İŞİD-in yeni liderinin adı məlum oldu

İŞİD-in yeni liderinin adı məlum oldu

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsindən sonra onu əvəz edə biləcək şəxslə bağlı müxtəlif iddialar ortaya atılır.

Publika.az xəbər verir ki, bu iddialardan biri “Newsweek” nəşrində dərc olunub.

Nəşrin xəbərinə görə, İŞİD Bağdadinin xələflərindən birini lideri olaraq seçib. Onun Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Kardaş olduğu bildirilir.

Anonim kəşfiyyat mənbəyinin məlumatına görə, Bağdadi bu ilin avqustunda təşkilatın rəhbərliyindən ayrılmış və Kardaşı varisi təyin etmişdi.

"Bağdadi nominal bir lider idi. O, əməliyyatlarda və gündəlik işlərdə iştirak etmirdi", - mənbə deyib.

Daha əvvəl "Əl Mayadin" telekanalı Bağdadinin mümkün varisləri kimi onun ən yaxın köməkçiləri olan Abu Abdel Rəhman əl-Cezraui və Əbu Osman əl-Faransinin adını çəkib.

Qeyd edək ki, ABŞ oktyabrın 26-dan 27-nə keçən gecə Suriyanın İdlib vilayətində İŞİD liderinə qarşı xüsusi əməliyyat keçirib. ABŞ prezidenti Donald Trampın sözlərinə görə, əməliyyatda 8 helikopter iştirak edib. Prezident Bağdadinin çıxışı olmayan bir tuneldə qaldığını, tunelin partladılması zamanı onunla birlikdə iki arvadı və üç uşağın öldüyünü söyləyib.