Oğru dünyasının tarixində İLK: Ded Xasanın sağ əli azadlığa buraxıldı, Quliyə qarşı ölüm-dirim savaşı başlayır

Oğru dünyasının tarixində İLK: Ded Xasanın sağ əli azadlığa buraxıldı, Quliyə qarşı ölüm-dirim savaşı başlayır
https://www.peyk.az

Qanuni oğru Gela Kardava kriminal dairələrdə Gela Qalski adı ilə tanınır. Gela amnistiyaya düşərək Belarus koloniyasından vaxtından tez azad olunanlar siyahısındadır.

Belə yüksək ranqlı cinayətkarın amnistiyaya düşməsi Belarus tarixində ilk dəfə baş verib. Minqrel oğru klanının başçısının tezliklə postsovet məkanının kriminal avtoritetlərinin toplaşdığı Türkiyəyə səfəri gözlənilir. Şübhəsiz ki, onun dönüşü cinayət aləmində bir sıra dəyişikliklərin başlanğıcı olacaq. Belə ki, Qalski qanuni oğrular arasında yeni birlik yaratmağa qadirdir. Bununla yanaşı avtoritetlə köhnə hesablarını hələ bağlamayan düşmənləri də var.

Publika.az xarici mediaya istinadən bütün qaranlıq məqamlara aydınlıq gətirəcək.

Belarus ədaləti

26 sentyabr 2019-cu il tarixində 45 yaşlı Gela Qalski həbsdən azad edildi. Belarus mediasının məlumatına görə ölkənin alman-faşist istilaçılarından azad olunmasının 75 illiyi münasibətilə amnistiya qazanmış nümunəvi 2 min məhbus arasında Gelanın da adı var. Lakin istənilən halda Qalski ölkə tarixində amnistiya qazanan ilk ağır ranqlı cinayətkardır.

Belarusun hüquq mühafizəçiləri avtoriteti 2018-ci ildə həbs ediblər. O vaxt Gela saxta pasportla Türkiyəyə uçmağa hazırlaşırdı. Cinayət tez bir zamanda araşdırılır və avtoritet həbs olunur. Qalskinin həbsi bir neçə cəhətinə görə Belarus tarixində unikal hadisəyə çevrilir. Belə ki, ölkədə həbs olunan xarici avtoritetlər nadir hallarda məhkəməyə cəlb olunurlar. Gela həbsə düşən kimi məhbuslar Belarusun yeganə qanuni oğrusu Saşa Kuşnerdən tapşırıq alırlar ki, qonaq yüksək səviyyədə qarşılansın.

Kuşnerin himayədarlığı heç də təsadüfi deyil. Çünki 1996-cı ildə məhz onun dəstəyi ilə 21 yaşlı Qalski oğru tituluna layiq görülmüşdü. O vaxtdan bu günədək avtoritetlər arasında qarşılıqlı sayğı davam edir.

Həbsindən bir neçə ay sonra 24 may tarixində Minsk məhkəməsində məlum olur ki, bu Qalskinin ilk saxta sənəd sərgüzəşti deyil. Məhkəmənin qərarı ilə Qalski 3 il müddətinə azadlıqdan məhrum edilir. Məhz bu cinayət işi qanuni oğruların tarixində nadir yaşanan hadisə olur. Cəmi 20 ay həbsdə qalan Qalski artıq Türkiyəyə yola düşməyə qərar verib.

Gela 2000-ci illərin tanınan orğularından biri sayılır. O vaxtlar rus oğru dünyasının lideri Aslan Usoyan (Ded Xasan) idi.

2011-2014-cü illər ərzində Qalski qanuni oğru Merab Mzareulla birgə cinayət dünyasına öz tövhələrini verərək Ded Xasanın güvənini qazanırlar.

Beləliklə həmin dövrdə ən zəif klanlardan olan minqrel oğru klanının başına Qalski və Duyake keçir. Bu dövr Qalski üçün triumf sayılırdı. Lakin zirvədə çox qala bilmir. 2013-cü il Ded Xasan öldürüləndən sonra mirası Şakro Molodoya keçir.

İş orasındadır ki, Qalskinin Badri Koquaşvili ilə münaqişəsi vardı. Hələ 2002-ci ildə Qalski və digər oğrular Badrinin qanuni oğru titulunu əlindən almışdılar. Səbəb isə Badrinin klanın pulunu dostunun cənazə mərasimi üçün istifadə etməsi olmuşdu. Badrinin dostu Merab oğru dünyasının tanınan fiqurlarından idi. Klanın pulunu oğurladığı üçün oğrular özləri onu güllələmişdilər. Odur ki, Qalski Badrinin xəyanətkar dostunun cənazəsinə ümumi puldan xərcləməsi Qalskini də hiddətləndirmişdi.

