İşə çıxan və məsafədən işləyən müəllimlərin MAAŞI: “Bu məsələdə fərq olmayacaq” – Ekspert

“Məktəbə gəlmələri tələb olunmayan müəllimlər məsafədən idarəetmə əsasında prosesə qoşulacaq”.

İşə çıxan və məsafədən işləyən müəllimlərin MAAŞI: “Bu məsələdə fərq olmayacaq” – Ekspert

“Məktəbə gəlmələri tələb olunmayan müəllimlər məsafədən idarəetmə əsasında prosesə qoşulacaq”.

Bu fikirləri Peyk.az-a açıqlamasında təhsil naziri Ceyhun Bayramovun mayın 31-dək təhsil müəssisələrindəki vəziyyətlə bağlı yeni əmrini şərh edən ekspert Elçin Əfəndi deyib.

Elçin Əfəndi qeyd edib ki, nazirin əmrinə uyğun olaraq, yaxın günlərdə ali təhsil müəssisələrinə ərizə qəbulu da başlayacaq:

“Əmrə əsasən, təhsilə bağlı olan qurumlarda əməkdaşların bir qisminin iş fəaliyyəti müəyyən izolyasiya və karantin qaydaları çərçivəsində bərpa olunur. Burada başlıca məqsəd sənədləşmə işlərinin həyata keçirilməsi, məlumatların aidiyyatı orqanlara ötürülməsi və sair işlərin təşkili ilə bağlıdır. Qarşıdakı vaxtlarda ali təhsil müəssisələrinə ərizə qəbulunun başlanması nəzərdə tutulur. Bundan əlavə, təhsil müəssisələrində imtahanlar və onların təşkili, keçirilməsi də diqqət mərkəzindədir. Sənədləşmə işləri telefon rabitəsi və elektron poçtdan istifadə olunmaqla, həyata keçiriləcək. Bütün bunlar qarşıdakı vaxtlarda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər üçün zəmin rolunu oynayır”.

İşə cəlb edilməyən təhsil işçilərinə əmək haqqının necə ödəniləcəyinə toxunan Elçin Əfəndiyə görə, bu məsələdə fərq olmayacaq:

“Məktəbə gəlmələri tələb olunmayanlar iş prosesindən kənarda qalmırlar. Onlar məsafədən idarəetmə əsasında prosesə qoşulurlar. Belə olan halda həm işə cəlb olunan, həm də cəlb olunmayanlar eyni əmək haqqını alacaqlar. Burada öhdəçiliyində azyaşlı uşaq olan və ya tibbi yardıma ehtiyacı olan, 60 yaşdan yuxarı yaşı olan şəxlər işə çıxmadıqları halda onlar işə çıxanlardan az əmək haqqı alarlarsa, burada ədalət prinsipi pozular. Ona görə də düşünmürəm ki, işə çıxanların əmək haqqı artırılsın”.

Qeyd edək ki, ötən gün təhsil naziri Ceyhun Bayramov koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı mövcud olan xüsusi karantin dövründə tətbiq edilən xüsusi iş (əmək) rejiminin müddətinin uzadılması barədə əmr imzalayıb.

Gülşən Şərif

www.peyk.az