“Messi üçün xüsusi bir “Qızıl top” hazırlamaq lazımdır” - Neymar

PSJ-nin hücumçusu Neymar “France Football”a müsahibəsində deyib ki, o Parisdən heç bir yerə köçmək niyyətində deyil.

“Messi üçün xüsusi bir “Qızıl top” hazırlamaq lazımdır” - Neymar
https://peyk.az

Peyk.az həmin müsahibənin maraqlı məqamlarını təqdim edir.

“Barselona”dan Messiyə görə getməmişəm

- “Qızıl top”un təqdimatını izlədinizmi?

- Bəli, evdə televizordan. Əlbəttə, həmin axşam dünyanın ən yaxşı futbolçuları ilə bir yerdə olmaq yaxşı olardı. Ancaq problemim var - xəsarətlər işgəncə verirdi, bu dəfə gələ bilmədim.

- Lionel Messi altıncı “Qızıl top”u aldı. Sizin şərhiniz...

- Messi inanılmaz oyunçudur. Nə zamansa gördüklərimin ən yaxşısıdır. Ona görə altıncı “Top”u almasında təəccüblü heç nə yoxdur, həm də çox sabit oynayır. Ümumiyyətlə, onun üçün xüsusi bir “Qızıl top” hazırlamaq lazımdır.

- Sizin “Barselona”dan getməyinizin səbəblərindən birinin də Messi olduğu haqda deyilənlər həqiqətdirmi? Guya onunla bir komandada oynasaydınız, “Qızıl top” almaq şansınız az olacaqdı...

- Yox. Mən “Barselona”dan dünyada ən yaxşı olmaq istəyimə və “Qızıl top”a görə getməmişəm. Sadəcə, həyatımda nəyisə dəyişmək istəyirdim. Nə “Qızıl top”, nə də Messinin burada heç bir rolu yoxdur. O, mənim dostumdur, mən həmişə onu sevəcəyəm.

- Sizin fikrinizcə, böyük futbolçu kimdir?

- O, oyunun taleyini dəyişməyə qadir olan birisidir. Həmişə müəyyən bir səviyyədə olan və başqaları üçün çətin olanı asanlıqla yerinə yetirən kimsədir. Məncə, belədir.

- Hazırda dünyada sözün həqiqi mənasında neçə böyük futbolçu var?

- Əslində çoxdur. Başqa bir şeydir ki, hamı uğurlu bir bilet almağa müvəffəq olmur.

- Beynəlxalq səviyyədə heç nəyə nail olmayan birisini böyük oyunçu adlandırmaq olarmı?

- Əlbəttə, olar. Ronaldonu götürək (“Yekədiş” – red.) – o heç vaxt Çempionlar liqasının qalibi olmayıb, amma axı böyük futbolçu idi. Eynilə İbrahimoviç də. Ziko heç vaxt dünya çempionatının qalibi olmayıb. Ancaq onlar hamısı böyük futbolçulardır.

- Xavi demişdi ki, başlıcası nəticə yox, futbol fəlsəfəsidir.

- Futbol ideyaları müxtəlif olur. “Barselona”da Xavi və digər uşaqlarla yanaşı oynayanda, mən başa düşdüm ki, onların xüsusi fəlsəfəsi var. Bu klubda futbol həyatı daha intensivdir. Mən “Barselona”da çox şey öyrənmişəm, ona görə özümü orada xoşbəxt hiss edirdim.

Mənim PSJ-dəki statistikama baxın – bu superdir!

- Siz niyə Parisə getdiniz? Lider olduğunuzu sübut etmək üçün?

- Yox, mən nəyisə sübut etmək üçün futbol oynamıram. Mən futbolu sevdiyim üçün oynayıram – vəssəlam. Oynamaq mənim üçün xoşbəxtlikdir. Hər oyunda hər şeyin ən yaxşısını verirəm.

- PSJ Çempionlar Liqasında qarmaqarışıq oynayır. Bu sizin üçün sürpriz oldu?

- Çempionlar liqası çox çətin yarışdır. İstənilən komanda üçün belədir. “Barselona”dakı 4 ilim ərzində biz yalnız bir dəfə bu yarışın qalibi olduq. Burada da problem eynidir. Ancaq biz Çempionlar liqasında qalib gələcəyik. Mənim üçün Parisdə əsas baş ağrısı zədələr olub – bu səbəbdən bir aydan çox meydandan uzaq qalmışam. Meydana çıxmağa çox can atırdım.

- Çempionlar Liqasında qalib gəlməyiniz və ya yarışdan ayrılmağınız xüsusi bir şəkildə yaşanır?

- Mən heç vaxt finalda uduzmamışam. Bunun nə demək olduğunu da bilmirəm. Lakin, əlbəttə, yarışdan kənarda qalmaq – dəhşətlidir. Ötən mövsümdə “Mançester Yunayted” bizi yarışdan kənarlaşdıranda, komandaya kömək edə bilməməyim mənim üçün ağrılı idi. Emosiyam meydanda olduğum vaxtdakı kimi eyni idi. Dörddəbir final mərhələsinə çıxmaq kimi böyük bir şansımızı əldən vermişdik. Əgər növbəti mərhələyə çıxsaydıq, artıq oynaya biləcəkdim. Ancaq hər təcrübə faydalıdır - hətta mənfisi də.

