Parlamentdə xüsusi iş qaydası tətbiq edildi - Sahibə Qafarovanın ÇIXIŞI - Tam mətn

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 2020-ci il yaz sessiyasında çıxış edib. Peyk.az Sahibə Qafarovanın çıxışını təqdim […]

Parlamentdə xüsusi iş qaydası tətbiq edildi - Sahibə Qafarovanın ÇIXIŞI - Tam mətn

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 2020-ci il yaz sessiyasında çıxış edib.

Peyk.az Sahibə Qafarovanın çıxışını təqdim edir:

Hörmətli həmkarlar,

Bu gün yaz sessiyasının sonuncu iclasıdır. Dediyim kimi, bizim növbədənkənar sessiyamız olacaq.

İndi mən sizə yaz sessiyasının yekunları barədə qısa məlumat vermək istəyirəm. İlk öncə onu söyləyim ki, 6-cı çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilmişdir. 123 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilmişdir.

Hörmətli həmkarlar,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin martın 10-da parlamentin birinci iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi üçün ardıcıl tədbirlər görülmüşdür. Əvvəla, qeyd edim ki, möhtərəm Prezidentimizin başladığı əsaslı və hərtərəfli islahatların tərkib hissəsi kimi parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların təmsilçilərinin yer alması ölkənin siyasi sistemində təşəkkül tapan yeni konfiqurasiyanın mühüm tərkib hissələrindən birini təşkil edir.

Yaz sessiyasının ilk günündən Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur və kadr islahatlarına başlanmışdır. Aparatın və İşlər İdarəsinin yeni strukturu və ştat cədvəli  müəyyən edilmiş, bir sıra dövlət qulluqçuları ixtisar edilmişdir.

Milli Məclisin Aparatında 13 şöbə əvəzinə 9 şöbə, İşlər İdarəsində isə 9 şöbə əvəzinə 4 şöbə saxlanmışdır.

Yeni bir şöbə – İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılmışdır. Bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir.

Mən inanıram ki, islahatlar parlamentin işinin daha səmərəli surətdə təşkil və təmin edilməsinə kömək göstərəcəkdir.

Hörmətli həmkarlar,

Milli Məclisin iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabat və məruzələri dinlənilmişdir.

Parlamentin fəaliyyətində yeni tendensiyalardan biri qanun layihələri ilə bağlı ictimai dinləmələrin keçirilməsinə geniş yer verilməsi olmuşdur. Təcrübə göstərir ki, bu cür dinləmələr  qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin səriştəli şəkildə həll edilməsinə və nəticə etibarı ilə layihələrin keyfiyyətinin yüksəlməsinə kömək göstərir.

Hörmətli həmkarlar,

Dövlət başçısının birbaşa rəhbərliyi və nəzarəti altında ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə Milli Məclis yaxından iştirak edir.

Parlamentdə xüsusi iş qaydası tətbiq edilmişdir.

Milli Məclisin iclaslarında deputatlar 2 metr ara məsafəsi saxlanılmaqla və hər sırada 1 nəfər tibbi maska ilə əyləşirlər.

Komitə və komissiyaların iclasları onlayn rejimdə keçirilir. Lazımi texniki imkanlar yarandıqdan sonra Milli Məclisin plenar iclaslarının da internet üzərindən keçirilməsi mümkün olacaqdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə yaradılmış Koronavirusla mübarizəyə dəstək fonduna Milli Məclisin deputatları və əməkdaşları 250 min manatdan çox vəsait köçürmüşlər.

Milli Məclisin iclasında deputatlar koronavirus pandemiyasına qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını şərəf və vicdanla yerinə yetirən Azərbaycan həkimlərini və tibb işçilərini, polis və gömrük xidməti əməkdaşlarını, sərhəd qoşunlarının əsgər və zabitlərini alqışlayaraq, sayğı duruşunda dayanmışlar.

Bu tədbirə həsr edilən sosial videoçarx bir neçə gün ərzində müxtəlif televiziya kanallarında nümayiş etdirilərək, pandemiyaya qarşı mübarizədə fədakarlıq göstərən peşə sahiblərinə cəmiyyətin hörmətinin artırılması baxımından böyük tərbiyəvi əhəmiyyət daşımışdır.

Mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanmış qanvermə aksiyasında Milli Məclisin deputatlarının və əməkdaşlarının fəal iştirakı olmuşdur. Onu da söyləyim ki, artıq müntəzəm xarakter alan bu humanist aksiya cəmiyyətdə böyük rəğbətlə qarşılanır.

