Mübariz Qurbanlı Aşurada zəncirvurma hallarının baş verməsinə münasibət bildirib

Mübariz Qurbanlı Aşurada zəncirvurma hallarının baş verməsinə münasibət bildirib
https://www.peyk.az

“Azərbaycanda Aşura çox sakit şəraitdə keçib. Demək olar, hər hansı bir qanun pozuntusuna yol verilməyib. Həm mömin insanlar, həm də məscidlərdə çalışan insanlar öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər”. 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.  

O bildirib ki, hər bir vətəndaş sərbəst şəkildə Aşura mərasimində iştirak etmək imkanı əldə edib: “Biz də bu prosesdə Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə qanvermə aksiyasında iştirak etdik. Minlərlə Azərbaycan vətəndaşı qanvermə aksiyasında iştirak etməklə, bu prosesdə həmrəylik nümayiş etdirdi”. 

 

M. Qurbanlı bəzi yerlərdə zəncirvurma hallarının baş verməsi ilə bağlı məlumatlara da münasibət bildirib. O qeyd edib ki, zəncirvurma halları Aşura mərasimi keçirilən ölkələrdə özünü büruzə verir: “Bu, dinimiz tərəfindən də qəbul olunmayan bir haldır. Ancaq çox təəssüf ki, bəzi ölkələrdə biz bunu görməkdəyik. Azərbaycanda 15 il və ya ondan əvvələ nəzər salsaq, belə halların çox olduğunu görərik. Aparılan təbliğat nəticəsində hazırda Azərbaycanda zəncirvurmaya çox nadir hallarda təsadüf edilir. Hesab edirik ki, bu hallar da keçmişdən qalıb və gələcəkdə bu cür hallar tam aradan qalxacaq”.