Manaf Ağayev: “Kiməsə yardım edəndə 50 yox, 500 manat pul verirəm” — VİDEO

Oxu.Az xəbər verir ki, bu sözləri məşhur müğənni Manaf Ağayev ATV telekanalında yayımlanan “Ulduzlu yayım” proqramında qonaq olarkən deyib.

Manaf Ağayev: “Kiməsə yardım edəndə 50 yox, 500 manat pul verirəm” — VİDEO

Sənətçi ağır və keşməkeşli həyat yolunu yada salaraq, yataqxanada ailəsi ilə birgə yaşadığı illəri yenidən göz önünə gətirib:

“Biz 1993-cü ildə Bakıya qaçqın kimi gəlmişik. Nə pul var idi, nə də ki hər hansısa bir imkan. Bacı-qardaşlarımla Dərnəgüldə yataqxanada yerləşmişdik.

Bir kiçik otaqda mən, həyat yoldaşım, üç uşağım və anam qalırdı. Yataqda isə üç uşağım yatırdı. Yer olmadığından yatağın altında, yerdə yatırdım. Yataqxananın heç eyvanı da yox idi. Havasızlıqdan boğulurdum. Çıxıb yataqxananın yerləşdiyi ərazidə gəzirdim. İstəyim isə tezliklə səhərin açılması idi. Ağcaqanadın əlindən oturmaq olmurdu. Uşaqlarımın üzünü-gözünü yeyirdilər.

Bir insan da olmadı ki bizə o vəziyyətdə yardım əlini uzatsın. Nə yaxşı ki, belə bir insan olmayıb. Çünki etsəydi, üzümə çoxdan vurub deyərdi ki, “Manafa kömək edib, mən kişi etmişəm”.

Mənim bacı və qardaşlarım Manaf Ağayev deyillər. Onlar da camaat kimi işləyib, 300 manat maaş alır. Onlar ömürlərində hələ bir dəfə məndən pul istəməyiblər. Haqları olsa da belə, bununla bağlı mənə ağız açmayıblar.

Yataqxanadan da zülm, əziyyətlə çıxdıq. Orada qohumlarım 16 il, mən isə bir il yaşadım. Əlimizdə 5-10 manat pul var idi. Həyat yoldaşımın qızıllarını satıb, bir az da mən işlədim, pulu yığıb, ev kirayələyib, orada yaşamağa başladıq.

Daha sonra pul yığıb Səkkizinci kilometr adlanan ərazidə “Minsk” layihəsi olan ev aldım. Hələ də yadımdan çıxmaz, tezdən oyanıb gördüm ki, evin içi boşdur. Gördüm ki, sərində uşaqlarım yatıblar. Ağcaqanad da yox idi. Gözümdən gilə-gilə yaş gəldi. Düşündüm ki, mən ailəmi o çətin yaşayış yerindən necə çıxarıb, bura gəldim. Uşaqlarımın üzünü ağcaqanad elə dişləmişdi ki, sifətlərində sağlam yer qalmamışdı, çopur-çopur idi. Biz yataqxanada belə şəraitdə yaşamışıq”.

Proqramın aparıcısı Günay Firuddinqızının “Aylar öncə söylədiyiniz (red. Xatırlatma) “Bir kəlmə sözə görə baş kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Üzr istəmədim” sözlərinə görə sosial mediada hamı sizə qarşı çıxıb, linç etdilər. Amma bir sənət yoldaşınız belə çıxıb sizi müdafiə etmədi” şərhinə müğənninin cavabı sərt olub:

“Heç kim müdafiə etmədi. İncimirəm də... Müdafiə etməyi ancaq mən bacarıram. Nə yazmışdılar ki? Cəmi iki-üç təhqir. Düşünmədilər ki, qoy Manafa görə məni söysünlər. Manaf dostumdur. Onlarda belə düşüncə yoxdur. Lazım gəlsə, şəxsən mən dostuma görə söyülərəm də, vurularam da. Məndən kövrək, yazıq adam bəlkə də yoxdur. Amma bir o qədər də qəddaram. Haqsızlığa dözə bilmərəm. Çox kövrək, dostcanlı insanam. Bu bağ evini ona görə tikmişəm ki, dostlarım, yaxınlarım, qohumlarım gəlsin. Mənə burada yaşayan mühafizəçinin qaldığı yer belə bəsdir. İnanın ki, adam qalır çaş-baş ki, nə edəsən ki, qınanılmayasan”.