Rusiya dünyanın hər yerinə zərbə-desant qrupları yollamağa hazırlaşır – VİDEO

Rusiya lazım olan məqamlarda planetin hər yerinə zərbə-desant qrupları göndərə bilmək üçün hazırlıqlar görür.

 Moderator.az-a istinadla xəbər veririk ki, bu barədə“Tsarqrad” telekanalına hərbi ekspert Aleksey Leonkov danışıb. O, Rusiyanın vertolyot daşıyan gəmilər tikməyinin səbəblərindən və bunun dənizdə hansı üstünlüklər yaradacağından danışıb. Ekspert qeyd edib ki, Suriyadakı əməliyyatlarda Aralıq dənizindən quruya canlı qüvvənin çıxarılması zamanı yaşanan problemlər Rusiyanın lazım olan yerə lazımi məqamda desant çıxarma sahəsində ABŞ-dan geri qalmasını üzə çıxarıb.

2011-ci ildən Rusiya Fransadan “Mistral” vertolyot daşıyan gəmiləri almaq haqqında müqavilə bağlasa da, 2015-ci ildə Ukraynadakı olaylarla bağlı rəsmi Paris həmin müqaviləni pozub. Bundan əlavə, Suriyadan sonra artıq beynəlxalq terrorçuluq və s. üzbəüz qalan digər ölkələrdən, o cümlədən Afrika dövlətlərindən yardım sifarişləri gəldiyindən Kremlin bu sahəyə xüsusi diqqət ayırması vacib hesab olunur. Vertolyot daşıyıcıları da məhz istənilən məqamda planetin istənilən yerinə zərbə-desant qruplarını çatdırmaq məqsədilə qurulur.