- İndiyə qədər nə qədər özünüzü göstərə bilmisiniz? 40 faiz?

- Burada, Parisdə?

- Bəli.

- Yüz faiz potensialımı ortaya qoya bilməmişəm. Hər oyunda öz futbolumu oynayıram. Mənim PSJ-dəki statistikama nəzər yetirin – çünki superdir. Meydanda heç vaxt “xaltura” etmirəm. Ancaq iki dəfə zədələnmişəm və hər dəfə uzun müddət oynaya bilməmişəm – bu, istənilən futbolçu üçün sınaqdır. Mən buna görə nə edə bilərəm ki?.. Bu həyatdır.

- Dözümlüsünüz?

- Həmişə yox. Bu situasiyadan asılıdır.

- Karyeranızın Paris mərhələsində imkanınız olsaydı, nəyi dəyişmək istərdiniz7

- Əlbəttə, zədələr lazımsız idi. Bu yaralar, sadəcə öldürür. Əzələ yaraları çox ağrılıdır. Mümkün olsaydı, bu planda nəyisə dəyişmək istərdim.

“Balıq dərinlikdə, insan haradasa daha yaxşı olduğunu axtarır”

- Yay aylarında bir çox insanı incitdiyinizə görə özünüzə hesabat verdiniz?

- Hansı insanları? Burada?

- Bəli, xüsusən də paytaxt azarkeşlərini ...

- Hamı yaydakı hadisələrdən yaxşı xəbərdardır: mən nə istəyirdim, klub nə istəyirdi, xalq nə istəyirdi. Mən bu mövzuda çox danışmışam. Mən hazırda parisliyəm. 100 faizimi verirəm. PSJ üçün meydanda son anadək döyüşəcəyəm. Heç vaxt kimsənin xətrinə dəymək istəməmişəm, lakin bir şeyi bilirəm ki, əgər sənin üçün rahat deyilsə, getməlisən. Balıq dərinlikdə nə olduğunu, insan isə harada yaxşı olduğunu axtarır.

- Necə düşünürsən, Fransa sizi başa düşürmü?

- Müəyyən dərəcədə. İnsanlar arasında həmişə bir növ anlaşılmazlıq olur. Parisdəki hər kəsə və hər şeyə hörmət edirəm. Bəli, mənim öz prinsiplərim var – futbol və həyat. Lakin mən həmişə professional olmuşam.

- PSJ-də artıq anlaşılmazlıq yoxdur?

- Ümid edirəm...

“Kilianla rəqib deyilik”

- Yayda Kilian Mbappe sizin getməməyiniz üçün nəyi bacarırdısa etdi. Sizin onunla münasibətiniz necədir?

- Əla! Biz dostuq və həmişə bir-birimizə kömək etməyə hazırıq. O, həqiqətən xüsusi bir oğlandır. Onunla daim mesajlaşırıq, rəqib deyilik. Birimiz qol vuranda, digərimiz təbrik etməyə tələsirik. Biz – dostuq, yoldaşıq, əks halda nəticə də olmayacaq. Biz həm futbolda, həm də həyatda yaxınıq. Bu həm hər ikimiz, həm də komanda üçün yaxşıdır. Bizə bir yerdə olmaq, bir yerdə oynamaq xoşdur, belə münasibət yalnız PSJ-nin xeyrinədir.

- Bəs məşqlərdəki münasibət?

- Orada bir qədər başqadır. Bizim aramızda elə oyun gedir ki, sanki yarışırıq. Lakin bu da yaxşıdır – rəqabətdir.

- Sizin aranızdakı bu münasibət xarakterdən irəli gəlir? Hər şeydən çox topu sevməyi sevən iki oğlan görüşüb ...

- (Gülür) Düşünürəm ki, biz həqiqətən oynamağı sevən və zövq almağı bacaran iki böyük oğlanıq. Oynamaq, qol vurmaq, sevinmək.. Bu bizim futbola münasibətimizdir, əks halda başqa cür ola bilmərik. Prinsipcə, ən başlıcası budur.

- Sizin komandada daha bir böyük dostunuz var – Marko Berratti...

- O nəinki çox istedadlı futbolçu, həm də böyük insandır (Gülür). Yəqin ki, indiyə qədər oynadığım ən yaxşılardan biridir. Belə tərəfdaş – arzudur. Həmişə siması təbəssümlüdür, həyatı sevir.

“Əsl Neymarı çox az adam tanıyır”

- Neçə adam varsa, Neymar haqda da o qədər fikir var. Əsl Neymar kimdir?

- Əsl Neymarı az adam tanıyır. Onlar mənim valideynlərim və dostlarımdır. İnsanların mənim haqqımda düşündükləri heç də elə deyil. Əsl Neymar çox sakit, pozitiv insandır. O, ailəsinin əhatəsində, dostlarının arasında olmağı sevir. Mən geri çağırılan deyiləm. Münasibət qurmadığınız zaman bir insanı başa düşmək çətindir. Ancaq nə edə bilərsən...

