“Paşinyan yeni Qarabağ planını işə salır” – Politoloq

“Paşinyan yeni Qarabağ planını işə salır” – Politoloq

“Ermənistan rəhbərliyi dördgünlük Aprel döyüşlərinin araşdırılması üçün parlamentdə komissiya yaradıb. Komissiya 2016-cı il döyüşlərində ordunun döyüş hazırlığını və məğlub olma səbəbi araşdırır. Hesab edirəm ki, bu, Paşinynanın “Qarabağ klanı”na qarşı başladığı cinayət təqibinin məntiqi davamıdır. 2008-ci il 1 mart hadisələri ilə bağlı bu klana zərbə vuran Paşinyan növbəti silaha əl atır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, “Qarabağ klanı”nın əsas dayağı Azərbaycanın işğal edilmiş əraziləridir və Ermənistan hakimiyyətinə qarşı burada toparlanmağa çalışır:

“Buna görə də düşünürəm ki, “Aprel komissiyası”nın araşdırmaları Xankəndindəki separatçılara çatacaq. Bu baxımdan, onların istintaqa cəlb edilməsi qaçılmaz ola bilər. Komissiya yekun nəticələri açıqladıqdan sonra Paşinyan aprel uğursuzluğuna görə separatçıları günahlandıracaq. Bu çərçivədə Qarabağda yaşayan erməniləri onlara qarşı qaldırması istisna deyil.

Görünən budur ki, Paşinyan keçmiş hakimiyyəti neytrallaşdırmaq üçün hərəkətə keçib və bu nöqteyi-nəzərdən öz adamlarını Qarabağdakı qondarma rejimin başına gətirmək niyyətindədir.

Hesab edirəm ki, Paşinyan “Qarabağ klanı”nı neytrallaşdırıb öz adamlarını separatçı rejimin başına keçirə bilsə, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə addımlar ata bilər. Bu da gələn il Qarabağda keçiriləcək “seçkilərdən” sonra bəlli olacaq”.