Home İdman Kosovonun hücum potensialı daha çoxdur – Qurban Qurbanov

Kosovonun hücum potensialı daha çoxdur – Qurban Qurbanov

131
0

UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Kosovonun qonağı olacaq Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov matçöncəsi mətbuat konfransı keçirib.

 

Peyk.az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandaya inandığını deyib:

 

“Son oyunumuza çıxırıq. Hər iki komanda üçün çox vacib oyundu. İlk gündən bu rəqibə böyük qiymət vermişəm. Futbolçularının ustalıq səviyyəsi yüksəkdi. Ancaq komandama inanıram və komandam hazırdı”.

 

– Sizdən öncə Kosovonun baş məşqçisi Azərbaycanı favorit gördüyünü bildirdi. Özü də ilk turdan belə düşündüyünü dedi. Bəs, siz necə düşünürsünüz?
–  Rəqib məşqçiyə təşəkkür edirəm. Xatırlayırsızsa, mən də Kosovo yığması haqda yalnız xoş sözlər bildirmişdim. Bu gün bunu təkrarlamayacam. Sabahkı matçda Kosovonun azarkeş sarıdan da, xal baxımından da üstün olduğunu bilirik. Farer adaları ilə görüşdən sonra da bura qələbə arxasınca gəldiyimizi demişdim. Ancaq mənim üçün ən önəmlisi futbolçuların xarakter göstərməsi, nəticə üçün ən düzgününü etmələridir. Bütün dediklərim alınsa, uğur tərəfimizdə olacaq. Hazırda elə bir fikrim yoxdu ki, Kosovodu favorit, yoxsa Azərbaycan.

 

– Millimiz cütlü oyunlardan birincisini daha uğurlu keçirir. Bu dəfə necə, fiziki cəhətdən ikinci oyuna gücünüz çatacaqmı?
–  Ola bilər yorğunluq olsun. Ancaq bu barədə düşünmürük. Biz də, rəqib də eyni proqramla oynamışıq. Amma bəzi amillər bizdə üstün olmalıdır ki, qalib gələk. Heç bir şey bizə mane olmamalıdır. 90 dəqiqə ərzində lazım olanları etməliyik.

 

– Rəqib nə qədər hücum edəcəyini bildirsə də, aydındır ki, Kosovo müdafiədə oturacaq. Millimizin bu cür müdafiə səddlərini yarmaq potensialı varmı?
– Bu komanda hücumameylli oynayır. Üstəlik, evdə oynayırlar. Hər bir halda təcrübəli baş məşqçiləri var. Daha düzgün qərarı o verə bilər. Əlbəttə, biz də hücumda oynamağa çalışacağıq. Əsas bizim hücumda oynamağımızdı. Nə qədər təzyiq göstərə bilsək, onlar bir o qədər müdafiəyə oturacaqlar. Ancaq bir daha qeyd edirəm ki, Kosovonun hücum potensialı daha çoxdu.

 

– Son oyunda Kosovo səfərdə 5:0 qalib gəlib. Bildiyiniz kimi, sabah da anşlaq yaşanacaq. Sabahkı görüşdə meydan sahiblərinin hücumlarına qarşı hansı məlhəmləri tapmısınız?
-Bütün oyunlarda Kosovonun hücum potensialının şahidi olmuşuq. Həmişə futbolçularıma demişəm ki, hücumda ola-ola müdafiə olunmağı bacarmalıyıq. Sabahkı matçda müdafiədə daha diqqətli olmalıyıq. Hər bir halda, çalışmalıyıq ki, rəqibin hücumlarının sayı az olsun.

 

– Pavel Paşayevin vəziyyəti nə yerdədi? Ümumiyyətlə, başqa hansısa futbolçu zədədən əziyyət çəkir?
–  Pavellə bağlı son qərar sabah veriləcək. Kamran Ağayevin oynamayacağı isə əvvəlcədən bilinirdi. Qalan futbolçularda mikrozədələr olsa da, ciddi problem görmürəm. Bütün hallarda, məni zədələr yox, sabahkı görüş düşündürür. Çünki heyətdəki uşaqların hər birini əminliklə meydana buraxa bilərəm. Olduqca istəkli, həvəslidirlər.

 

– Farer adaları ilə oyunla müqayisədə, çox dəyişiklik gözlənilir? Yeri gəlmişkən, Kamran Ağayev bu gün “CBC Sport”un efirində ağlayaraq, komandaya dəstək olduğunu və lazım olsa, bir ayaqla da qapını qorumağa hazır olduğunu bildirib.
– Düşündüyüm heyət bəllidi. Ancaq hələ vaxtımız var. Həkimlərlə də məsləhətləşəcəyik. Üstəlik, hələ 2 məşqimiz var. Kamran Ağayevi də yanımızda görmək istəyərdik. Efir vasitəsi ilə istəklərini göndərdiyi üçün təşəkkürümü bildirirəm. Hamımız bir kollektivik. Kamrana tezliklə zədəsini sağaltmağı arzulayıram.

 

– Maksim, bu matç sənin üçün ən məsuliyyətli oyundurmu?
– (M.M.) Doğru qeyd etdiniz. Çox məsuliyyətli oyundu. Ancaq komandamızda yetərincə təcrübəli futbolçu var. Sabah gərginlikdə yox, sərbəst oynamalıyıq. Bəli, məsuliyyət böyükdü, ancaq soyuqqanlı oynamalıyıq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here