2011-ci ildə isə Badri həbsdə olanda cibindən 2,81 qram heroin çıxır. Gela da başda olmaqla bir sıra oğru həbsxanaya tapşırıq yollayırlar ki, Badri artıq qanuni oğru statusunu daşımır. Bu hadisədən başqa Kutaisili Badri Ded Xasanın siyasətindən razı deyildi. Odur ki, rus oğru dünyasının rəhbəri Ded Xasanın düşmənləri ilə əlbir olub ona qarşı fəaliyyətə keçir. Ded Xasan sağ əli Gelanın vasitəsilə Badrini cəzlandırır. Lakin 2015-ci ildə Badri Şakro Molodoyun liderliyi dövründə yenidən statusunu geri qaytarır.

Rus oğru dünyasının yeni kralı Şakronun qarşısında iki seçim vardı. Gela Qalski yoxsa Badri Kutaisili. Şakro Badrini seçir. Gela kölgəyə çəkilməyə məcbur olur. Bir neçə tərəfdaşları isə azərbaycanlı avtoritet Nadir Səlifovun, yəni Qulinin himayəsində qalırlar. Quli Gelaya qarşı xüsusi simpatiya bəsləmirdi. Rəqibi Badri isə Şakronun himayəsində özünün yetərincə rahat hiss edirdi.

Şakronun silahı

Həmin illər ərzində gözlənilməz hadisələr baş verir. Şakro Molodoy 10 il müddətinə azadlıqdan məhrum edilir. Quli isə sürətlə öz avtoritetini gücləndirirdi. Bu durum Şakronun xoşuna gəlmirdi. Azərbaycanlı avtoriteti oyundan çıxarmaq istəyirdi. Lakin bu dəfə onu Badrinin vasitəsilə yıxmaq istəyir. Bu halda Ded Xasanın Gela ilə gerçəkləşdirdiyi taktikasından istifadə edir.

Növbəti qarşıdurmanın səbəbi isə 26 avqustda Türkiyədə baş verir. 35 yaşlı varis oğru Quram Çixladze Quli ilə ilk görüşə gedir. Lakin bu görüşdə Qulinin əlaltısı qazax əsilli Vəşhi Arman Quramı qəddarcasına döyür. Səbəb kimi isə bildirir ki, Quram Quli ilə danışanda həddini bilməyib.

Tezliklə bu xəbər şillə kimi Şakronun qulağına çırpılır. Şakronun sağ əli Badri elan edir ki, digər oğrunu döydürən Qulinin əlindən titulu alınmalıdır. Həmçinin əlavə edir ki, günahı olmadan oğrunu döyməyin cəzası ağır olmalıdır.

Lakin Badrinin ürəyi bununla soyumur. Dəfələrlə Qulini oğru statusundan uzaqlaşdırmağın üsullarını axtarıb. Bütün cəhdləri nəticəsiz qalsa da ruhdan düşməyib. Bu günlərdə Kutaisili Avropaya yollanıb. Moskvadan Çexiyaya, oradan isə Yunanıstana üz tutub. Avtoritet daim yaşadığı məkanı dəyişir və izini itirməyə çalışır. Səbəb isə sadədir. Kutaisili səfər etdiyi bütün ölkələrdəki oğruları Quliyə qarşı çevirməklə məşğuldur. Lakin Quli avtoritet kimi böyük nüfuza sahib olduğu üçün Badri hər yerdə problemlə üzləşir. Bu gərgin məqamda Gelanın Quli yaşadığı ölkəyə - Türkiyəyə səfəri hadisələrə təsir edə bilər.

Böyük dəyişikliklər...

Oğru dünyasının yazılmamış bir qanunu var: düşmənimin düşməni mənim dostumdur. Bu gün Gela ilə Badri qatı düşməndirlər. Bu isə Qulinin işinə yaraya bilər. Bu iki oğrunun mümkün ola biləcək ittifaqı artıq uzun müddətdir ki, cinayət dünyasının əsas mövzusudur. Quli ilə Gela birləşsələr, bu ittifaq oğru dünyasında böyük səs-səda doğuracaq.

Qalskinin ən qatı düşmənləri sırasında Suxumi oğru klanı da var. Bu klanın başında isə Merab Canqveladze (Suxumski) və Tariyel Oniani (Taro) durur. Suxumski ilə Taronun da Gela ilə xüsusi haqq-hesabı var. Səbəb isə sadədir. Gela uzun müddət Ded Xasanın sağ əli olub.

Bir məqam da var ki, Merabla Qulinin münasibəti son vaxtlar isinmək üzrədir. Bu isə düşünməyə əsas verir ki, Suxumi klanı Gelanın üzərindən bütün hiddətini qaldıracaq.

Ümumiyyətlə isə, azərbaycanlı Quli oğru dünyasını ətrafında toplayan parlaq fiqura çevrilir. Bir dəqiq fakt da var ki, bu çevrədə Şakroya yer olmayacaq. Merab dəfələrlə Şakroya bildirib ki, Qulini özünə qardaş hesab edir. Odur ki, Şakronun boş söhbətləri onun zəhləsini tökür.