Həmişə olduğu kimi, Azərbaycan tarixinin həm əlamətdar, həm də kədərli günlərinə Milli Məclis öz münasibətini bildirmişdir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi ərəfəsində keçirilən iclasda bu dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlər minnətdarlıq hissi ilə anılmışdır.

Xüsusi olaraq vurğulanmışdır ki, Ümummilli Liderimizin sayəsində xalqımız əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, sonra isə müstəqil milli dövlətçiliyini qoruyub saxlamış və ardıcıl inkişaf yoluna çıxarmışdır.

Milli Məclisin iclasında faşizm üzərində qələbənin 75 illiyindən söhbət açılmış, xalqımızın oğul və qızlarının döyüş meydanlarında qəhrəmanlığına, arxa cəbhədə fədakarlığına hörmət və sayğı ifadə edilmişdir.

Mayın 7-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri xanım Valentina Matviyenkonun təşəbbüsü ilə Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünə həsr edilən videokonfrans keçirilmişdir.

Videokonfransda müxtəlif ölkələrdən 17 iştirakçı, o cümlədən 7 ölkənin parlament sədrləri çıxış etmişlər.

Azərbaycan Milli Məclisinin Sədri kimi mən öz çıxışımda ölkəmizin qələbəyə verdiyi böyük töhfələrdən danışdım, bu gün Ermənistanda tarixin saxtalaşdırılmasına, müharibə canilərinin qəhrəmanlaşdırılmasına qarşı kəskin etirazımı bildirdim.

Hörmətli həmkarlar,

Milli Məclisin iclasında tariximizin faciəli səhifələri olan 31 mart – azərbaycanlıların soyqırımı günü, eləcə də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ildönümü qeyd olunmuş, erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuş günahsız insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Bu dəfə iclasımızda biz yeni bir formadan istifadə etdik. Ata-baba yurdunun həsrəti ilə yaşayan şuşalı gənc qız parlamentin iclasında xalqımıza və dünyaya müraciət etdi.

Bununla əlaqədar olaraq mən möhtərəm Prezidentimizin Milli Məclisin birinci iclasında söylədiyi nitqdən sitat gətirmək istəyirəm.

Cənab Prezident demişdi: “Əlbəttə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir. …Bizi təmsil edən deputatlar fəal olmalıdırlar.

…Hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan.

…Biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq”.

Hörmətli həmkarlar,

Məhz bu mülahizələrə əsaslanaraq, Milli Məclis xalqımızın sıravi bir nümayəndəsini, didərginliyin ağrı-acısını hər gün  yaşayan insanların təmsilçisini yüksək kürsüyə dəvət etdi və onun səsi ilə dünyaya xitab etdi.

Onu da deyim ki, bu çıxış ölkə və dünya mediasında işıqlandırılaraq, geniş əks-səda doğurdu. Dünya erməni şovinizminin hansı faciələr törətdiyinin bir daha şahidi oldu.

Hörmətli həmkarlar,

Aydın məsələdir ki, koronavirus pandemiyası Milli Məclisin beynəlxalq əlaqələrinin intensivliyinə də öz təsirini göstərmişdir. Xarici səfərlər, qonaqların qəbulu müvəqqəti dayandırılmışdır.

Amma parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin başçıları öz həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirmiş və müzakirələr aparmışlar.

Hörmətli həmkarlar,

Mayın 15-də Milli Məclisin plenar iclas salonunda mən Milli Məclis Aparatının rəhbəri və digər məsul şəxsləri ilə birlikdə Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə görüş keçirdim.

Görüşdə yeni təyin edilmiş köməkçilərin fəaliyyət istiqamətləri və vəzifələri barəsində geniş fikir mübadiləsi aparıldı.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Məclisin birinci iclasında verdiyi tövsiyələrə uyğun olaraq, deputatların təmsilçilk funksiyasının həyata keçirilməsində deputat köməkçilərinin rolu və vəzifələri göstərildi.

Köməkçilərə tapşırıldı ki, dairələrdə vətəndaşların deputatlara təqdim etdikləri ərizə, şikayət və müraciətlərin müvafiq icra orqanlarına çatdırılmasını təmin etsinlər, deputatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallığı barədə hesabatları hazırlayıb Milli Məclisin yeni şöbəsinə təqdim etsinlər ki, ölkənin və Milli Məclisin rəhbərliyi bu barədə  məlumatlı olsunlar.

Beləliklə, hörmətli həmkarlar, Milli Məclisin 2020-ci il yaz sessiyasını bağlı elan edirəm.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.

www.peyk.az