Prezident Elmlər Akademiyasının Nizamnaməsinə dəyişiklik etdi

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilib.  Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla sənədin 5-ci maddəsinə 5.6-1-ci bənd əlavə edilib. Həmin bənddə yazılır ki, Akademiyanın Rəyasət Heyətinin fəxri doktor seçmək hüququ var. Nizamnamənin 7.9.13 bəndinə...

Prezident Elmlər Akademiyasının Nizamnaməsinə dəyişiklik etdi

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilib. 

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla sənədin 5-ci maddəsinə 5.6-1-ci bənd əlavə edilib.

Həmin bənddə yazılır ki, Akademiyanın Rəyasət Heyətinin fəxri doktor seçmək hüququ var.

Nizamnamənin 7.9.13 bəndinə əsasən, Akademiyanın ümumi yığıncağı Akademiyanın prezidentini, vitse-prezidentlərini, akademik-katibini, Rəyasət Heyətinin digər üzvlərini ümumi yığıncaqda iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə seçir və elmi bölmələrin akademik-katiblərini Rəyasət Heyətinin üzvləri kimi təsdiq edir.

Prezidentin müvafiq fərmanı ilə edilən dəyişiklikdə isə göstərilir ki, Akademiyanın ümumi yığıncağı qurumun birinci vitse-prezidentlərini səs çoxluğu ilə seçir.

Yeni fərmanla müvafiq bənddə göstərilən “elmi bölmələrin akademik-katiblərini” sözləri çıxarılıb.

Həmçinin, 8-ci bənddə də dəyişiklik edilib. Belə ki, sənədin əvvəlki variantında yazılırdı ki, Akademiyanın Rəyasət Heyəti Akademiyanın prezidentindən, vitse-prezidentlərindən, akademik-katibindən, elmi bölmələrin akademik-katiblərindən, regional elmi bölmələrin sədrlərindən və Akademiyanın digər həqiqi üzvlərindən ibarətdir.

Yeni fərmanla Akademiyanın birinci vitse-prezidentləri də Rəyasət Heyətinin tərkibinə daxil edilir.

Həmin cümlədən “elmi bölmələrin akademik-katiblərindən,” və “Akademiyanın digər həqiqi üzvlərindən” sözləri çıxarılıb.

Bildirilir ki, Akademiyanın digər həqiqi üzvləri də Rəyasət Heyətinin üzvü seçilə bilərlər.

Fərmanla sənədin 8.14-cü bəndi ləğv edilib. Həmin bənddə yazılırdı ki, Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri Akademiya prezidentinin təqdimatı ilə Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilir.

Ölkə başçısının fərmanı ilə 8.17-ci bəndə edilən dəyişiklikdə bildirilir ki, Akademiyanın akademik-katibi vəzifəsinə görə Akademiyanın vitse-prezidentinə bərabər tutulur. Öz fəaliyyətini rəhbərlik etdiyi elmi katiblər vasitəsilə həyata keçirir, Rəyasət Heyəti aparatının tərkibindəki şöbələrin işini əlaqələndirir.

Bununla yanaşı Nizamnaməyə 11.9.1-ci bənd əlavə olunub.

Həmin bəndə görə, Akademiyanın Naxçıvan bölməsinin sədri vəzifəsinə görə Akademiyanın vitse-prezidentinə bərabər tutulur. Akademiyanın ümumi yığıncağında seçilmiş Naxçıvan bölməsinin sədrini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri həmin vəzifəyə təsdiq edir.