Koronavirusun “qüvvədən saldığı” MÜQAVİLƏLƏR: Ölkədə yeni “Məhkəmə bumu” gözlənilir

Roman Qaraşov: “Hələlik pandemiya dönəmində mövcud olan fəsadlarla bağlı məhkəmə prosesləri həyata keçirilməyib”. Ellada Bayramova: “Pandemiyanın yaratdığı fors-major vəziyyətlə əlaqədar […]

Koronavirusun “qüvvədən saldığı” MÜQAVİLƏLƏR: Ölkədə yeni “Məhkəmə bumu” gözlənilir

Roman Qaraşov: “Hələlik pandemiya dönəmində mövcud olan fəsadlarla bağlı məhkəmə prosesləri həyata keçirilməyib”.

Ellada Bayramova: “Pandemiyanın yaratdığı fors-major vəziyyətlə əlaqədar məhkəməyə edilən müraciətlər kifayət qədər çoxdur”.

Bu ilin əvvəlindən etibarən, bütün dünyanı az qala iflic vəziyyətinə salan koronavirus pandemiyası həyatın bütün sahələrində ciddi problemlər yaradıb. Əksər ölkələrdə orta və ali məktəblərdə tədris dayandırılıb, istehsal səviyyəsi minimuma enib, xidmət sferası, xüsusilə, turizm sektoru iflas ərəfəsindədir və ən əsası, pandemiya səbənindən cəmiyyətlərdə kütləvi psixoz yaşanmaqdadır.

Belə bir vəziyyətdə istər biznes strukturları, istərsə də fərdlər arasında imzalanan, bu və ya digər məsələləri tənzimləyən, qarşılıqlı öhdəliklərin əks olunduğu müqavilə öhdəliklərinin yerinə yetirilməsi xeyli çətinləşib. Müqavilə şərtlərinə əməl olunmaması isə yaranan anlaşılmazlıqların həlli üçün məhkəmə perspektivini aktuallaşdırır. O baxımdan, karantin rejiminin demək olar, tam yumşaldılmasından sonra əksər sahələrin öz fəaliyyətini bərpa etməsi fonunda qarşılıqlı öhdəliklərin icra vəziyyəti və bu çərçivədə məhkəməyə müraciətlərlərin statistikası maraq doğurur.

Bu mövzu ilə bağlı Peyk.az-a danışan vəkil Roman Qaraşov bildirib ki, hazırda ölkədə bütün məhkəmələrin fəaliyyəti tam bərpa olunsa da, pandemiya dönəmində yaranan problemlərlə bağlı məhkəmə prosesləri hələ həyata keçirilməyib:

“Pandemiyanın yaratdığı vəziyyət fonunda tərəflərin iradəsindən asılı olmayan səbəblərdən dolayı müqavilə şərtləri və götürülən öhdəliklərin yerinə yetirilməməsi məsələsi ortaya çıxa bilər.

Buna görə də riskləri sığortalamaq baxımından, fors-major hallarının müqaviləyə daxil edilməsi məcburidir. Şəxslər isə müqavilə tərəfi olaraq, sərbəstdir və öhdəlikləri vaxtında yerinə yetirməyə borcludur.

Məlumdur ki, insanların sağlamlığı ilə bağlı ciddi risklər və fors-major halları olduqda, iş proseslərində müəyyən problemlər üzə çıxır. Bu zaman tərəflər bir-birini daha əlverişsiz vəziyyətə salmamalıdırlar və müqavilə tərəfləri müddəaları ciddi təhlil etməlidirlər.

Hələlik pandemiya dövründə mövcud olan fəsadlarla əlaqədar məhkəmə prosesləri həyata keçirilməyib. Lakin yaxın aylar ərzində vəkillər bu məsələlərlə bağlı məhkəmə proseslərində iştirak edəcəklər. Müqavilə tərəflərindən hansısa üzərinə düşən öhdəliyi icra etməyibsə, problem məhkəmə müstəvisində araşdırılacaq. Pandemiya dönəmində əksər müqavilələr demək olar ki, tam həcmdə icra olunmayıb”.

Hüquqşünas Ellada Bayramova isə Peyk.az-a açıqlamasında bildirib ki, qarşılıqlı razılaşmanı tənzimləyən müqaviləsi olmayan şəxslər müəyyən problemlə üzləşdikdə, onların məhkəməyə müraciət üçün hüquqi əsası olmayacaq:

“Karantin qaydaları yumşaldıqdan sonra məhkəmələr yenidən fəaliyyətə başlayıb. Pandemiyanın yaratdığı fors-major vəziyyətlə bağlı məhkəməyə müraciətlər isə kifayət qədər çoxdur.

Ən pisi tərəfi budur ki, müraciət edənlərin əksəriyyətinin qarşılıqlı razılaşmanı tənzimləyən müqaviləsi yoxdur. Nəticədə ortaya müəyyən problemlər çıxır. Məsələn, şəxs icarəyə götürdüyü yer üçün müqavilə bağlamayıb və karantin rejimində icarə pulunu ödəyə bilməyib. O, əşyalarını geri götürmək istəsə də, buna nail olmayıb.

Ölkədə pandemiya ilə əlaqədar fövqəladə hal elan olunmadığına görə insanlar problemlərini özləri həll etmək məcburiyyətində qalıblar. Əksər insanlar müqavilələrdə qeyd olunan fors-major halları ilə bağlı müddəalara ciddi yanaşmır. Bəzən müqavilədə bu müddəaya ehtiyac da duymurlar.

Lakin fəaliyyət dövründə fərqli vəziyyət və problemlər üzə çıxır. Ona görə də vətəndaşlar müqavilə məsələsində daha məsuliyyətli davranmalıdırlar. Çünki müqavilə və sənəd vətəndaşları bir çox problemlərdən qoruyur. Təəssüf ki, bunu dərk edən insanların sayı azdır. Müqaviləsi olmayan şəxs heç bir əsasla məhkəməyə müraciət edə bilməz. Çünki onun əlində hansısa sübutu yoxdur”.

Gülşən Şərif

www.peyk.az