“Prezident cəmiyyətə mesaj verdi ki, hamı qanun qarşısında bərabərdir” — DEPUTAT

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Əliabbas Salahzadə deyib.

“Prezident cəmiyyətə mesaj verdi ki, hamı qanun qarşısında bərabərdir” — DEPUTAT

Onun sözlərinə görə, ümumiyyətlə cənab Prezident hər zaman öz davranışı, fəaliyyəti ilə cəmiyyətə nümunə olub, hər addımında liderlik qabliyyətini ortaya qoyaraq, ən çətin anda xalqın yanında olub, üzləşdiyi mürəkkəb vəziyyətdən çıxış yolu göstərib.

“Bu dəfə cənab Prezident maska taxmaqla qanunlara hörmətini və hamının qanun qarşısında bərabər olduğu mesajını verdi. Ona görə də hər bir vətəndaş ölkə başçısının bu nümunəvi hərəkətindən nəticə çıxarıb ; pandemiya dövründə maska taxmalı və vətəndaş məsuliyyətini nümayiş etdirərək qaydalara əməl etməlidirlər” - deputat qeyd edib.

Deputat əlavə edib ki, vətəndaşlarımızın səhlənkarlığı nəticəsində indiyədək pandemiyaya qarşı mübarizədə əldə etdiyimiz uğurlu nəticələrə xələl gətirməkdəyik: “Təəssüflər ki, müəyyən yumşaldılmalardan sonra müəyyən insanlarda arxayınlıq yarandı. Halbuki Prezident İlham Əliyev cənabları əvvəlcədən bəyan etmişdi ki, əgər vəziyyət mənfi istiqamətə gedərsə, yenidən qərarların sərtləşdirilməsi mümkündür. Amma edilən çağırışlara əhəmiyyət verməməyimizin acı nəticəsini yaşamaqdayıq. Son günlərdə ; koronavirus infeksiyasına yoluxma sayı artmaqdadır. Vətəndaşlarımız məsuliyyətini dərk etməyib belə səhlənkarlığa yol verdi, indi isə dövlət vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün qabaqlayıcı addımlar atmaq məcburiyyətində qaldı. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarının əsas məğzi əhalini sağlamlığının qayğısına qalmaq, qlobal pandemiyadan az itki ilə çıxmaq təşkil edir. Lakin məsuliyyətsizlik faktı görülən işlərin daha səmərəli olmasının qarşısını alır və bu yolverilməzdir. Baxın, dövlətimiz hər zaman olduğu kimi, pandemiya dövründə də vətəndaşların sağlamlığı ilə yanaşı, rifah halının yaxşılaşdırılması, eləcə də ölkə iqtisadiyyatının sabitliyini təmin etmək üçün bütün imkanlardan istifadə edir. Azərbaycan dünya ölkələri sırasında nümunə olaraq göstərilir, amma təhlükəni ciddi qəbul etməyənlər əfsuslar olsun ki, hələ də var. Halbuki, Prezident İlham Əliyev Tərtər rayonuna etdiyi səfəri çərçivəsində bir sıra komplekslərin açılışında tibbi maskadan istifadə etdi və bununla vətəndaşlara mesaj yolladı ki, hər kəs bu təhlükədən qorunmalı, ətrafını da qorumalıdır”.

Millət vəkili qeyd edib ki, həftəsonu tətbiq edilən məhdudiyyətlər, reallaşdırılacaq tədbirlər ölkəmizin qlobal pandemiyadan az itki ilə çıxması, vətəndaşlarımızın sağlamlıqlarının daha müfəssəl qorunmasına hesablanmış addımdır:

"Hesab edirəm ki, xalqımız qəbul edilən qərarları düzgün dəyərləndirməklə ən yüksək xüsusiyyəti olan həmrəylik, birlik göstərməli, tətbiq olunan qaydalara ciddi riayət etməlidir. Əgər belə olarsa, dövətimiz və xalqımız tezliklə bu bəladan az itkilərlə, birdəfəlik qurtulacaq. Əsas odur ki, müxtəlif tədbirlər nəticəsində pandemiya tam nəzarətə götürülüb. Amma lazım gəldiyi təqdirdə karantin rejiminin uzadılması və ya sərtləşməsi də qaçılmazdır. Vətəndaşlarımız bunu anlamalı və qəbul etməlidirlər. Ona görə də hər birimiz bu məsələyə fərdi olaraq həssas yanaşmalıyıq”.

Mürtəza Ölkə.Az