Prezident: Regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik

“Sizinlə biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə, çalışmağa...

Prezident: Regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik

“Sizinlə biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə, çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən söyləyib.

Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvlərinin gec də olsa, bəyanata müsbət münasibət bildirmələrinin əhəmiyyətindən danışan Prezident deyib:

“Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq”.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərik olduğunu da qeyd edərək deyib:

“O, bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik”.