı məhduddur. Təbii ehtiyatları az olan və hələ də enerji tələbatının 40 faizini köhnələn “Metsamor” Atom Elektrik Stansiyası ilə təmin edən Ermənistan öz enerji istehlakını ödəmək üçün qaz idxalından asılı vəziyyətə düşüb.

Ermənistan əsasən, Gürcüstan ərazisi vasitəsilə Rusiyadan qaz idxal edir. Eyni zamanda, Ermənistan 2017-ci ildə İrandan 400 milyon kubmetr təbii qaz alaraq, bunun əvəzini elektrik enerjisi ilə ödəyib. 2017-ci ilin sonunda İran və Ermənistan arasında imzalanan sazişə görə, İran Ermənistana qaz ixracını, Ermənistan isə İrana elektrik enerjisi ixracını 25 faiz artıracaq. Həmin sazişin müddəaları hələ tam aydın deyil.

Noyabrın 6-da Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan “Tvitter” vasitəsilə bildirib ki, təmsilçisi olduğu qurum baş verən prosesləri yaxından müşahidə edir: “Yeni sanksiyaların Ermənitana təsir edəcək tərəfləri indidən görünür”. Bununla belə, Nağdalyan “Eurasia.net”in suallarına cavab verməyib.

Ermənistanın qaz şəbəkəsinin Rusiyanın “Qazprom” tərəfindən idarə olunması İrəvanın mövqeyini daha da çətinləşdirir. Eyni zamanda, Ermənistan “Qazprom”un ixrac etdiyi təbii qazın baha qiymətinə görə Rusiyaya narazılığını bildirir. İrəvan İran qazını idxal etdiyinə görə güclü təzyiqə məruz qalmaqla yanaşı, həm də Rusiya ilə uğursuz danışıqlar apararaq, ondan asılılığını daha da artıracaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here