Rövnəq Abdullayev Neft Daşlarında - Fotolar

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarının 70 illiyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olublar.

Rövnəq Abdullayev Neft Daşlarında - Fotolar
https://peyk.az

SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, şirkət rəhbərliyinin təmsilçiləri burada Neft Daşlarının yenidənqurulan helikopter meydançası sərnişin gözləmə zalının açılışında iştirak edib, Ulu öndər Heydər Əliyevin abidəsinin, 1957-ci il noyabrında Neft Daşlarındakı faciə zamanı həlak olan neftçilərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhid neftçilərin xatirə komplekslərinin önünə tər çiçəklər düzüb, “Heydər Əliyev Muzeyi”nə, yenidən qurulmuş stadiona, idman zalına və mədəniyyət evinə baxış keçiriblər.

SOCAR-ın prezidenti istehsalat sahələrində çalışan həmkarları ilə görüşərək, çağdaş neftçıxarma proseslərinin yeni çağırış və hədəfləri ilə bağlı onların fikirlərini öyrənib, müzakirələr aparıbr. R.Abdullayev Neft Daşlarının 70 illik yubileyi münasibəti ilə idarənin əməkçilərini təbrik edib, ölkə başçısının apardığı islahat kursu çərçivəsində şirkətin üzərinə düşən vəzifələrdən söz açıb, Neft Daşlarının strateji əhəmiyyətindən danışıb. O, deyib: “Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır. Azərbaycanın neft tarixinin bir çox görkəmli şəxslərin həyat yolu Neft Daşlarından keçib. Azərbaycan neftçilərinin bir neçə nəsli burada yüksək səviyyəli mütəxəssis kimi püxtələşib, dəyərli təcrübə qazanıb. Mən özüm də istehsalat fəaliyyətimə Neft Daşlarında başlamışam, burada çox dəyərli təcrübələr əldə etdim, özümə etibarlı dostlar qazandım”. 

Səfər çərçivəsində SOCAR-ın prezidenti və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşları zəhmətkeşləri ilə birlikdə nahar ediblər. Səfərin sonunda SOCAR-ın rəhbərliyi Çilov adasına da baş çəkib, 2015-ci ildə təbii fəlakət nəticəsində həlak olmuş həmkarlarının abidəsi önünə tər çiçəklər qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Neft Daşlarında yatağının istismar edilməsinin 70 illiyi münasibəti ilə nefçi kollektivi üçün konsert təşkil olunub.