- Həyatda biri, meydanda başqa birisi ola bilərsiniz?

- Futbolçu olmaq – şöhrətdir, şəxsiyyətdir. Ancaq həyatda - bu daha rahat bir seçimdir!

- Futbol ictimaiyyəti arasında sizin üçün nə qədər rahatdır?

- Futbol, oyun kimi həmişə bir sinifdir! Ancaq burada futbolla bağlı bəzi şeylər zəhlətökəndir. Məsələn, irqçilik. Dentinyo və Taysonla bağlı hekayə (Ukraynanın irqçi azarkeşlərinin qurbanı olan Donetskin “Şaxtyor” klubunun iki braziliyalı oyunçusu), yaxud Mario Balotelli – bu mənim üçün qəbuledilməzdir. Belə şey olmamalıdır. İstəyirəm ki, stadiona gələn bizim azarkeşlər bunu anlasınlar. Bu, həqiqətən xoşuma gəlmir. Öz futboluma gəldikdə, burada hər şey mənim üçün rahatdır. Futbol – mənim həyatımdır, mən, ailəm, dostlarım bununla yaşayırıq. Meydan tamamilə özümü ifadə edə bildiyim yerdir.

- Futbol anlayışını qorumaq üçün güclü bir xarakterə sahib olmaq lazımdır...

- Güman edirəm ki, bu belədir (Gülür). Xaraktersiz futbolda heç nəyə nail ola bilməzsən. Axı, o qədər dedi-qodular, yalanlar, qəti şəkildə razı olmadığım çox şey var... Bəli, xarakter lazımdır. Əks halda, uzağa gedə bilməyəcəksən.

“Mən niyə PSJ-dən harasa getməliyəm?”

- 27 yaşınızın tamam olmasına hələ var, nəyi xəyal edirsiniz?

- Hədəflərimin olduğunu deyə bilərəm. Arzuların uşaqlıqdan olub. O zaman dəhşətli dərəcədə professional futbolçu olmağı arzulayırdım. Belə görünür ki, arzum reallaşıb. Məqsədlər çoxdur. PSJ ilə Çempionlar liqasında, Fransa çempionatında qalib gəlmək istəyirəm. Bütün bu vəzifələr ildən-ilə qarşımıza qoyulur. Futboldan kənarda da məqsədlərim var. Ancaq bu mətbuat üçün deyil...

- Futbolda əsas vəzifən varmı?

- Braziliya millisi ilə dünya çempionatının qalib olmaq istəyirəm.

- PSJ ilə bağlı, siz hələ ki burdasınız?

- Mən niyə buradan harasa getməliyəm! (Gülür.) Müqaviləmin hələ iki il müddəti var, komanda getdikcə daha da güclənir. Tapşırıq – nəhayət Çempionlar liqasında qalib gəlməkdir. PSJ mənim klubumdur, hər oyuna ən ciddi şəkildə yanaşmaq lazımdır. Vəzifəmiz hər oyunda qələbə qazanmaqdır. Yalnız belədir.

- Braziliya ilə bağlı nostalgiyan varmı? Burada, Fransada nə çatışmır?

- Nə çatışmır? (Düşünür.) Dostlarım, ailəm, qohumlarım. İsti. Xalq. Bəli, cəmisi bunlar. Braziliya – mənim vətənimdir. Artıq oradan çıxdığım 7 ildir. Burada tamamilə başqa həyat və futbol var. bəli, Avropa turnirləri prestijlidir. Ancaq Braziliyada siz öz evinizdəsiniz. Mən orada 4 il professional səviyyədə oynamışam (“Santose”də), bu fantastika idi! Mən sevimli insanlarla yanaşı olanda xoşbəxt idim. İndi onlardan uzaqdayam. Lakin burada vəzifəm var. Düşünürəm ki, mənim üçün hər şey irəlidədir.

- Siz Parisdə xoşbəxtsiniz?

- Olduqca. Hə halda, mən futbol oynayanda... Axı həmişə futbol haqqında düşünürsən. Buna xoşbəxtlik deyilir. Xəsarətlər də az olsaydı...

- Nəhayət, nə zaman “Qızıl top” qazanacaaqsınız? Qarşınıza belə bir məqsəd qoymusunuz?

- “Qızıl top”u istənilən yaşda qazana bilərsiniz – 20, 25, 28, 30, 32, 34 yaşda... Əsas odur ki, bu barədə düşünməyək. Sənin komandandan, nəticələrdən də çox şey asılıdır. Ona görə başlıcası oynamamaq, yaxud yaxşı oynamaq deyil, başlıcası qalib gəlməkdir. Mən bunu yaxşı başa düşürəm. “Qızıl top” isə mənim üçün özlüyündə son məqsəd deyil. Əlbəttə, bir dəfə almaq yaxşı olardı. Ancaq bu lotereyadır.